Ölkə 13:05 03.12.2019

BDU-nun xəstəxanaya yerləşdirilən tələbələrinin kimliyi və qoyulan diaqnoz açıqlandı (YENİLƏNİB)

Bakı Dövlət Universitetinin (BDU) qastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) xəstəxanaya yerləşdirilən iki tələbəsinin kimliyi məlum olub.

Trend-in məlumatına görə, Kliniki Tibbi Mərkəzə yerləşdirilən tələbələr - 1999-cu il təvəllüdlü Ramazanova Məryəm Feyzulla qızı və 1999-cu il təvəllüdlü Məmmədova Aygün Xəlil qızıdır. Hər iki tələbə axşam kirayə yaşadıqları evdə yeməkdən sonra özlərini pis hiss edib. Məlumata görə, tələbələrdən biri "Hotdoq", digəri isə "pirojki" yeyib. Özlərini pis hiss edən tələbələr təcili yardıma müraciət ediblər.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, tələbələr qastrentologiya şöbəsinə yerləşdiriliblər: "Tələbələrdə zəhərlənmə aşkarlanmayıb. Onlar mədə-bağırsaq pozuntusu ilə xəstəxanaya gətirilib və onlara kəskin qastroenterit diaqnozu qoyulub. Hər iki xəstənin vəziyyəti normaldır".
 
11.57
 
Bakı Dövlət Universitetinin (BDU) iki tələbəsinin vəziyyəti pisləşib.

Səhiyyə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata əsasən, bu barədə məlumat təcili yardıma saat 08.15 də daxil olub. 

Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.