Ölkə 16:56 30.10.2020

Belə əsgəri olan Ordu qalib olmazmı?.. – Hospitaldan reportaj

Müharibə başlayandan içimdəki boşluğa yer tapa bilmirəm. Özümü gah döyüş bölgəsində, gah da hansısa hərbi hissədə tapıram. Yetər ki, bir qatqı olsun, yetər ki, bir köməyim dəysin. Bu günlərdə "X” rayonunun hospitalına getmişdim. Risk edib içəri girə bilmirdim. Həyətdəki oturacaqda oturdum.


80-85 yaşlarında bir nənə hospitalın həyətini süpürürdü. Süpürdüyü zibili səliqəylə toplayıb atdıqdan sonra gəlib yanımda oturdu. Su təklif etdim.


- Suycan ömrün olsun, bala, - deyib aldı.

- Nənə, burda çoxdan işləyirsiz?

- Müharibə başdıyannan, a bala.

- Nə qədər maaş alırsınız?

- Bııy, Allah səni güldürsün. Nə maaşı? Mən süpürgəçi dəyiləm haa. (Başındakı örpəyinin bir ucunu ağzına tutub güldü). Mən belə özxoşuma gəlirəm burda yatan balalarıma qulluq edəm. Əlimdən bu gəlir də, süpürürəm ki, balalarım təmiz yerdə gəzsin.


Birdən şəhərdə tanıdığım bəzi adamlar gəldi xəyalıma. İlahi onlar necə bir zövqdən, necə bir ali mərtəbədən məhrumdurlar...


Hospitalın elə ilk mərtəbəsinə daxil olanda elə bil birdən-birə müharibə filiminin içinə düşürsən. Nərdivanlara qədər yaralı əsgərlər, qışqırıq, inilti. Yemək qazanları ilə gələn kənd adamları...

 

Əslində bu gəlişimin səbəbi vardı. Ordaki tanış həkimlə danışanda nəyə ehtiyac olduğunu soruşmuşdum, o da bir əsgərimizin ayağını bərkitmək üçün "mil"lərdən ibarət qəribə bir dəmirin lazım olduğunu və onu heç cür tapa bilmədiklərini demişdi. Dostların sayəsində yığılan pulla - 1500 manata onu alıb aparmışdım.

 

Həkimi yaralıların otağında tapdım. Ayaqüstü bir az söhbətləşdik, istədiyini təhvil verəndə uşaq kimi elə sevindi ki! Elə bil öz ayağı xilas olacaqdı... Məni belə unudub həmən əsgərin yatdığı otağa götürüldü.


Bayaqdan dayanmadan qışqıran bir oğlan vardı. Səbəbini soruşdum. Dedilər, başından kontuziya alıb. Çarpayısının ayaq tərəfindəki üstü yazılı kağızı oxudum: Rəşidzadə Oruc Qudrət oglu. 06.26 .2000.


Qubadlı rayon Xələc kənd sakini.

 

Bu yaşda qazi olar?


Oruc plemyotçudur, müharibədən öncə hərbi xidmət dövründə bir neçə təltifnamə, təşəkkürnamə ilə dönüb evə. Müharibə başlayanda isə anasının və körpə bacısının son ümid yeri olmasına baxmayaraq, "cəbhədə mənim kimi işini bilən kadrlara daha çox ehtiyac var" deyərək, könüllü hərbi xidmətə yollanıb. Orucun özü ağrıların, düşdüyü hadisənin şokundan danışa bilməsə də, otaqda onu tanıyanlar deyir ki, bütün döyüşlərdə öndə gedənlərdən olub. Mərd, qeyrətli, dostu darda qoymayan, hamıya görə ölümü gözə alan olub. Ona görə düşmənin onu ələ keçirmək, məhv etmək arzusu daha çoxuymuş.


Bu günlərdə Laçın dəhlizi uğurunda gedən döyüşlərdə Oruc yoldaşları ilə birgə üç silah-sursat dolu maşınla döyüş bölgəsinə yollanırmış. Ortada gedən maşındaymış oruc. Hansı ki, düşmənin hədəfə aldığı maşın da məhz o maşınmış.

 

Təsəvvür edin, silah-sursat dolu maşını hədəfə almaq nə deməkdir və o partlayışın içindən sağ çıxmaq nə...


O partlayışla o maşının içindən heç kimin sağ çıxmayacağından əmin olan digər iki maşın hədəfə tuş gəlməmək üçün sürətlərini artırıb uzaqlaşıblar hadisə yerindən.

 

Ancaq demək ki, onun missiyası bitməyib hələ! Oruc o maşından sağ çıxıb. Və o halı ilə sürünərək neçə kilometr yol gəlir, özünü əsgərlərimizin görə biləcəyi yerə qədər gətirir.

 

Hadisənin şokundan tanış həkimin sevinclə "Çinarə, kömək etdiyin əsgərin valideyinləri səni görmək istəyir", - deməsi ayıltdı məni.

 

- Orucun nəyi var? Sağalacaq?

- Ağır kontuziya alıb, qulaq pərdələri cırılıb, boynunu, ayaqlarını hiss eləmir. Amma o partlayışdan sağ çıxardan burdan da sağ çıxarar.

- Bəs niyə?..

- Ağrılar... Belə həssas yanaşsan, ölərsən ki sən. Gəl gedək, səni görmək istəyənlər var.


Otaqdan çıxıram, ancaq dəhlizin ortasında fikrimi dəyişirəm. Otağa geri dönüb Orucun fotosunu çəkirəm. Əli ilə məni çağırır.


- Paylaşma, hərbi qaydalara ziddir...


Bir adam həyatını itirmək üzrəykən belə hərbi qaydalara riayət edirsə, niyə də bu ordu qalib gəlməsin axı?..


Çinarə Ömray