Ekonomiks 10:44 06.08.2014

Benzinin qiyməti yenidən qalxdı - YENİLƏNİB

01:44

“Premium” markalı benzin 97 qəpiyə satılır   

Avqustun 7-dən ölkədə benzinin qiymətində dəyişiklik olacaq. MediaPost.az-ın məlumatına görə, artıq Bakıda və rayonlardakı yanacaqdoldurma mərkəzlərinin bir çoxunda “Premium” markalı benzin müştərilərə 97 qəpikdən satılıb. 

Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilib. Aİ-92 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.70 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində saxlanılacaq. Artıq qiymət dəyişikliyikləri ilə bağlı bütün benzindoldurma məntəqələrinə məlumat verilib.


10:44


Azərbaycanda “Premium Euro-95” markalı benzinin qiyməti artıb.

“APA-Economics”in məlumatına görə, ölkəyə xaricdən gətirilən və qiyməti bundan əvvəl 93 qəpiyə satılan bu növ yanacaq 4 qəpik artaraq 97 qəpik olub.
 
Ölkədə geniş yanacaqdoldurma məntəqələrinə (YDM) sahib olan şirkətlərdən “APA-Economics”ə verilən məlumata görə, qiymət artımı bu gündən etibarən baş verib.
 
“Lukoyl Azərbaycan” şirkətindən bildirilib ki, “Premium Euro-95” markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin tövsiyə etdiyi qiymətə uyğun olaraq satır: “Bildiyiniz kimi, bu növ yanacaq sərbəst qiymətlərlə satılır və gecə saatlarından etibarən qiymət 97 qəpik təşkil edib”. 
 
“Azpetrol” şirkətindən “APA-Economics”ə bildiriblər ki, sözügedən yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir: “Azərbaycanda yalnız iki şirkət - ARDNŞ və “Azpetrol” “Premium Euro-95” markalı benzinin ölkəyə gətirilməsi ilə məşğuldur. “Azpetrol” adıçəkilən benzin markasını Yunanıstandan idxal edir. Dünya bazarında neftin qiymətində baş verən artım “Premium Euro-95” markalı benzinin satış qiymətinə təsirini göstərib”. 
 
Qeyd edək ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

Qaynar.info