Hüseynbala Səlimov
Siyasət 10:45 23.04.2019

Bəs deyirdilər Ukraynada faşizimdir?

Hüseynbala Səlimov

Ukraynadakı prezident seçkilərinin artıq birinci turundan çox şey aydınlaşsa da yenə də ikinci turu gözləməyi qərara aldıq. 

Bir tərəfdən düşündük ki, bəlkə P.Poroşenko digər namizədlərin səslərini öz tərəfinə çəkə bildi, halbuki bunun ehtimalı olduqca az idi, çünki inanılası deyildi ki, məsələn, Y.Timoşenkonun seçiciləri səslərini durub Poroşenkoya vermiş olsunlar.

Doğrusu, şəxsən bizim də daha çox ehtiyat etdiyimiz bu idi ki, iki Maydan yaşasa da, tədricən Avropa ölkəsinə çevrilsə də və indiyədək bir neçə demokratik seçki yola salsa da, hər halda, Ukrayna da "sovet şineli”ndən çıxmış” ölkədir və belə ölkələrdə hakimiyyətdə olanların seçkini "udması” daha çox təsadüf edilən praktikadır, çünki bu ölkələrdə bütün sivil üsullar effekt verməyəndə "daha sınanmış üsul” – "administrativ resurslardan istifadə etmək üsulu” (əslində isə seçkiləri saxtalaşdırmağın mədəni adı) işə düşür...

Amma xoşbəxtlikdən bunların heç biri olmadı, ölkə demokratik yolla özünün növbəti prezidentini seçdi və bizim diqqətmizi çəkən bu oldu ki, növbəti prezident əslən yəhudidir və bu detal indiyədək Ukrayna haqda səslənən qarayaxmalara, böhtanlara, guya bu ölkədə şovinist-millətçiliyin kultunun yaranması, ölkənin tədricən faşizmə yuvarlanması haqda deyilən bütün yalanlara ən tutarlı cavab oldu–buyurun, "faşizm” deyərək qaraladığınız bir quruluşda insanlar demokratik şəkildə yəhudi əsilli, üstəlik də "ənənəvi siyasətçi və ya oliqarx kastası”na aid olmayan bir adamı özlərinə prezident seçirlər!.

Bu məsələnin bir tərəfidir, özü də çox vacib tərəfidir. Digər vacib nəticə isə budur ki, iki Maydan və ən azı son vaxtlarda keçirilən bir neçə prezident seçkisi bunu deməyə əsas verir ki, keçmiş sovetlər məkanında daha bir demokratik dövlətlər qrupu formalaşır. Bəli, bu, məşhur GUAM üçlüyü – Gürcüstan, Moldova və Ukraynadır. 

İndiyədək əski sovet məkanında demokratiya üç Baltik ölkəsilə məhdudlaşırdı və çoxu güman edirdi ki, uzun müddət elə belə də qalacaq –hesab olunurdu ki, yalnlz Baltik ölkələrinin cəmiyyətlərinin demokratik quruluş yaratmaq və onu yaşatmaq üçün zəruri potensialı vardır. 

Amma budur, daha üç keçmiş sovet respublikası politoloqları öz konsepsiyalarına bir daha nəzər salmağa, onları təzələməyə vadar edirlər; üstəlik belə bir mifi dağıdırlar ki, "demokratiyaya hazır olmayan” cəmiyyətlər yoxdur, olsa – olsa demokratiyaya hazır olmayan hakimiyyətlər olur ki, onlar hakimiyyətdə qalmaq üçün min bir mif uydururlar və bu miflərdən biri də elə budur ki, guya hansısa xalq və ya cəmiyyət hələ demokratiyaya hazır deyil, sanki bu adamların kimlərinsə demokratiyaya hazır olub-olmamasını ölçmək üçün tərəzisi və ya xüsusi qurğusu var. 

Odur, bir daha deyərdik ki, bir seçkilə Ukrayna cəmiyyəti neçə mifi dağıtdı. Hələ heç onu demirik ki, daha bir mif də "məmur və ya oliqarx kastası”na aid olan siyasətçilərin hər şeyə qadir olmasıdır. Bəzən hətta demokratik Qərbdə belə politoloqlar getdikcə artan seçki xərclərini analiz edərək gileylənirlər ki, demokratiya tədricən plutodemokratiyaya, yəni xalqın hakimiyyətindən varlıların hakimiyyətinə çevrilməkdədir. 

Amma həm Qərbin öz təcrübəsi, həm də Ukrayna kimi gənc ölkələrdə, özü də oliqarxlar üçün meydan sulamağa daha çox şərait olan bir ölkədə insanlar hansısa oliqarxa deyil, adi şoumenə səs verirlər...

Daha nə demək olar? Bu da çox yanlış fikirdir ki, guya Ukrayna iki Maydan, bir neçə demokratik seçki yaşasa da yerində saymaqla məşğuldur. Qətiyyən belə deyil– oxuduqlarımız, bu ölkəyə gedib-gələn insanlaradan eşitdiklərimiz deməyə əsas verir ki, heç də belə deyil, ölkə inkişaf edir. Bəli, ola bilsin, V.Yuşşenko və yaxud da P.Poroşşenko heç də bütün vədlərini həyata keçirə bilmədilər. Əslində hər yerdə belə olur - əgər bütün siyasətçilər dediklərinin hamısını etsəydi, daha heç problem qalmazdı ki! 

Real həyatda əlbəttə, belə olmur, amma seçkidən seçkiyə ölkə yavaş – yavaş inkişaf edir, insanların rifahı yüksəlir, azadlıqlar çoxalır. Buna demokratiya biliciləri Adam Smitin ardınca "demokratiyanın gizli əli” deyirlər – bəli, siz demokratiyaya mane olmayın, qalan hər şeyi o, özü nizamlayacaq...