Bəri başdan deyim ki, bu xüsusda, yəni hər şeyin fövqündə dayanan, bəzən ən demokratik yolla seçilmiş liderləri belə əzib keçən "dövlət maşını” və ya "dərin dövlət” anlayışları konteksində çox mübahisələr gedir.
Demokratik təmayüllü politoloqlar və siyasi təhlilçilər bütün bunları tamam-kamal inkar edirlər. Amma dünyada reallıqlar da var, üstəgəl, konspirologiyaya köklənən və ən müxtəlif yozumlarda "gizli sövdələşmə” nəzəriyyəsinə arxalanan və bir daha deyirik ki, hər şeyi bununla yozan siyasət və politologiya əhli də az deyil.
Bəlkə də oxucu deyəcək ki, bu adam bütün bunları niyə deyir? Məgər bizə masonlar haqqında, "dərin dövlət” haqqında və gizli sövdələşmə barədə yazılmış cild-cild kitablar azlıq edirmi? Əlbəttə, belə soruşan çox haqlı olacaq, amma bircə haşiyə ilə: ABŞ-da növbəti prezident seçkisi olacaq bu il və bir az əvvəldə dediklərimiz indiki məqamda heç vaxt olmadığı kimi aktualdır, çünki mübarizə artıq indidən iki qoca arasında gedir, hərçənd, onlardan biri – qırx beşinci prezident Donald Tramp öz yaşından elə də gileylənmir.
Amma bunu digər qoca – Bayden haqqında demək olmur, çünki bu adam tez-tez təkcə nə demək lazım olduğunu unutmur, həm də adi hərəkət orientasiyasını belə saxlaya, müəyyən edə bilmir. Bir sözlə, Cozef Bayden adi yox, lap çarəsiz qocadır. Odur ki, bizə desələr ki, bu adamın dövlət işlərində, heç olmasa, 10-15 faizlik iştirakı var, buna qəti inanmarıq.
Onda təbii bir sual yaranır burada: bəs bu adamın əvəzinə kim prezidentlik edir? Demokratlar niyə görə bu çarəsiz qocanın ətəyini buraxmırlar? Bax, burada "dövlət maşını”, "dərin dövlət” anlayışları yada düşür. Demokratlar partiyasına Bayden bir fiqur kimi, simvol kimi lazımdır, işləri isə onun əvəzinə bayaq dediyimiz "dövlət maşını”, "dərin dövlət” görür, onun əvəzinə başqaları, məsələn, Bayden cənablarının bir neçə dəfə aşaraq prezident adlandırdığı K.Harris və ya digərləri prezidentlik edirlər. Əsas odur ki, Bayden ənənəvi ABŞ "maşınının” siyasi, iqtisadi və geosiyasi kursuna mane olmur: Rusiya ilə müharibə aparır, onu çökdürməyə çalışır, NATO-nu gücləndirir və onun sıralarını artırır, hətta Cənubi Qafqazı və buradakı uzaq Ermənistanı unutmur. Biz hələ Yaxın Şərqi demirik! "Dərin dövlət”ə, bir daha deyirik ki, cənab Bayden fiqur, simvol və ya fasad-vitrin kimi lazımdır – guya ki, ABŞ-ı demokratik yolla seçilmiş prezident və hamının tanıdığı leqal hakimiyyət və hökumət idarə edir!
Amma yenə də sual yaranır ki, bəs doğrudanmı, ABŞ siyasi cəhətdən bu qədər qısır ölkədir ki, bu əli-ayağı əsən, hara istiqamət götürəcəyini belə müəyyən edə bilmyən çarəsiz qocadan savayı birisini tapa bilmir? Məsələ də bundadır ki, tapa bilmir və bizə elə gəlir ki, uzun illərdən bəri ilk dəfədir ki, ABŞ-ın "dövlət maşını” ilə cəmiyyətin ölkənin siyasi, iqtisadi və geosiyasi kursuna baxışı haçalanıb–cəmiyyət bir cür düşünür, idarə edənlərsə tamam başqa cür...
Odur ki, sıravi insanlar-seçicilər öz hədəflərinə çatmaq üçün hətta başqa bir qocaya – Trampa səs verməyə hazırdırlar. Bəli, bu adam ABŞ siyasətində kardinal dəyişikliklər etmək istəyir, NATO və Aİ ilə, ABŞ-ın geosiyasi rolu və hədəflərilə bağlı ənənəvi yanaşmalardan tamam fərqli baxışlar sərgiləyir.
Amma cəmiyyətdən fərqli olaraq, ənənəvi ABŞ "dövlət maşını” bunu istəmir, "dərin dövlət” bir daha Trampı hakimiyyətə buraxmaq istəmir – ona görə ki, onlara hakimiyyətdə "Putinin dostu” yox, düşməni lazımdır. Zarafat deyil, ABŞ trilyolnlar xərcləyərək dünya ağası olub, NATO kimi hegemon blok yaradıb, haradasa Aİ kimi geoiqtisadi nəhəng formalaşdırıb, təkcə elə bu günlərdə Ukraynaya on milyardlarla dollar həcmində hərbi yardım təsdiqləyib! İndi nə etsinlər? Donald Trampı hakimiyyətə buraxaraq bütün bunlardan bir günün içində imtina etsinlər? Bəs onda dünyaya səpələnmiş yüz minlərlə hərbçi, onların bazaları, silah və sursat istehsal edən minlərlə hərbi zavodlar, nəhəng hərbi-sənaye kompleksləri neyləsin?..
Hüseynbala Səlimov
Şərhlər