Xəbər lenti

Putinin dostu tərəfindən yaradılmış şirkət “Lukoyl”un xarici aktivlərini alacaq
Dünya 17:45 30.10.2025

Putinin dostu tərəfindən yaradılmış şirkət “Lukoyl”un xarici aktivlərini alacaq

ABŞ sanksiyalarına məruz qalan Rusiya neft şirkəti "Lukoyl” öz xarici aktivlərini beynəlxalq xammal treyderi "Gunvor” şirkətinə satacaq. Şirkətin məlumatına görə, məhz "Gunvor” bu alış təklifilə özü çıxış edib. "Əqdin əsas şərtləri tərəflər arasında əvvəlcədən razılaşdırılıb. "Lukoyl” təklifi qəbul edərək başqa potensial alıcılarla danışıqlar aparmamaq öhdəliyini götürüb”.

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin mətbuat relizində deyilir.

Söhbət LUKOIL International GmbH şirkətinin 100 faiz səhmlərinin alınmasından gedir. Aktivlər sanksiyalara görə satışa çıxarılıb. "Renessans Kapital” analitikləri bu aktivlərin dəyərini endirimləri nəzərə almaqla 3–4 milyard dollar həcmində qiymətləndirirlər. "Lukoyl”un mətbuat xidməti bildirib ki, əməliyyatın həyata keçirilməsi — yəni bağlayıcı müqavilənin imzalanması üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsindən (OFAC) icazə almaq lazım olacaq.
Bundan əlavə, digər ölkələrdə də razılıqlar tələb oluna bilər. Belə olan halda tərəflər OFAC-dan əməliyyat başa çatana qədər mövcud lisenziyanın müddətini uzatmağı xahiş edəcəklər.

"Gunvor” şirkəti 1997-ci ildə isveçli iş adamı Türbyorn Törnkvist və Rusiya prezidenti Vladimir Putinə yaxın milyarder Gennadi Timçenko tərəfindən təsis olunub. Uzun müddət ərzində şirkət Rusiya neftinin xaricə ən iri satıcısı olub və dünyanın üç ən böyük neft treyderindən biri sayılıb. Krımın ilhaqı və ABŞ sanksiyalarının tətbiqindən əvvəl Timçenko şirkətdəki bütün paylarını tərəfdaşına satmışdı. ABŞ Maliyyə Nazirliyi iddia edirdi ki, Putin "Gunvor”da investisiyalara malikdir və şirkətin vəsaitlərinə çıxışı var.

"Lukoyl” hasilat həcminə görə Rusiyada ikinci yerdədir. Şirkət həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Misir və BƏƏ, eləcə də Latın Amerikası, Qərbi və Mərkəzi Afrika ölkələrində yataqların işlənməsi layihələrində pay sahibidir. Ona Bolqarıstan, Rumıniya və Niderlandda neft emalı zavodları, həmçinin Avropa İttifaqında yanacaqdoldurma məntəqələri şəbəkəsi məxsusdur. "Lukoyl”un xarici aktivlərinin ümumi dəyəri təxminən 10 milyard dollar təşkil edir. Şirkətin sahibi biznesmen Vahid Ələkbərovdur — o, 28,7 milyard dollarlıq sərvəti ilə Rusiya milyarderləri arasında birinci yerdədir.

ABŞ prezidenti Donald Tramp 22 oktyabrda Kremlin Ukraynada müharibəni dayandırmaqdan imtinasına görə "Lukoyl” və "Rosneft” şirkətlərinə, eləcə də onların törəmə müəssisələrinə qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi bu şirkətlərlə əməliyyatları dayandırmaq üçün bir aylıq müddət müəyyənləşdirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->