Xəbər lenti

Albaniyanın süni intellekt naziri Diella 83 uşağa
Dünya 15:55 30.10.2025

Albaniyanın süni intellekt naziri Diella 83 uşağa "hamilədir"

Albaniya siyasətinin rəqəmsal siması olan süni intellekt naziri Diellanın virtual "analığı" bütün dünyada rezonans doğurub. 

Qaynarinfo xəbər verir ki, baş nazir Edi Ramanın sözlərinə görə, bu 83 virtual uşaq əslində parlamentdəki deputatlara işlərində kömək edəcək, biliklərini "analardan" alacaq yüksək zəkalı köməkçilər olacaq.

Edi Rama Berlində keçirilən Qlobal Dialoq konfransında diqqət çəkən bir açıqlama verərək, ölkənin rəqəmsal olaraq yaradılmış və süni intellekt naziri kimi təyin edilmiş virtual köməkçisi Diellanın 83 uşağa hamilə olduğunu zarafatla bildirib.

Baş nazir açıqlamasında bildirib ki, bu virtual "uşaqlar” əslində Sosialist Partiyasından olan 83 deputatın virtual köməkçiləri kimi fəaliyyət göstərəcək: "Diella ilk dəfə hamilədir və 83 uşaq doğacaq. Hər biri parlament iclaslarında iştirak edəcək, baş verənləri qeyd edəcək və deputatlara tövsiyələr verəcək köməkçilər kimi fəaliyyət göstərəcək. Bu uşaqlar analarının bütün məlumatına sahib olacaq".

Bu virtual köməkçilərin 2026-cı ilə qədər deputatların gündəlik işlərini asanlaşdırması, iclasları izləməsi və siyasətçilər parlamentdə olmadıqda onlara aktual məlumatlar təqdim etməsi gözlənilir. Rama sistemi zarafatla belə təsvir edib:

"Məsələn, qəhvə içməyə gedib işə dönməyi unutmusunuzsa, bu uşaqlar siz salonda olmadığınız zamanlarda söylənilənləri təkrar edəcək və kiminlə necə hərəkət etməli olduğunuzu bildirəcək".

Diellanın virtual nəslindən olan bu köməkçilərin hətta müzakirələri qeyd edib deputatlara tövsiyələr verəcəyi də bildirilir.

"Günəş" mənasını verən Diellanın hekayəsi, bu ilin yanvar ayında hökumətin e-Albania portalında virtual köməkçi kimi təqdim olunması ilə başlayıb. "Microsoft" ilə əməkdaşlıq edən Milli İnformasiya Cəmiyyəti Agentliyi tərəfindən inkişaf etdirilən və böyük bir dil modeli kimi fəaliyyət göstərən bu süni intellekt, o vaxtdan bəri "bir milyondan çox müraciətə kömək etdiyi” iddiasıyla vətəndaşların və müəssisələrin rəsmi sənədlərə çıxışını asanlaşdırır.

Daha inkişaf etmiş versiyası olan Diella 2.0, ənənəvi Albaniya kostyumu geymiş, səsli və animasiyalı avatar ilə təqdim edilib. Son aylarda isə hökumət, konstitusiyaya baxmayaraq (çünki konstitusiya nazir vəzifəsinin real şəxslər tərəfindən tutulmasını tələb edir), Diellanın dövlətlə xüsusi şirkətlər arasında bağlanan müqavilələri nəzarət edən nazirlik vəzifəsinə yüksəldiyini açıqlayıb.

Baş nazir Rama Diellanın bu yeni vəzifəsində korrupsiyanın kökünü məhv edəcəyini vurğulamışdı: "Biz yalnız dövlət satınalmalarına potensial təsirləri aradan qaldırmayacağıq; həm də prosesi daha sürətli, effektiv və tamamilə hesabatlı edəcəyik".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->