Gəncədə oğurluq etdiyi obyektdə saxlanılan kababçıya hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş Rəşad Nurəddin oğlunun Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Rəşad Gəncə şəhərində müxtəlif restoranlarda kababçı işləyib. O, maddi imkanı zəif olduğu üçün Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən "Nəhəng Daş" ticarət mərkəzindən oğurluq edib. Əvvəllər orada kababçı işlədiyi üçün ticarət mərkəzindəki giriş-çıxış yerlərini tanıyırmış.
O, dəmir qoruyucusu olmayan obyektin arxa giriş qapısını vintaçanla açıb. Təqsirləndirilən şəxs ticarət mərkəzindən əvvəlcə 1650 manat məbləğində geyimlər oğurlayaraq Bakıda, 20 Yanvar metrosunun yaxınlığında satıb.
Üzərindən bir neçə gün keçdikdən sonra Rəşad yenidən sözügedən ticarət mərkəzindəki mağazaların birindən 2425 manat dəyərində geyim və müxtəlif ziynət əşyaları oğurlayıb. Növbəti oğurluq zamanı mərkəzin mühafizəçiləri tərəfindən saxlanılıb. Məlum olub ki, təqsirləndirilən şəxs içki alüdəçisi olduğu üçün oğurluq hadisəsini törədib. Zərərçəkmiş tərəflərə dəymiş ziyanı ödəyib.
Məhkəmənin hökmü ilə Rəşad Nurəddin oğluna 2 gün həbsdə saxlanılması nəzərə alınaraq, 1 il 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına təyin olunub. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Aydın
Şərhlər