Nərgiz Xələfova iki qızı və beş azyaşlı nəvəsi ilə doqquz ildir Lökbatan qəsəbəsində yerləşən şəhər qəbiristanlığında yaşayır. Əslən Xaçmaz rayonundan olan Nərgiz uzun illər əvvəl Bakıya köçüb. Ailə vəziyyətinin ağır olması ilə əlaqədar Binəqədi rayonundakı evini sataraq burada yaşamağa məcbur olub.
Baku TV-nin əməkdaşları Nərgiz Xələfovanın yaşadığı qəbiristanlığa yollanıb.
O bildirib ki, ata-baba yurdu olan Xaçmaz rayonunda torpaq sahələri də var. İmkansızlıq səbəbindən orada ev tikə bilmirlər:
"Ölən adamın yorğan-döşəklərini gətirib yumuşam. Onun üstündə yatırıq".
Müsahibimiz vəziyyətlə bağlı müvafiq qurumlara da müraciət edib.
Hazırda heç bir rayonda qeydiyyatda olmayan səkkiz nəfərlik ailənin heç bir yerdən gəliri yoxdur.
Nərgizin bir neçə ay əvvəl həyat yoldaşından rəsmi olaraq ayrılan qızı isə beş uşağı olmasına baxmayaraq, aliment ala bilmir. Problemlə bağlı həm Nərgiz, həm də qızı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, onların şikayətlərinə baxılmayıb.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlik əməkdaşları dərhal əraziyə gələrək problemlə yerindəcə tanış oldular. Qurum rəsmilərinin sözlərinə görə, ailənin sosial yardım alması üçün müvəqqəti yaşayış yeri üzrə sənəd verilməlidir.
Daha sonra ailə ilə birlikdə Qaradağ rayon İcra Hakimiyyətinə və rayon məhkəməsinə yollansaq da, suallarımızı cavablayan məsul şəxs tapılmadı.
İcra başçısının müavini isə çəkiliş etdiyimizdən xəbərdar olaraq arxa qapıdan çıxıb binanı tərk etdi.
Məsul qurumların məsələyə bu cür laqeyd yanaşması beş azyaşlının yaşadığı ailənin taleyini sual altında qoyur.
Ümid edək ki, reportajımızdan sonra problemlə maraqlananlar tapılacaq. Mövzu diqqətimizdədir.
Şərhlər