Xəbər lenti

Beynəlxalq Banka kim sahib çıxacaq? (TƏHLİL)
Qadir İbrahimli
Ekonomiks 11:22 10.09.2018

Beynəlxalq Banka kim sahib çıxacaq? (TƏHLİL)

Qadir İbrahimli

Noyabrın 7-də maliyyə naziri Samir Şərifov bildirib ki, Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var: "Bankın özəlləşdirilməsinə ilk növbədə məsləhətçi cəlb olunmalı, bankın biznes strategiyası hazırlanmalıdır. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar Bankın aktivlərini əldə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər”.

Beləliklə, Azərbaycanın bank nəhənginin özəlləşdirilməsi ilə bağlı proses canlanıb. Bankın aktivləri 9 milyard manat həddində qiymətləndirilir və bank sisteminin 32-33 faizinə nəzarət edir. Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin korrupsiya maraqları, konkret desək, bankın pullarını mənimsəməsi səbəbindən bank müflisləşmə həddinə gəldi, yalnız dövlətin müdaxiləsi sayəsində böhrandan xilas ola bildi. Dövlət bankın xarici borclarını öz üzərinə götürdü, daxili borcların həlli isə Mərkəzi Banka "tapşırıldı”.

Borclar isə kifayət qədər çox idi - 3 milyard dollardan çox (5 milyard manatdan çox) xarici borc. Eyni zamanda 10 milyard manat dəyərində qiymətləndirilən bankın toksit aktivləri isə dövlətin zəmanəti əsasında Mərkəzi Bankın vəsaiti hesabına "Aqrarkredit” QSC-yə ötürüldü.
Başqa sözlə, burada ümumilikdə 15 milyard manatdan (9 milyard dollara yaxın) söhbət gedir ki, bu da dövlət büdcəsi xərclərinin (23 milyard manat) 65 faizi deməkdir.

Təbii ki, istənilən qiymətə özəlləşdirmə bu məbləği dövlət büdcəsinə geri qaytarmayacaq – Beynəlxalq Bankın səhmələrinə iddia edən investor köhnə rəhbərliyin oğurladıqlarını görə təzminat ödəmək öhdəliyi yoxdur və ola da bilməz. Dövlət özəlləşdirmədən yalnız o effekti əldə edə bilər ki, proses şəffaf aparılsın və bankım səhm paketinə ciddi investorlar yiyələnsin. Çünki zəifləməsinə baxmayaraq Beynəlxalq Bank yenə də ölkənin ən nəhəng bankı olaraq qalır və onun çöküşü bank sistemi üçün ağır fəsadlara səbəb ola bilər.

S.Şərifov deyir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da Beynəlxalq Banka maraq göstərməkdə davam edir: "Düşünürəm ki, onlar fikirlərini dəyişməyiblər. Amma EBRD rəsmiləri də ilkin şərt kimi bankın yeni biznes modelinin hazırlanması fikrini səsləndirirlər”. 

Fikrimcə, maliyyə nazirinin adını açıqladığı ilk iddiaçı bizim tələblərimizə və arzularımıza cavab verir. Təbii ki, hər bir şəxs sistem əhəmiyyətli bankın məhz belə bir ciddi maliyyə qurumu-investor tərəfindən alınmasını və nəhayət dövlət büdcəsinin bu yükdən də xilas olmasını dəstəklənməlidir.

Məlum olduğu kimi, EBRD-nin bu sahədə böyük təcrübəsi var, Rumuniya, Bolqarıstan və digər ölkələrdə bank özəlləşdirilməsində analoji fəaliyyətləri olub.

Digər tərəfdən, Azərbaycanın bank bazarına yeni avropalı oyunçunun daxil olması həm də faktiki olaraq fəaliyyətləri "exchange” və lombardla məhdudlaşan bank sektorumuzun inkişafına da xidmət edər, ölkəyə yeni innovativ xidmətlər, mobil bankçılıq, distant bank xidmətləri kimi ən son yeniliklər gətirilər.

Mərkəzi Bank sədrinin hətta iqtisadçıların belə anlamaqda çətinlik çəkdiyi açıqlamalarına rəğmən bank sistemi müştərilərinə modern xidmətlər təklif edə bilmir. EBRD tipli investorların gəlişi modern xidmətlərin tətbiqini stimullaşdıra bilər.

Beləliklə, Beynəlxalq Bankın səhm paketinin EBRD kimi ciddi investora keçməsini arzulayırıq, ancaq C.Hacıyev tipli yerli investorları da istisna etmək olmaz.

Mənbə: Ekonews.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->