Beynəlxalq olimpiadanın Azərbaycan birincisi: “Medaldan cəmi 10-11 addım geri qaldıq”

Beynəlxalq olimpiadanın Azərbaycan birincisi: “Medaldan cəmi 10-11 addım geri qaldıq”

"BİO tarixində cəmi 5 medalımız olduğuna görə, təcrübəsini bizimlə bölüşəcək biri yoxdur. Buna görə də, şagirdlərimizi bu yarışa həm psixoloji, həm də praktiki hazırlayacaq ekspert sayı azdır”.

Bu sözləri azedu.az-a açıqlamasında ölkəmizi 31-ci Beynəlxalq İnformatika Olimpiadasında təmsil edən Murad Eynizadə deyib.

O, builki yarışda Azərbaycan komandasını təmsil edən şagirdlər arasında ən yüksək balı toplayıb. 232 balla 177-ci yerdə qərarlaşıb. Təmsilçimiz ölkəmizin medal qazana bilməmə səbəblərindən danışarkən bir sıra səbəbləri əsaslandırmağa çalışıb:

"Ötən il komanda yoldaşım Abutalıb medala yaxın idi. Medalı cəmi 7 yerlə əlindən qaçırdı. Bu il isə ikimiz də medalı 10–11 yerlə əldən verdik.

Bilirsiz, bu sözü mənə valideynlərim, müəllimlərim də deyir. Deyirlər ki, nə qədər hazırlaşsaq da, bəxtin də önəmi var. Məncə, bəxtimiz gətirmədi. Amma inanıram ki, bu təcrübələrimizlə daha yaxşı hazırlaşaraq növbəti illərdə ölkəmizə medal gətirəcəyik”.

O, yüksək göstəricisi ilə fərqlənən ölkələrdən də söz açıb. Bildirib ki, qalib ölkələrdə texnologiyanın tarixi də qədimdir:

"Onlarda informasiya texnologiyaları daha yaxşı inkişaf edib. Bunu bağlanış mərasimində də dəfələrlə qeyd etdilər. Bu ölkələr əvvəlki illərdə də BİO qalibi olduqlarına görə, təmsilçlərinə dərs deyə biləcək, təcrübələrini bölüşəcək müəllimləri var. Bu müəllimlər elə keçmiş BİO qalibləridir. Bizim isə BİO tarixində cəmi 5 medalımız olduğuna görə, təcrübəsini bizimlə bölüşəcək biri yoxdur. Buna görə də, şagirdlərimizi bu yarışa həm psixoloji, həm də praktiki hazırlayacaq ekspert sayı azdır”.

Murad Eynizadə onu da qeyd edib ki, ölkəmizdə keçirildiyinə görə, bu il BİO-ya əvvəlki illərlə müqayisədə daha çox önəm verilir:

"Həm də başa düşürük ki, neçə ildir medalımız yoxdur. Fikrimcə, bu qaydada davam etsək, hazırlıqları daha da intensivləşdirsək, növbəti illərdə mütləq medal qazanacayıq”.

Qeyd edək ki, nəticələrə əsasən, Azərbaycanı təmsil edən Murad Eynizadə ümumilikdə 232 balla 177-ci yer, Abutalıb Namazov 232 balla 179-cu,  Fərhad Əzimov 164 balla 246-cı, İbrahim Tağızadə isə 122 balla 279-cu yerdə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR