Xəbər lenti

Beynəlxalq qızlar günü: qızların təhsildən uzaq qaldığı 10 ölkə (SİYAHI)
Ölkə 22:44 11.10.2017

Beynəlxalq qızlar günü: qızların təhsildən uzaq qaldığı 10 ölkə (SİYAHI)

İnkişaf etmiş ölkələrdə təhsil sistemi ilə bağlı, bu sitemində hansı prioritetlərə üstünlük verilməsi məsələləri müzakirə edilirsə, inkişafda olan bəzi ölkələrdə isə qoyulan məsələ daha sadədir: uşaqlar məktəbə gedə bilirlərmi?

"Qaynarinfo" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, ötən on il ərzində dünyanın ən yoxsul ölkələrində məktəbə daxilolmaların sayının artırılması istiqamətində "sıfır faiz irəliləmə" müşahidə olunub. UNESCO isə dünyada 600 milyona yaxın uşağın ən sadə hesablamaları belə bilmədiyini, oxuyub-yazma bacarıqlarından məhrum olduqlarını açıqlayıb.


Qərb ölkələrində qızlar məktəbdə oğlanlardan daha yaxşı nəticələr göstərdiyi halda, Afrikanın xüsusilə mərkəz hissələrində qız uşaqları demək olar ki, məktəbə getmirlər.

Bu gün beynəlxalq qız uşaqları günüdür. Bəs qız uşaqlarının təhsildən uzaq olduğu 10 ölkə hansıdır?

Müharibə və qarşıdurmaların olduğu ölkələrdə yoxsulluq, səhiyyə problemləri, aclıq və köç kimi problemlər uşaqların təhsil almasına maneçilik törədir. Bəzi qızlar məktəbə getməkdənsə işləmək məcburiyyətində qalır, digərləri isə təhsilə yiyələnmədən ərə verilirlər.


BMT-nin məlumatlarına görə, münaqişə bölgələrində qız uşaqlarının təhsil problemi oğlan uşaqlarına nisbətən 2 dəfə çoxdur.

Araşdırmalar aşağıdakı bəndlər əsasında aparılıb:

İbtidai məktəbə gedə bilməyən qızların nisbəti

Orta məktəbə gedə bilməyən qızların nisbəti

İbtidai məktəb məzunu olan qızların nisbəti

Orta məktəb məzunu olan qızların nisbəti

Qızların neçə illik təhsil almalarının ortalama nisbəti

Oxuyub yaza bilən qızların nisbəti

Müəllimin təhsil səviyyəsi

Müəllimlərin sayının uşaqların sayına nisbəti

Təhsilə dövlət xərcləri

Vətəndaş müharibəsinin hər şeyi məhv etdiyi Suriya kimi bəzi ölkələrdə qızların təhsili ilə bağlı dəqiq məlumat toplamaq çətindir.


Qızların təhsil almasının ən çətin olduğu 10 ölkə:

1. Cənubi Sudan: Dünyanın ən yeni yaranan ölkələrindən biri olsa da, buranın savaş və münaqişəsiz dövrlərini xatırlamaq çox çətindir. Ölkədə qızların 25 faizi ibtidai məktəbə belə getmir.

2. Mərkəzi Afrika Respublikası: Hər 80 tələbəyə yalnız bir müəllim düşür.

3. Niger: 15-24 yaş arası qadınların yalnız 17% -i savadlıdır.

4. Əfqanıstan: Qızlar və oğlanlar arasında təhsil nisbəti çox böyükdür.

5. Çad: Qızların təhsilinin qarşısında böyük sosial və iqtisadi maneələr durub.

6. Mali: Qızların 38 faizi ibtidai məktəbi bitirə bilmir.

7. Qvineya: 25 yaşdan yuxarı qadınların təhsilə ayırdığı müddət bir ildən azdır.

8. Burkina Faso: Qızların yalnız 1 faizi orta məktəbi bitirə bilir.

9. Liberiya: İbtidai məktəb çağında olan hər üç uşaqdan ikisi məktəbə gedə bilmir.

10. Efiopiya: Hər beş qızdan ikisi 18 yaşına çatmamış ailə qurur.

BMT-nin araşdırmalarına görə, dünyada 60 milyona yaxın müəllimə ehtiyac var. Əgər 2030-cu ilə qədər 69 milyon müəllim kadrı yetişməzsə, beynəlxalq təşkilatların təhsillə bağlı öhdəlikləri havada qalacaq.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->