Xəbər lenti

Bəzən doğru nəticə, yanlış arqument
Rəşad SƏFƏR
Sənət 16:30 29.02.2024

Bəzən doğru nəticə, yanlış arqument

Yazmaq istədiyim mövzularla bağlı bir neçə kitab oxumaq, ən azından təkrar vərəqləmək, bəzi şeyləri dəqiqləşdirmək lazım olur. Bu həftə planlaşdırdığım yazını nagəhan xəstəlik yarımçıq qoydu. Adı qripdir, özü nəsə başqa şeydir. Pis adamlar kimi bu qriplərin də lap pis, qəddar, ortabab, ürəyində bir az Allah xofu olan növləri var. İndiki qəddar olanındandır. Son vaxtlar ortalıqda gəzən nədirsə, deyəsən, dörd ildir sərhədləri bağlayan o lənətə gəlmiş bundan daha abırlıdır. 

İnsan xəstələnəndə kövrəkləşir, mən bir az artıq kövrəkləşirəm. Kənardan baxan elə bilər, qrip deyil, xərçəngdir, həm də terminal mərhələdə. Adamı ruhdan salan şeylər haqqında düşünürəm. Fanilik, ölüm, geridə nə qaldı, irəlidə nə olacaq və ilaxır bu kimi həqiqi, amma dramatizm dozası artırılmış məsələlər. Ağrıyan can, qızdırmalı bədən başqa mövzuları düşünməyə imkan vermir. 

İnsan xəstələnəndə həm də xeyli milliləşir (gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı??). Şəxsən mən xəstələnəndə əgər mütaliəyə halım varsa, yerli mətnləri oxuyuram. Ən çox da yerli şeirləri; ya oxuyuram, ya da qulaq asıram. Qızdırma otuz doqquzu keçəndə Süleyman Rüstəmin qəzəlləri də xoş gəlir. Yerli filmlərə baxıram. Əcnəbi musiqilər yox, muğam dinləyirəm.  Amma bu dəfə muğamatda şeirdəki kimi səviyyəni salmadım, Şahmalı Kürdoğluda dayandım. Deyirəm, bəlkə, milli olanı öz canımızda səssiz daşıdığımız üçün onu dərk etməkdə, ondan həzz almaqda xüsusi əqli fəaliyyətə, əlavə zəhmətə ehtiyac duymuruq. Buna görə də xəstə bədən az enerji, çox həzz prinsipinə keçir. 

Şahmalı Kürdoğluna qulaq asıb ölüm, fanilik, keçmiş, gələcək kimi mövzuları düşünəndə düşüncənin bir ucu istər-istəməz bu mövzuların ədəbiyyatda, elə sənətin bütün sahələrində işlənməsinə gedib çıxdı. Bu düşüncə də haçalanıb ümumiyyətlə sənətdə mövzu məsələsini xatırlatdı. 

Fikir vermisinizsə, yazılı və şifahi ədəbi müzakirələrimizin, mübahisələrimizin əsas predmeti dil və mövzudur. Estetik problemlər, forma və məzmun haqqında yox, məhz "dil” və "mövzu” barədə danışırıq, həm də ümumi sözlərlə. Forma və məzmun, estetik elementlər müzakirə ediləndə bu sözlərin, anlayışların özünü əvvəlcə başa düşmək, sonra onu açıqlamaq, sonra sənət əsərinə tətbiq etmək, buradan nəticələr çıxarmaq xeyli məlumat və zəhmət tələb edən işdir. Sənət fəlsəfəsindən, estetik subyektin-obyektin, estetik yanaşmanın, estetik həzzin nə olduğundan az-maz baş çıxarmaq lazımdır. 

Amma biz rahat yolu seçirik. Dil haqqında danışanda "yaxşıdır-pisdir”, "redaktəyə ehtiyac var”, "çox köhnə dildir”, "dili çox qurudur, sünidir” deyib yola vermək olur. Söhbətə mövzudan girəndə də "sənin nə işin var bu mövzuda, get öz temalarını yaz”, "bu mövzu on doqquzuncu əsrdən qalıb”, "niyə gördüyündən yazmırsan”, "bu ki kənd (şəhər) mövzusudur” deyib müəllifi yerə soxmaq da olur, göyə qaldırmaq da. Ortada isə bir dənə doğru-dürüst arqument olmur. Ara qarışır, məzhəb itir. Bu səbəbdən, yekunda formalaşan təfəkkür kateqorik olur: pisdir-yaxşıdır. Orta yoxdur. 

Həm də bu səbəbdən bəzən bir əsər haqqında gəlinən qənaət, yəni yekun məhkəmə aktı doğru olsa da, nəticəyə aparan arqument yanlış olur. Fikrimi yuxarıda dediyim "mövzu” vasitəsilə izah edim. Məsələn, əlli yaşında bir yazıçı dənizdən roman yazır. Yazıçı həyatının ilk iyirmi ilini dağın başında yaşayıb, iyirmi il dənizdən xəbəri olmayıb. İndi düşüb aşağı, otuz ildən sonra dənizdən roman yazıb. Kitabı oxumadan ilk mühakimə belə olur: sən dağ adamı olmusan, dənizdən nə yaza bilərsən axı? Oxuyandan sonra bəyənilmir və yekun rəy: zay romandır. Niyə? Arqument: çünki dağ adamıdır, götürüb dənizdən yazıb. Romanı oxuyuram. Haqlıdırlar, roman alınmayıb. Bilinən formalardan birinin zəif təqlidi var, mövzuya hakim deyil, mövzuya məzmun vermək üçün başqa bilgiləri, intellektual bazası yoxdur. Nəticədə zəif əsər alınıb. Yəni, gəlinən qənaət doğrudur, əsər zaydır. Amma arqument yanlışdır. 

Əlli yaşlı adamın dəniz haqqında yaxşı yaza bilməməyinin əsas səbəbi anadan olandan iyirmi il dağın başında yaşamağı deyil. Əsas səbəbi odur ki, dağdan endiyi otuz ildir, hələ də dağdan başqa heç nə bilmir, bütün dünyası hələ də dağdan ibarətdir. Bu azmış kimi, dənizdən roman yazır, amma canına əziyyət verib dənizi yaxından tanımağa çalışmır. Dəniz haqqında ətraflı öyrənmir. Bu da azmış kimi, artıq onun mövzularının dağ yox, dəniz olduğunu, özünün də artıq dağların yazıçısı yox, dənizlərin yazıçısı olduğunu iddia edir. Bəlkə, öz gücünü dəqiq hesablayıb elə dağ mövzusunda qalsaydı, başqa cür ola bilərdi, ən azından, öz meydanında rahat oynaya bilərdi. Amma iddialı davranıb. Davransın. İddia yaxşı şeydir, lakin gərək haqqını verəsən. Yəni, problem iddianın özündə deyil, haqqını verməməkdədir. Bilmirəm, arqumentlər arasında fərqi izah edə bildim, ya yox. 

Birinci arqumentin ("dağ adamı olduğu üçün dənizdən yaza bilməz (bilmir)”) problemi ondadır ki, əvvəla, məhdudlaşdırıcıdır, sanki dağda yaşamış heç bir insan heç vaxt dəniz haqqında yaxşı yaza bilməz. Hətta yazmağa cəhdin özü də ayıbdır. Dağda yaşamış başqa insanlar artıq indidən özlərini yığışdırsınlar, ağıllarının ucundan belə keçirməsinlər… Bizdə indi kimsə peşmandır, nəsə yeni, fərqli mövzulara, fərqli texnikalara can atsın, dərhal gözümçıxdıya salınır.

İkincisi, çox yumşaq desək, qeyri-etikdir. Ümumiyyətlə, hər hansı sənət adamına hansısa mövzunu diqtə etmək, bunu yazma, onu yaz, bunu çəkmə, onu çək, söyləmək tərbiyəsizlikdir (bunu yumşaq yaza bilmədim). Özüm də arada kəmhövsələlik edib bu cür tərbiyəsizliyə yol verirəm. Təbii ki, sənətdə xeyli yol qət etmiş, ağsaqqal bir ustad şəyirdinə tövsiyələr verə bilər ki, özünü bu mövzularda sınasan, yaxşı olar. O, ayrı məsələ. Ancaq kim nə istəyir, özünü harada görür və ya sınamaq istəyir, buyursun. Nədən yazır yazsın, əsas məsələ yaxşı yazmaqdır. Biz oxuduğumuz mətnlərə, baxdığımız filmlərə təmənnalı yanaşırıq. İnancsız biri dini mövzulu, ruhaniliyi zəngin mətndən diksinir, yaxud tərsinə. Zehnində yalnız qoyun-quzu olan yazıçı oxuduğu hər mətndə gözləri qoyun-quzu axtarır. Özünü şəhərli elita sayan rejissor filmlərdə, kitablarda şəhər mövzusu görməyəndə ürəyi bulanır. Qatı turançının qulaqları musiqilərdə bozqurdun ulartısını axtarır. Yəni, əsərə münasibətimizi onun digər əsas elementləri yox, məhz mövzu müəyyənləşdirir və o mövzunu da öz dünyagörüşümüzlə məhdudlaşdırırıq. Belə kor baxış bucağı ucbatından  dünyagörüşümüzə xitab edən mövzuları mütləq həqiqət, xitab etməyənləri isə sənətdən uzaq, mənasız, boş hesab edirik.

Üçüncüsü də, əsaslandırıla bilməyən, zəmini möhkəm olmayan arqumentdir. Əksini sübut edən, dağdan enib dənizdən də, səhradan da gözəl əsərlər yaratmış onlarla nümunə gətirmək olar. Yaxud sabah biri dağdan enər, dənizdən gözəl bir roman yazar, ya da artıq yazıldığını sənə göstərər, ağzını açıb söz deyə bilmərsən. 

Əslində, birinci arqumentin müəlliflərini də anlayıram. Bizim dağdan enib dənizdən yazanlarımızın əksəriyyəti dənizdən-dünyadan bixəbər, savadsız, dağdan başqa dünya tanımayanlar olur deyə, elə kənardan baxanda yaranan təəssürat dağdan düşənin dənizdən yaza bilməyəcəyidir. Amma bunu olduğu kimi ifadə etməyəndə, anlayışları qarışdıranda gözləmədiyimiz başqa problemlər ortaya çıxır. Halbuki bir problemin tənqidi minimum həmin problemin həllinə yönəlməlidir, başqa problemlərin ortaya çıxmağına səbəb olmamalıdır. 

Rəşad Səfər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->