Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda keçiriləcək "Neftçi" - "Qarabağ" matçının biletləri 50 manata satışa çıxarılıb.
"Neftçi" klubunun biletləri bu qiymətə satması "Qarabağ" azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.
Sport7.az saytına danışan "İmarət" fan-klubunun rəsmisi
Elnur Quliyev "Neftçi"nin bu addımı "Qarabağ" azarkeşlərinə mane olmaq üçün atdığını bildirib:
"Oyuna "Qarabağ" azarkeşi az gəlsin deyə belə ediblər. Öz azarkeşlərinə biletləri pulsuz paylacaqlar. "Neftçi" tərəfi "Qarabağ"ın onların meydanında kubok qaldırmasını həzm edə bilmir. Xal baxımından öndə olduqları vaxtlarda düşünürdülər ki, son turda "Qarabağ"la oyunda özləri kubok qaldıracaqlar. Ancaq alınmadı. Hər cür varianta əl atdılar. Kobud da olsa, loru dildə bir söz var... "Özünü axırıncı yola qoymaq"... "Neftçi" artıq özünü axırıncı yola qoyub. Maneəçilik törətmək üçün hər bir varianta əl atdılar. Bizdə bir məlumat var. Bunu sizə açıqlayıram. Polisə də əvvəlcədən tapşırıq verib, ajiotaj yaradıblar. Güya onlarda olan məlumata görə, "Qarabağ" azarkeşləri problem yaradacaqlar. Polisləri təlimatlandırıblar ki, "Qarabağ" azarkeşlərinə maksimum problem yaratsınlar.
Digər tərəfdən də, "Neftçi" "Qarabağ"ın oyunun məkanının dəyişməsinə razı olmamasını həzm edə bilmir. "Neftçi" tərəfi özünü uşaq kimi aparır. Körpə uşaqlar edir belə, "mən də sənə acıq üçün belə edirəm" misalı. "Neftçi" özünə bunu yaraşdırır".
"Qarabağ" tərəfindən fan-kluba bilet almaq üçün dəstək olacaqmı?" sualına Elnur Quliyev klubdan cavab gözlədiklərini bildirib: "Kluba müraciət olunub. Hələ ki cavab yoxdur. Təbii ki, biz hazırlıqlıyıq. Demirəm hamı, ancaq azarkeşlərin böyük hissəsi gedəcək. Çünki ilk dəfə deyil "Qarabağ"ın oyununa öz hesabımıza gedirik. Bir məlumatı da diqqətinizə çatıdırm. Ağdamdan da azarkeşlər gələcək. Səhv eləmirəmsə, Ağdamın icra başçısı da oyuna gələcək".
Qeyd edək ki, "Neftçi" - "Qarabağ" oyunu bu gün saat 18:00-da "Bakcell Arena"da keçiriləcək.
Şərhlər