Ölkə 17:28 14.09.2021

Bir dövlət qurumu şəhid ailəsinə ev tikdi, o biri qurum gəlib cərimə yazdı...

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Regional İdarəsi başqa bir dövlət qurumunun - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astarada şəhid anası üçün tikdiyi evə görə şəhidin qardaşını cərimələyib. 

Bu barədə Qaynarinfo-ya Birinci Qarabağ müharibəsində itkin düşən, sonradan şəhid statusu verilən Babayev Aqil Sultanəli oğlunun qardaşı İnam Babayev bildirib. 

Onun sözlərinə görə, anası qəzalı vəziyyətdə olan evdə yaşayıb. 2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Astaranın Təngərüd kəndində iki otaqlı ev tikərək şəhidin anasına təhvil verib: 

"Bu il İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Regional İdarəsinin əməkdaşları gəlib məni 300 manat cərimələyiblər ki, pay torpağında ev tikmisiniz. Cərimənin 100 manatını ödəmişəm”, - deyə şəhidin qardaşı əlavə edib. 

İnam Babayev deyib ki, torpaq onun adına olsa da, ev anası Telnisə Babayevaya məxsudur. 

Maraqlıdır ki, ev şəhidin anasının adına olduğu halda cərimə İnam Babayevə yazılıb. 

Şəhidin qardaşı həmçinin bildirib ki, evi özləri tikməyib: "Evi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tikib. Bu halda məni niyə cərimələyirlər?”
Qaynarinfo məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqə saxlayıb. Qurumdan İnam Babayevin cərimələnməsi təsdiqlənib. Eyni zamanda bildirilib ki, pay torpaqlarında tikinti işləri aparmaq qanunla qadağandır və İnam Babayev də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələnib. 

Xidmətdən evin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilməsinə şübhə ilə yanaşılıdğı deyilib: "Əks təqdirdə sözügedən nazirlik bizə torpağın təyinatı ilə bağlı sorğu göndərməliydi. Ola bilsin ki, həmin nazirlik maliyyə baxımından şəhid ailəsinə dəstək olub. Cərimə də ev tikilməmişdən əvvəl yazılıb. Orada cavabdeh qismində nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də başqa qurumlar olub. Ona görə də cərimə həmin şəxsin özünə yazılıb. Bununla belə, bu məsələ hazırda tam, hərtərəfli araşdırılır”, - qurumdan bildirilib. 

Seyid