Ölkə 16:15 04.12.2020

Bir fotonun tarixi: Əsgərimizdən inanılmaz qəhrəmanlıq hekayəsi...

Hər gün işğalçılara qarşı zəfərlə başa çatmış 44 günlük savaşda əsgərlərimizin göstərdiyi yeni bir qəhrəmanlıq hekayəsi ilə tanış oluruq.

Qaynarinfo bu dəfə Elgün Gəncimsoy adlı müəllifin yazdığı döyüş əhvalatını diqqətə çatdırır:

"Cəbhənin Tərtər istiqamətində qızğın döyüşlər davam edirdi. Düşmənin xüsusi ilə bu istiqamətdə yaratdığı beton istehkam qurğularını yarmaq üçün hər qarışa qan tökmək lazım idi. Ancaq müzəffər Azərbaycan Ordusu qanı bahasına düşmənin müdafiə səddini yararaq tapşırılan bir neçə yüksəkliyi azad etmişdi. 

İgid əsgər Talış kəndinə və Suqovuşan yoluna dərinlikdən nəzarət etmək üçün Ağuçuq yüksəkliyinə çıxıb. Həmçinin dəniz səviyyəsindən 1300 metrdən artıq yüksəklikdə yerləşən zirvəsini azad etməlidir ki, Ağuçuq zirvəsinə olunan əks həmlələr səngisin və əlaqə yolları vurulmasın. Bölmələr hərəkətə başlayır. Onları atəş altında saxlayan düşmənin 82 mm-lik minaatan batareyası məhv edilir, yolboyu geri çəkilən işğalçı ordunun canlı qüvvəsi vurulur. 
Sözügedən əraziyə "Qaranlıq meşə" deyirlər. Buranın təmizlənməsi barədə general-mayor Hikmət Həsənova məruzə olunur. Komandir şəxsi heyəti strateji yüksəkliyi azad etməli münasibəti ilə təbrik edir. 

Meşə o qədər qalındır ki, burada müşahidə 20 metrdən artıq deyil. Düşmənin 022 saylı xüsusi təyinatlı hərbi hissəsinin qəfl basqını baş verir. Yaxın məsafədə başlayan açıq döyüşdə yüksəkliyə çıxarılan bir tankımız sıradan çıxır. Ancaq ağır döyüşdə şəxsi heyət itkisi olmur. Polkovnik-leytenant (ŞƏHİD) Əfqan Əbdürəhmanov, polkovnik-leytenant (ŞƏHİD) Soltan Məmmədov və Mayor Bəhruz Qələmiyev oradakı qüvvəni yenidən cəmləyərək müdafiə mövqeyi qurur. Bir neçə saat ərzində düşmənin üç əks həmləsinin qarşısını alır. 

...Bir saatandan artıq olar ki, ərazidə tam sakitlikdir. 

Həmlə taborunun şəxsi heyəti və yuxarıda adları çəkilən zabitlər növbəli şəkildə istirahət edirlər. Qəflətən hərbi texnika səsi eşidilir. Texnikaya qarşı döyüşməyə sursat demək olar ki, tükənib. Təminat isə yoldadır. Mövqelərin qarşısında düşmənin PDM-2-si peyda olur. İgid döyüşçülərimiz nə edəcəyini bilmirlər. PDM isə durmadan atəş açır. Ümidlərin puç olduğu, hər kəsin Şəhid olmağa hazırlaşdığı zaman mövqedən çıxıb geri qaçan əsgər diqqət çəkir. Hamı onun döyüşdən qaçdığını zənn edir. Lakin o, aralıda olan BTR-ə minərək onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürür. Ermənin PDM-2 heyəti nəyin baş verəcəyini anlayana qədər əsgərimiz idarə etdiyi BTR-i bizə atəş açan döyüş texnikasının üstünə "mindirib” onun qülləsinin hərəkətini məhdudlaşdırır. Bundan sonra Əfqan Əbdürəhmanov, Soltan Məmmədov mövqelərindən çıxaraq düşmən PDM-nə tərəf qaçaraq onun "lük"ünə əl qumbarası ataraq heyəti və içərisində olan altı nəfər düşmən desantını məhv edir. Partlayış nəticəsində baş verən yanğından bizim BTR-i xilas etmək olmur. Cünki toqquşma nəticəsində döyüş maşımızıda yaranmış nasazlıq buna imkan vermir. 

Beləliklə, şəkildə gördüyünüz mənzərə yaranır. 

Xeyli sayda canlı qüvvəmizin həyatını xilas edən BTR-i idarə edən 23 yaşlı Nəriman Atakişiyev isə hospitalda aldığı müalicədən sonra həyatı təhlükəni atlatmağı bacarıb.