Hüseynbala Səlimov
Siyasət 13:06 27.05.2019

Bir həftə qaldı: Ərdoğan geri çəkiləcəkmi?

Hüseynbala Səlimov

İlk baxışda belə təəssürat yaranmışdı və bu gün də həmin təəssürat qalmaqda davam edir ki, artıq hər şey həll olunubdur, Rusiyadan alınan S-400 kompleksləri Türkiyəyə gətiriləcək.

Hətta NATO-nun baş katibi Y.Stoltenberqin də Ankaraya səfəri heç nəyi dəyişmədi. 

Türkiyəyə Şimali Atlantika Şurasının iclasına gələn Y.Stoltenberq növbəti də bu komplekslərin Alyansın hava hücumundan müdafiə sistemilə uzlaşdırılmasının mümkün olmayacağını desə də rəsmi Ankara qərarının dəyişdiyinə dəlalət edən hər hansı açıqlama vermədi, əksinə belə deyildi ki, iyun və iyul aylarında kompleksin ölkəyə gətirilməsi prosesi başa çatacaqdır və hətta bildirildi ki, may ayında yüzə yaxın türk hərbçisi kompleksin işini öyrənmək üçün Rusiyada təlimlərə başlayacaq.

Əlbəttə ki, kompleksin alınmas və onun hətta Türkiyəyə çatdırılması belə hələ hər şey demək deyil. 

Amerika politoloqlarından biri bunu nəzərdə tutaraq demişdi ki, sistem alınıbdı və o, Türkiyəyə gətiriləcək, amma bu o demək deyil ki, qurğular qutularından çıxarılacaq...

Odur ki, Vaşinqtonun Türkiyəyə iki həftə vaxt verməsi haqqında düşünərkən həm amerikalı politoloqun sözləri, həm də Stoltenberqin bir sözü yadımıza düşür. NATO baş katibi demişdi ki, o, Ankara ilə Vaşinqton arasında Petriot sistemlərinin alınması haqqındakı danışıqlara böyük ümidlə baxır və bu da bizə onu güman etməyə əsas verir ki, ortalıqda alternativlər də var və Vaşinqton artıq Ankaraya öz sistemlərini  satmağı düşünür. 

Hələliksə ABŞ-la Türkiyə arasında diplomatik savaş olmasa da hər halda, diplomatik soyuqluq yaşanır. Vaşinqton Ankaranı 100 ədəd F-35 raketlərinin göndərilməməsilə və əlbəttə, iqtisadi sanksiyalarla hədələyir. 

Bəs bu düyünün açılışı necə olacaqdır? Çox çətin bir sualdır və məsələ həm də cari siyasi maraqlar üzündən bir az da qəlizləşir – hətta türkiyəli ekspertlər ara-sıra açıq işarə vururlar ki, ölkə hakimiyyəti öz maraqları ucbatından Kremlin əsirinə çevrilibdir. 

Burada heç sözsüz, R.Ərdoğanın öz maraqları da var. Ankara S-400-lərdən imtina etsə nə olacaq ki? Bir vaxtlar, hərbi təyyarənin pilotunun vurulması zamanı iki ölkə arasında yaşanan gərginlik yenidən təkrar olunacaqmı? Düşünmürük, çünki iki ölkə arasındakı ticarət balansını götürəndə Moskva Ankaraya daha çox məhsul və xidmətlər ixrac edir, nəinki əksinə. Elə bu səbəbdən S-400–lərdən imtina edilsə, heç də, necə deyərlər, dünya durub dağılmayacaqdır, çaylar tərsinə axmayacaq...

O ki qaldı Vaşinqtonun təzyiqlərinə, çətin ki, indiki vaxtda, ABŞ-la İranın böyük gərginlik yaşadığı bir məqamda amerikalılar Türkiyə ilə də münasibətləri tamam korrlamaq qərarına gəlsinlər. 

Amma o da var ki, ABŞ böyük Yaxın Şərq planı üzərində işləyir və İsrail-Fələstin məsələsini birdəfəlik həll etməyi nəzərdə tutan bu plana səhv etmiriksə, yay aylarında start verilməlidir və məlum məsələdir ki, bu plana əngəl törədəcək bütün amillər indidən neytrallaşdırılmalıdır. 
Bəli, məsələyə bu aspektdən yanaşanda R.Ərdoğan hakimiyyəti də çox güman ki, Vaşinqtonun nəzərindədir, çünki İsrailin regiondakı siyasətini son vaxtlar hamıdan çox tənqid edənlərdən biri də bizim rəsmi Ankaradı.

Bəzi təhlilçilər belə hesab edir ki, Ərdoğan yolun yarısından qayıtsa, daha yaxşı olar. Birincisi, ona görə ki, o, Vaşinqtonu həm özü, həm də ki ölkəsilə hesablaşmağa məcbur edə bildi: Vaşinqton R.Ərdoğanla dialoqa  hazırdır, üstəlik, əvvəlki vaxtlardan fərqli olaraq Petriotları da bu ölkəyə satmağa razıdır. Məgər məqsəd bu deyildimi?.. 

Əks halda yalnız Moskva bu ticarətdən udacaqdır. Birincisi, bunun maliyyə tərəfindən udacaq. İkincisi, bunun hərbi–texniki tərəfindən qazanacaq və Türkiyənin müdafiə sisteminin mühüm komponentinə giriş əldə edəcək; aydın məsələdir ki, komleksin quraşdırılması, onun istismarı ilə bağlı yarana biləcək problemlər Moskvanın tərəfinfən həll olunacaq. Üçüncüsü, Kreml Vaşinqtonla Ankara arasındakı soyuqluqdan da udacaq; ABŞ-la münasibətləri soyuyan Türkiyə Rusiyaya daha çox "sığınmalı” olacaq. Bəs bunun nəticəsi nə olacaqdır? 

Kreml Suriya hərbi-siyasi teatrında təşəbbüsü tamam ələ keçircək. Hazırda ABŞ-la yaşanan gərginlik Tehranın yadından demək olar ki, Suriyanı çıxarıbdır. Ankara da bu cür neytrallaşdırılsa, ABŞ tərəfindən ciddi təzyiqə məruz qalsa, onda o, da Suriyada zəifləyəcək. Elə Kremlin istəyi də bu deyildimi? Necə deyər, həm ticarətdə udur, həm siyasətdə...