Bir vaxt şəhərdəki tünlükdən şikayətlənirdik...

Bir vaxt şəhərdəki tünlükdən şikayətlənirdik...

Hüseynbala Səlimov

Belə görünür ki, yaxşılığın və bəxtəvərliyin limiti varmış, amma bədbəxtlik və pislik haqqında bunu demək olmur. Hər dəfə çətin bir durumda düşünürsən ki, əşi, bundan da pis ola bilərmi? Sonra elə bir vəziyyət yaranır ki, keçmiş üçün lap burnunun ucu göynəyir, düşünürsən ki, cəmi bir neçə gün, ya da ay bundan əvvəl dünyanın bəlkə də ən bəxtəvəri olmusan...

Bəli, mən bütün bu sözləri məhz koronavirusla bağlı deyirəm. Bir neçə ildir ki, hər yeni, növbəti ili yeni qriplə açdığımıza baxmayaraq, adamın heç ağlına gələrdimi ki, adı, hətta yuxularımıza belə girməyən uzaq bir Çin əyalətində hansısa qrip virusu meydana çıxacaq və on minlərlə insan ondan xəstələnəcək, minlərlə adam öləcək, bir - iki ayın içində virus on minlərlə kilometr qət edərək dünyanın 100 - dən çox ölkəsinə yayılacaq və Dünya Səhiyyə Təşkilatı məcbur olub onu pandemiya elan edəcəkdir?

Bəlkə də dünyanın siyasət, diplomatiya və hərb problemlərini həll edən bir neçə adamın bundan xəbəri vardı, amma milyardlarla insan tamamilə başqa qayğılarla yaşayır, gen-bol Çin malları alır və bir də arabir "səmaaltı ölkə” adlanan dövlətin hansısa başqa dövlətlər üçün daha "real təhlükə” olması haqqında siyasətçilərin və diplomatların bəyanatlarına, politoloqların və siyasi təhlilçilərin şərhlərinə qulaq asır, əsnəyə - əsnəyə televiziya kanallarını və ya radio tezliklərini dəyişir, hətta ağıllarına belə gətirmirdilər ki, elə bir gün gələcəkdir ki, yalnız Cindən gələn xəbərləri dinləməli olacaqlar...

Yox, mən konspirologiya, hətta geopolitika da həvəskarı deyiləm, demirəm ki, dünyadakı bütün bəlaların kökündə hansısa məxfi sövdələşmələr və planlar dayanır, xeyr, mənin anlamımda Dünya daha sadədir, üstəlik, daha sadə qaydalarla idarə olunur və bir çox bəlaların kökündə bizim öz məsuliyyətsizliyimiz dayanır. Həm də birinci gündən dəfələrlə yazmışam ki, ən əsas məsələ panikaya yuvarlanmamaqdı - əzəl gündən Azərbaycanda vəziyyət güclü nəzarət altındadır, burada yerli yoluxma mənbələri yoxdur, koronavirusa yoluxmuş bir neçə insan isə buna xaricdə olarkən tutulublar...

Düşünürük ki, bizdəki minimal risklər belə tezliklə tamam aradan qalxacaq. Bunun üşünsə əlbəttə ki, digər ölkələrdə, xüsusən də İranda və Avropa ölkələrində vəziyyətin stabilləşməsinə ehtiyac olacaqdır. Bu iki regionda xəstələyin daha çox yayılması düşünürük ki, müxtəlif səbəb və amillərlə bağlıdır. 

Məsələn, İranda bunun səbəbi daha çox tibbi savadsızlıq oldu –bəli, nə qədər qəribə olsa da! İndiki kimi yadımdadır ki, türkiyəli nazir dedi ki, biz onlara Qum şəhərini izolyasiya etməyi təklif etmişdik, amma onlar buna məhəl qoymadılar... Avropaya gəldikdə isə, burada asas səbəb odur ki, insanlar azadlığa və sərbəstliyə o qədər alışıb ki, qadağa və yasaqları çətin qəbul edirlər, odur ki, onlar indi azadlığın və sərbəstliyin bədəlini yaşayırlar... 

Amma əminik ki, İranda da, Avropada da vəziyyət tezliklə stabilləşəcək, Tehran artıq bəyan edib ki, epidemiyanın yayılmasının pik həddi arxada qalıb. Çindəsə vəziyyət artıq idarə olunan, nəzarətdə saxlanılan duruma çatmaqdadı –inşallah, bircə həftəyə bu ölkədən tamam fərqli, sevindirici xəbərlər alacağıq...

Bunları niyə deyirik? Biz yazı-pozu adamlarının da işi insanlara ürək-dirək, ümid verməkdir. İnanmazsınız, bir neçə gün keçib, amma mən bu şəhərin tünlüyü, sıxlığı, hətta tıxacları üçün darıxmışam. Rədd olsun bu epidemiya, qoy uşaqlar, tələbələr təzədən dərslərinə start versinlər, ölkə  ritmik həyatına qayıtsın...

Əminəm ki, tez bir zamanda elə belə də olacaqdır. Əgər Tanrı bizi bir daha sınamaq istəyirdisə, artıq yetərincə sınadı. Bu bir neçə gündə Volterin "Kandid”i mənim yadımdan çıxmayıbdı. Ona görə də ilk öncə gəlin panikaya düşməyək. Unutmayaq ki, yüz illərlə bundan əvvəl daha böyük və dəhşətli epidemiyalar olubdur, böyük şəhərlərin əhalisini ucdantutma məhv edibdir. Amma bəşəriyyət bunlarla bacardı və özünü saxlaya bildi...

İkincisi, daim Tanrıya şükür etmək lazımdır, çünki bizim azğınlığımız, Tanrıya sayğısızlığımız elə bəlalara yol aça bilər ki, həyatımızn ən ağır və məşəqqətli günləri bunların yanında bir heç olar...

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR