Xəbər lenti

Biri dövlət başçısı, biri hökumət: Putinlə Rəisi nəyi müzakirə edəcək?
Siyasət 18:45 17.01.2022

Biri dövlət başçısı, biri hökumət: Putinlə Rəisi nəyi müzakirə edəcək?

"Rəisi ilə Putin Cənubi Qafqazda yaranmış vəziyyətlə bağlı ortaq mövqe nümayiş etdirmək məsələsini müzakirə edəcəklər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Moskvada Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti İbrahim Rəisi arasında bu həftə ərzində olacaq görüşü dəyərləndirərkən deyib:

"Rusiya prezidentilə İran prezidentinin ranqı eyni deyil. Rusiya prezidenti dövlət başçısıdır. İran prezidenti isə hökumət başçısı funksiyasını icra edir. Ona görə də Rəisinin Moskvada daha çox Rusiya baş naziri Mişustinlə görüşü baş tutsa, onun əhəmiyyəti daha böyük olacaq”.
 
Ekspertin fikrincə, Tehran nüvə proqramı məsələsində Moskvadan dəstəyin davam etdirilməsini, ikincisi isə öz növbəsində Cənubi Qafqazla bağlı məsələdə ortaq mövqedən çıxış edilməsini istəyəcək:

"Moskvada bir sıra məsələlər müzakirə predmeti olacaq. İlk növbədə İran rəhbərliyi atom nüvə proqramı ilə bağlı Vyanada keçirilən görüşlərə Rusiyanın münasibəti və ondan dəstəyin davam etməsini istəyəcək. Cənubi Qafqazda yaranmış vəziyyətlə bağlı məsələlərdə ortaq mövqeyin nümayiş etdirilməsi də müzakirə oluna bilər. Zəngəzur dəhlizilə bağlı da tərəflər öz mövqelərini oxşarlaşdırmağa çalışacaqlar. Görüşdə Rusiya və İranın Qazaxıstandakı son hadisələri dəyərləndirmələri də gözləniləndir. Danışıqlarda habelə Ukraynaya görə perspektivdə Rusiyaya qarşı tətbiq oluna biləcək sanksiyalarla bağlı Tehranın ona verəcəyi dəstək, İranın iqtisadi vəziyyətinin ağırlaşması fonunda ikitərəfli ticari əməkdaşlığın inkişaf istiqamətləri də dartışılacaq”. 
Həmsöhbətimiz qeyd edir ki, tərəflər arasında iqtisadi əlaqələrin inkişafı məsələsi də danışıqlarda yer alacaq:

"İrana qoyulan Rusiya sərmayəsi çox aşağı səviyyədədir. İrana sanksiyaların tətbiqilə bir sıra iri Rusiya şirkətləri də oranı tərk edib. Ötən ilin son 9 ayında İranla Rusiya arasında ticarət dövriyyəsinin həcmi cəmi 1,6 milyard dollar olub. Ona görə hesab edirəm ki, perspektivdə neft-qaz, habelə müdafiə, hərbi sahədə əməkdaşlıqla bağlı məsələlər də müzakirə edilə bilər”.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->