İsrail, Böyük Britaniya və ABŞ kəşfiyyatının İrandan nüvə alimini oğurlayıb aparmasına dair yeni təfərrüatlar var.
İsrail mənbələri bildirir ki, alimin İrandan qaçırılmasını "Mossad” həyata keçirib. O, İsraildə dindirildikdən sonra bütün Avropadan keçirilməklə Britaniya adalarına , oradan isə Amerikaya aparılıb.
İran hakimiyyəti alimin yoxa çıxmasından tez duyuq düşüb və onun axtarışı üçün İnqilab Keşikçiləri Korpusunun xüsusi dəstəsi ayrılıb. Lakin həmin vaxt alim artıq İranda deyildi.
Qərbə işləyən bu alim Fransada olanda Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin agentləri hüquqi problemlə qarşılaşıblar. Baxmayaraq ki, ABŞ İranla nüvə sövdələşməsindən çıxmışdı, Britaniya bu razılaşmaya hələ də sadiq qalırdı. Ona görə də Mİ6 agentləri alimi Böyük Britaniyaya qeyri-leqal yolla, içərisində miqrantlar olan qayıqla göndərməyi qərara alıb.
Kəşfiyyatdakı mənbə "Sunday Express”ə bunları deyib: "Biz onu sadəcə olaraq təyyarəyə mindirə bilməzdik. Hərçənd bu qeyri-adi görünür, amma qərar qəbul edildi ki, agenti qaçqınlar qrupu ilə birlikdə qayıqda La-Manş boğazından keçirdək və ölkəyə daxil edək”.
Beləliklə, alim 11 iranlı qaçqınla birlikdə La-Manş boğazını qayıqla keçir. Onlar Yeni il ərəfəsində Böyük Britaniyaya çatırlar. Qayığın Duvra yan alması planlaşdırılırdı, amma axın rezin qayığı sahildən uzaqlaşdırıb və Lidd istiqamətinə aparıb. Orada qayıqdakıları sürətli avtobanda hərəkət edən yük maşını sürücüləri görüb və hakimiyyət orqanlarına xəbər verib.
Britaniya sahillərinə içərisində 12 iranlı qaçqının (9 kişi, iki qadın və 10 yaşlı uşaq) olduğu qayığın gəlişi o vaxt bu ölkə KİV-lərində geniş işıqlandırılıb. Sahilə polislər göndərilib, eyni zamanda Mİ6 agentləri də ora yollanıblar və alimi götürüblər. Agentlər deyiblər: "Bizi əmin etdilər ki, İran nüvə sazişinə əməl edəcək. Bu, yaxşı xəbərdir”.
Mİ6 tərəfindən dindiriləndən sonra iranlı alimi Mərkəzi Kəşfiyyat İdarəsi ABŞ-a aparıb.
***
Böyük Britaniya, ABŞ və İsrailin kəşfiyyat orqanları Yeni il ərəfəsində İrandan 47 yaşlı nüvə alimini oğurlayıb çıxarmaq üçün birgə əməliyyat keçiriblər. Virtualaz.org xəbər verir ki, bu əməliyyat haqda Britaniyanın "Sunday Express” qəzeti yazır.
Məlumata görə İrandan oğurlanaraq Qərbə aparılan nüvə alimi nəinki Tehranın nüvə proqramları haqda sirləri bilir, eyni zamanda bir neçə il əvvəl İranın məşhur nüvə alimi Mustafa Əhmədi Roşanın öldürülməsində də əli var. Roşani "Mossad”ın xüsusi əməliyyatı nəticəsində öldürülmüşdü.
Məlumata görə oğurlanan İran alimi Qərb kəşfiyyatına işləyirmiş və onun qaçırılması əmliyyatı barədə qərar ötən ilin oktyabrında, alimin ifşa edilməsi təhlükəsi yarananda qəbul edilib.
Bu əməliyyat əsasında dekabr ayında "Mossad” agentləri alimi İrandan çıxara bilib. Bundan sonra onu Mİ-6 agentləri onu qaçqınlar qrupu arasında gizlədiblər və La-Manş boğazından qeyri-leqal qaçqınların olduğu qayıqla Böyük Britaniya ərazisinə keçiriblər. Onun daha sonra Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən ABŞ-a aparıldığı bildirilir.
Aparılmış "söhbət” zamanı iranlı alim britaniyalı və amerikalı kəşfiyyat agentlərinə İranın nüvə proqramlarına dair qərblə razılaşdırılmış fəaliyyət planına əməl etdiyini deyib. Alimin dediyinə görə İranın Qum şəhərindən 240 kilometr məsafədə iki nüvə müəssisəsi var və orada nüvə başlıqlarının istehsalı mümkündür. Ancaq həmin mərkəzlər İranla nüvə sövdələşməsinin pozulacağı halda işə düşəcək. (Virtualaz.org)
Şərhlər