Xəbər lenti

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər (ARAŞDIRMA)
Sağlamlıq 14:03 05.12.2018

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər (ARAŞDIRMA)

Kolbasa və sosislərin ətdən deyil, xərçəng mənbəyi olan Çindən idxal edilən protein tozundan hazırlandığı iddia olunur...

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) kolbasa məhsullarının insan orqanizminə ən azı siqaret qədər zərər vurması və onkoloji xəstəliklər yaratması barədə dəfələrlə ciddi xəbərdarlıq edib. Belə ki, mütəxəssislər qida sənayesində işlənmiş ət məhsullarının xərçəng yaratma riskini araşdırıb, həftəyə iki və daha artıq sosiska yeyən qadınların süd vəzi xərçənginə tutulma riskinin dəfələrlə artmasını sübut ediblər.

O da məlumdur ki, hazırda kolbasa və sosislərin hazırlanmasında tam ət məhsulundan istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu "ətə” bənzətmək üçün külli miqdarda kimyəvi maddələr də əlavə olunur. Kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) məhsula xoşagəlimli xarici görünüş verməklə yanaşı, onun saxlanma müddətini artırır.

Kolbasa-sosis məhsullarına əlavə olunan digər zərərli maddə isə fosfatlardır ki, orqanizmdə kalsium və fosforun balansını pozur və nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir. Son illər də isə kolbasa və sosisləri hazırlamaq üçün heyvan tullantılarından və soyadan hazırlanmış protein tozundan istifadə geniş yayılıb.

Bu baxımdan tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesi sürətlənir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) da dəfələrlə xəbərdarlıqla çıxış edib. Buna baxmayaraq, bir çox ölkələrdə insan sağlamlığı üçün çox ziyanlı olan kolbasa və sosis məhsulları kütləvi şəkildə istehsal olunur və Azərbaycan da bu ölkələr arasında yer alır.

Yaxın və uzaq xaricimizdə kolbasa ilə bağlı vəziyyət necədir?

İddialara görə, hazırda dünyanın bəzi iri kolbasa istehsalçısı sayılan dövlətlərində kolbasa ətdən deyil, "poroşok”lardan - protein tozundan hazırlanır. Bu praktikadan istifadə edən dövlətlərin başında Rusiya və Çin gəlir. Avropa İttifaqı sərhədləri çərçivəsində bu cür "poroşok”lardan kolbasa hazırlamaq qadağan olunub. Türkiyədə "poroşok”lardan istifadə qadağan olunsa da, bu qadağalara tam riayət olunmur. Qırmızı ətin həddən artıq baha olduğu Türkiyədə istehsal olunan kolbasaların böyük bir qisminin "poroşok”lardan düzəldildiyi iddia olunur.

Çində kolbasa "poroşok”u hazırlanan zavod

İranda isə vəziyyət bir qədər fərqlidir. İslam ölkəsində "halal” kolbasa adətən Qazaxıstandan və hətta bəzi iddialara görə, Hindistandan gətirilmiş ətlərdən hazırlanır. Bu ətlər sənədlərə görə, Qazaxıstandan və başqa müsəlman ölkələrindən gətirilir. Əslində isə həmin ətlərin böyük qismi işbazlar tərəfindən Hindistandan Qazaxıstana, ordan isə İrana ixrac olunur. Sənədlərdə isə ətin mənşəyi müsəlman ölkəsi olaraq göstərilir. Yəni, "halal”...
 
Əldə etdiyimiz məlumatlara görə, iranlı işbazlar da kolbasanın hazırlanmasında Çin "poroşok”larından istifadə edirlər. Bu barədə bizə iranlı iş adamları ilə Qazaxıstandan İrana "halal ət” ixrac edən azərbaycanlı iş adamı bildirib. Onun sözlərinə görə, Qazaxıstandan "halal ət” Azərbaycandan keçərək İrana ixrac olur və İranın Azərbaycandakı səfirliyinin bəzi məmurları da bu ətin mənşəyindən xəbərdardırlar. Buna baxmayaraq, karlı biznes olduğuna görə onlar da bu işə müəyyən dəstək verirlər.Bildiyimiz kimi, Hindistanda inək müqəddəs hesab olunur və onun kəsilməsi qadağandır. Qocalıb ölən inəklərin ətini isə Hindistan işbazları donduraraq qonşu ölkələrə ixrac edirlər. Yəni faktiki olaraq, Qazaxıstandan İrana ixrac olunan ucuz ət Hindistandan gətirilən ölü inəklərin ətidir.
Ermənistandakı vəziyyətdən xəbərimiz olmasa da, Gürcüstanda da kolbasanın müəyyən bir qismi "poroşok”dan hazırlanır. Rusiya ilə isə vəziyyət özü-özlüyündə aydındır. Əldə etdiyimiz məlumata görə, Rusiyadan Azərbaycana gətirilən kolbasaların demək olar ki, hamısı Çin məhsulu "poroşok”dan hazırlanıb. Qeyd edək ki, rus kolbasaları hazırda ölkəmizdə ən bahalı satılan kolbasalardır. Eyni vəziyyət sosislərlə də keçərlidir.

Azərbaycanda istehsal olunan və idxal olunan bütün kolbasalar "poroşok”dur?

Onu da qeyd edək ki, Azərbaycanda kolbasaları böyük partiya ilə satılan kolbasa və farş məhsullarında təbii ət yoxdur. Hər kəsə məlumdur ki, Azərbaycanda kolbasa sexlərini təbii ətlə təmin edə biləcək qədər qırmızı ət istehsal olunmur. Hətta kolbasa istehsalını təmin edə biləcək toyuq və digər ağ ət məhsulları da istehsal olunmur. Azərbaycan qırmızı və ağ ətə olan ehtiyacının müəyyən hissəsini isə idxal vasitəsi ilə təmin edilir.

Bu halda təbii ki, bu qədər kolbasanın istehsalı üçün Azərbaycanda resursların olmadığı da aydındır. Ölkəyə idxal olunan ət məhsullarının isə kolbasa istehsalına cəlb olunmadığı da bəllidir.

Elə Azərbaycanda da zaman-zaman kolbasa və digər ət məhsullarının antisanitariya şəraitində istehsal olunması ilə bağlı məlumatlar yayılır. Ölkədə kolbasa, sosis və sardelka istehsalı sahəsindəki durumun daha acınacaqlı olduğunu meydana çıxaran kifayət qədər faktlar var. Və demək olar ki, hazırda kolbasa sexləri xərçəng və digər qorxulu xəstəlikləri yayan müəssisələr olaraq çıxış etməkdədir. Bunun əksini deyənlər ən azından öz istehsal müəssisələrini ictimaiyyət üçün açıq elan etməlidirlər.

Haşiyə: Xərçəng statistikası nə deyir?

Son illər Azərbaycanda xərçəng xəstəliyinin sürətlə artması müşahidə olunmaqdadır. Statistik rəqəmlər də bunu göstərməkdədir.

Statistikaya əsasən onkoloji xəstələrin sayı bu şəkildə artıb:

2010-cu ildə 7626 nəfər;
2011-ci ildə 8672 nəfər; 
2012-ci ildə 8645 nəfər;
2013-cü ildə isə 9064 nəfər;

2013-cü ildə ölkədə 34 681 nəfər, 2012-ci ildə 31 954, 2011-ci ildə 28 685 nəfər, 2010-cu ildə isə 28 052 nəfər onkoloji xəstə qeydiyyatda olub.

2013-cü ilin rəsmi statistikasına görə, 34 min 681 nəfər onkoloji xəstə qeydiyyatda olub və onkoloji xəstəlikdən ölüm göstəricisi 5 min 827 nəfər olub.

2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan onkoloji xəstələrin sayı 9543 nəfər olub. 2014-cü ildə Azərbaycanda 9556 nəfər onkoloji xəstə kimi qeydiyyata götürülüb.

2015-ci ildə isə Azərbaycanda belə xəstələrin sayı 40 653 olub. 2016-cı ildə isə 43 927 nəfər onkoloji xəstə qeydiyyatda olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci ilin statistikasına əsasən, Azərbaycanda 45756 xəstə bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatdadır. Onlardan 17149-u kişi, 28607-si qadındır.

2018-ci ilin əvvəlinə əhalinin hər 100 000 nəfəri hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 468 nəfər olub.

Gördüyümüz statistika özü-özlüyündə hər şeyi deyir və xərçəng xəstələrinin sayı ölkəmizdə hər gün artmaqda davam edir.

Mütəxəssislərin fikrincə isə xərçəng xəstəliyinin sürətlə artmasının əsas səbəbi qidalanma ilə bağlıdır. Bəs ölkədə istehsal olunan və ölkəyə idxal olunan "poroşok”lu kolbasalar bu statistikanın artmasında hansı faizə sahibdir? Açığı bu sualın cavabını biz bilmirik. Və sualın cavabını təbii ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən və Səhiyyə Nazirliyindən gözləyirik. Bu mötəbər qurumlar bunu araşdırmalı və suala aydınlıq gətirməlidirlər.

Kolbasa və sosiskalar necə hazırlanır?

Onu da xüsusi olaraq vurğulayaq ki, ölkəmizdə kolbasa və sosiska istehsal edən sexlər yağışdan sonra çıxan göbələk kimi artmaqda davam edirlər. Yəni, ölkəmizdə kolbasa və sosiska ən çoх istehlak olunan məhsullardandır. Çünki bu biznesdə doğrudan da "qaz vurub, qazan doldurmaq” var.

Xatırladaq ki, ayaqüstü qəlyanaltı kimi bu ət məmulatlarından hər birimiz istifadə edirik. Azərbaycanda kolbasa istehsalında mənşəyi bəlli olmayan, xəstə heyvan ətlərindən, bir sıra hallarda hətta ət əvəzinə heyvanların süd vəzi, yeli, dili, başı, hətta karton, kartof qabığından istifadə edilir. İstehsal prosesi antisanitariya şəraitində, xammal laborator yoxlama aparılmadan həyata keçirilir. Bu isə hələ yaxşı hal kimi qəbul olunmalıdır. Çünki qeyd elədiyimiz kimi, ən pis variant elə istehsalçılara fantastik qazanc gətirən "poroşok”lu kolbasalardır.

Bir neçə kolbasa şirkətlərində çalışan şəxslərin məlumatlarına əsaslanaraq qəti şəkildə iddia edə bilərik ki, bizə satılan kolbasa, sosiska və sardelkaların əksəriyyəti orqanizm üçün həddindən artıq ziyanlıdır və xərçəng kimi bir çox sağalmaz xəstəliklərin yaranmasına vəsilə olur. Halbuki insanlarımız bu məhsullardan məktəb bufetlərində, pivəxalanarda, şadlıq saraylarında və evlərində keyfiyyətli bilərək istifadə edirlər. Araşdırmalara görə, müasir dövrümüzdə quş peyinindən hidroliz edilərək ət alınır və zülala çevrilmiş peyinə rəng qatıb, kolbasa istehsal edilir.

Bununla yanaşı, kolbasa məhsullarının istehsalında donuz tullantılarından hazırlanmış protein tozlarından –"poroşok”lardan istifadə edilməsi barədə də məlumatlar var.

Bu protein tozları ilk əvvəllər Avropada donuzun tullantılarından alınırmış və əsasən fastfood sənayesində istifadə edilirmiş. Sonralar donuz tullantılarından və soya bitkisindən hazırlanan həmin "poroşok”lar ucuz başa gəldiyindən ikinci, üçüncü dərəcəli ölkələrin kolbasa istehsalçılarının diqqətini çəkib və beləliklə, həmin sahədə istehsal prosesinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Həmin donuz tullantısından, yaxud soyadan hazırlanmış, ət dadı verən "poroşok” suya və digər kimyəvi, konsorogen maddələrə qatılaraq "plyonkalalar”ın içinə doldurulur və satışa çıxarılır. Bundan başqa, həmin qarışığa kolbasa ətiri verən xüsusi aromatizator maddələri qatılır.

Hazırda bu maddələrin daha ucuz istehsalçısının Çin olduğu bildirilir. Həmin "poroşok”lar (həm protein tozu, həm aromtizatorlar) bir çox internet bazarlarında da, xüsusən Çinin qlobal internet satış şirkəti olan "Alibaba” tərəfindən açıq satışa çıxarılır. Qeydlərimizi təsdiq edən şəkilləri oxucularımıza təqdim edirik:

Azərbaycanda da kolbasa və sosislərin donuz tullantısından hazırlanan "poroşok”dan istehsal edilib-edilməməsi və ətin qiymətinin baha olduğu bir vaxtda ölkədə hazırlanan kolbasaların tərkibində hansı qatqılardan daha çox istifadə olunmasını PİA.AZ-ın əməkdaşı bir neçə ekspertlə müzakirə edib.

Ekspertlər nə düşünür?

Araşdırmamızın nəticəsinə əsasən, ölkədə istehsal olunan kolbasa və digər ət məhsulları sağlamlıq üçün təhlükə baxımından heç də xarici ölkələrin istehsalından geri qalmır. Hətta bu sahədəki nəzarətsizlik getdikcə artmaqda davam edir.

Eyyub Hüseynov: "İstehlakçılar bütün hallarda yerli mallara üstünlük verməlidirlər”.

Ölkəyə idxal olunan kolbasa və digər ət məhsullarının insan sağlamlığı üçün daha təhlükəli olduğunu qeyd edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov vurğulayır ki, yerli məhsulların tərkibində kimyəvi maddələrdən nisbətən az istifadə olunur və bu baxımdan yerli məhsullardan istifadə etmək daha məqsədəuyğundur:

"Əslində istehlakçılar bütün hallarda yerli mallara üstünlük verməlidirlər. Kolbasaların uzunmüddətli saxlanma, isti və soyuq şəraitdə xarab olmaması üçün kolbasaların və digər ət məhsullarının tərkibinə insan orqanizmi üçün təhlükəli olan kimyəvi maddələr vurulur. Hesab edirəm ki, yerli mallarda insan sağlamlığı üçün zərərli olan maddələrdən istifadə olunmur.

Kolbasaların tərkibinə daha çox zərərli maddə olan nitratlar vurulur. Bu maddə standartlara uyğun vurulmadıqda sağlamlıq üçün müəyyən təhlükələr törədə bilər. Nitratın vurulma səbəbi məhsulun yararlılıq müddətini artırmaqdan ibarətdir. Bununla yanaşı, kolbasa və ət məhsullarına dad və rəngverici digər zərərli maddələr də vurulur”.

Qeyd edək ki, hörmətli Eyyub Hüseynovun açıqlamasından da görünür ki, Azad İstehlakçılar Birliyinin sədri olaraq, o da kolbasa istehsalı haqqında tam məlumata malik deyil. Yerli məhsullara üstünlüyün verilməsini açıqlayan ekspert bunu ancaq kolbasaların uzunmüddətli saxlanma, isti və soyuq şəraitdə xarab olmaması üçün kolbasaların və digər ət məhsullarının tərkibinə insan orqanizmi üçün təhlükəli olan kimyəvi maddələr vurulması ilə əlaqələndirir.

Vahid Məhərrəmov: "Azərbaycanda idxalda inhisarçılıq, korrupsiya, "hörmət” olduğu müddətcə istənilən sənəd qeyri-qanuni hazırlanacaq”.

Ölkədə istehsal olunan kolbasa və digər ət məhsullarının yoxlanışının nəzarətsizliklə üz-üzə qaldığını bildirən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun fikrincə, bu cür ət məhsullarından istifadə edən insanlar zamanla müəyyən xəstəliklərə düçar olurlar:

"Dünya Səhiyyə Təşkilatı bir neçə il əvvəl də kolbasa və bəzi ət məhsullarının uzunmüddət saxlanması üçün tərkibinə insan orqanizminə təhlükə yaradan kimyəvi maddələrin vurulması barədə xəbərdarlıq etmişdi. Bununla yanaşı, digər beynəxalq təşkilatlar da bu cür xəbərdarlıqla dəfələrlə çıxış ediblər. Azərbaycanda bu sahədə şəffaflıq yoxdur.

Bu gün şəhərdə elə kolbasalar satılır ki, onların 1 kq-ı 2.50 qəpikdir. Bu qiymətə mal, qoyun və ya toyuq əti almaq qeyri-mümkündür. Dediyim qiymətə satılan kolbasaların tərkibinə o qədər kimyəvi qatqılar əlavə edilir ki, təsəvvürü belə mümkün deyil. Səbəb bu sahədə şəffaflığın və ciddi nəzarətin olmamasıdır. Əlbəttə ki, bu nəzarətsizlik insan sağlamlığı üçün təhlükə yaradan vəziyyətlərin artmasına səbəb olur.
Dünyanın hansısa ölkəsində edilməsinə qadağa qoyulan hərəkətlər bizim ölkəmizdə edilir.

Bu yaxınlarda Belarusiyanın Baş nazirinin köməkçisi Vladimir Semaşko Azərbaycana gəlmişdi. O, bizimlə görüşəndə Belarusiyanın Azərbaycanda mağazasının olduğunu və o mağazada satılan kolbasa və digər ət məhsullarının keyfiyyəti barədə soruşdum. Semaşko bildirdi ki, həmin mağazada satılan məhsullara onların hökuməti cavabdeh deyil. Çünki o məhsulların istehsalı ilə Belarusiyada azərbaycanlılar məşğul olur. Onu da qeyd etmək istərdim ki, Rusiyadan, Ukrayndan ölkəmizə gətirilən məhsulları da azərbaycanlılar və ya ermənilər istehsal edir.

Ümumiyyətlə, bu sahədə vəziyyət çox kritikdir. Əslində ölkədə istehsal olunan kolbasa və ət məhsullarını daha çox imkansız insanlar alırlar. Halbuki, bu məhsulların insan orqanizminə ziyandan başqa heç bir faydası yoxdur. Bu cür kolbasa və digər ət məhsullarından mütəmadi olaraq istifadə edən insanlar zamanla müəyyən xəstəliklərə düçar olurlar. Hətta bir müddətdən sonra zəhərlənib dünyasını dəyişənlər də var...”.

İnsan orqanizmi üçün zərərli olan kimyəvi maddələrin ölkəyə idxalına gəlincə, ekspert Vahid Məhərrəmov qeyd edib ki, bu cür halların qarşısını almaq üçün inhisarçılığa son vermək lazımdır:

"Azərbaycanda idxalda inhisarçılıq, korrupsiya, "hörmət” olduğu müddətcə istənilən sənəd qeyri-qanuni hazırlanacaq. Hətta ölü adam üçün diri sənədi almaq mümkündür. Ölkədə müstəqil laboratoriyaların yoxluğu və məhkəmə sisteminin müstəqil olmaması fonunda ciddi nəzarətin olması cəfəngiyyatdır”.

Problemin təkcə inhisarçılıqla bağlı olmadığını qeyd etməklə Vahid Məhərrəmovun fikirlərinə onu da əlavə etmək istərdik ki, bu vəziyyəti yaradan əsas səbəblərdən biri az sərmayə qoymaqla çox gəlir əldə etmək həvəsidir. Yəni tamah məsələsi... Dövlət qurumlarının isə birbaşa əhalinin sağlamlığına ciddi ziyan vuran bu istehsala göz yummaları isə  böyük problemdir...

Adının çəkilməsini istəməyən qida texnoloqu: "Azərbaycanda istehsal olunan kolbasa və sosislərin böyük əksəriyyəti Çindən gətirilən "poroşok” məhsullardır”.

Uzun müddət müxtəlif kolbasa şirkətlərində çalışan qida texnoloqu adının çəkilməməsi şərti ilə bizimlə söhbətində bildirdi ki, o, bir çox kolbasa istehsal edən şirkətlərlə çalışıb. İstehsal prosesi ilə də yaxından tanışdır. Və demək olar ki, bütün şirkətlərdə Çindən gətirilən "poroşok”lardan istifadə olunmasının şahidi olub. Həmsöhbətimiz yalnız bir şirkətdə istehasal prosesində Çindən gətirilən "poroşok”lardan istifadə olunmadığının şahidi olduğunu bildirib. Hazırda ölkənin qida sektorunda aparıcı rol oynayan şirkətlərdən birində çalışan qida texnoloqu bir neçə ildir ki, kolbasa və sosis istehsalından kənarlaşıb.

Gömrük Komitəsi məsuliyyət daşımadığını iddia edir

Çindən ölkəmizə hər il nə qədər kolbasa "poroşok”unun daxil olduğunu öyrənmək məqsədi ilə Dövlət Gömrük Komitəsinə müraciət etdik. Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov yararsız və insan orqanizmi üçün təhlükə törədən qida məhsullarının respublikamızın sərhədlərindən keçirilməsinə münasibət bildirərkən qeyd edib ki, ölkəyə idxal olunan qida məhsullarına birbaşa Qida Təhlükəsizliyi Agentliyi cavabdehlik daşıyır.

"Müvafiq sənədlər, o cümlədən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən sertifikat müvafiq gömrük orqanına təqdim olunduqdan sonra ərzaq məhsullarının ölkəyə idxalına icazə verilir”, deyə bizim sorğumuzu cavablandırdı. Ölkəyə hər ilə nə qədər Çin istehsalı kolbasa "poroşok”unun daxil olması ilə bağlı isə sualımız cavabsızdır.

Qida Təhlükəsizliyi Agentliyi sorğumuzu cavablandıracaq dedi, amma...

Ölkədə satılan və istehsal olunan hər bir qida məhsulu üçün yeni yaranmış Qida Təhlükəsizliyi Agentliyi məsuliyyət daşıdığı üçün bu quruma müraciət etdik. Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini - ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva sorğumuzla bağlı məlumatın institutun mütəxəssislərinə göndərildiyini və ətraflı məlumatın açıqlanacağını qeyd etdi. Aradan bir həftəyə yaxın vaxt keçdikdən sonra Aysel xanım bildirdi ki, qeyd olunan institutun mütəxəssislərindən hələ cavab ala bilməyiblər. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələrdə məsul olan xanım rəsmisi mövzuyla bağlı fikirlərini qısa şəkildə bildirdi:

"Hazırda ölkədə istehsal olunan və ölkəyə idxal olunan bir çox qida məhsullarından götürülmüş nümunələrin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyalarında müayinələri həyata keçirilir. Nəzərə alsaq ki, ət və ət məhsulları xüsusi risk qurupuna daxil olan qida məhsullarıdır. Bu məhsullar içərisində xüsusi yer tutan kolbasa məhsulunun da ekspertizası həyata keçirilməkdədir. Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanır”.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin bu cavabı bizi qane etmədi və bütün hallarda Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyalarının və qurumun rəsmisinin qeyd etdiyi institutun mütəxəssislərinin cavabını gözləyirik. Ümid edirik ki, bu cavab kolbasa və sosis məhsulları ilə bağlı bir çox cavabsız suallara aydınlıq gətirəcək.

Kolbasa istehsal edən şirkətlərlə əlaqə saxlamaq faktiki olaraq mümkün deyil

Onu da qeyd edək ki, ölkədə istehsal olunan kolbasa və digər ət məhsullarının hazırlanma şəraiti, keyfiyyəti və zəmanəti ilə bağlı bir sıra MMC-lərlə əlaqə saxlasaq da zənglərimizə cavab verilmədi.

Maraqlıdır ki, "Ovçular ət və ət məhsulları” MMC, "Hicaz” MMC, Səhliyalı MMC, "Kral” markası ilə fəaliyyət göstərən "Hakan Foods” MMC rəsmi səhifələrində əlaqə nömrələri qeyd etsələr də, bu nömrələr formal xarakterlidir. Belə ki, göstərilən nömrələr ya illərdir işdən çıxmış işçinin nömrəsidir, ya da zəngə heç cavab verilmir.

Görünən odur ki, şirkətlə əlaqə saxlamaq istəyən hansısa alıcının istehlakçıya öz sözünü çatdırmaq kimi imkanı sıfır səviyyəsindədir. Əlbəttə ki, bu vəziyyət MMC-lərin fəaliyyətini və istehsal etdikləri məhsulların keyfiyyətinin yaxşı olub-olmamasını da sual altında qoyur. Nə də olmasa, pul qazanmaq istəyən istehsalçının əsas iş prinsiplərindən biri də müştəri məmnuniyyəti olmalıdır. Fakt isə odur ki, alıcının məmnuniyyəti üçün normal xidmət belə göstərilmir.

Eyni zamanda bu şirkətlər pul qazanmaq üçün ölkə əhalisinin sağlamlığına ziyan vururlar və təbii ki, Qida Təhlükəsizliyi Agentliyi başda olmaqla əlaqədar qurumlar bu vəziyyəti araşdırmalı və Azərbaycanda istehsal olunan və Azərbaycana idxal olunan kolbasa və sosis məmulatlarının sağlamlıq üçün nə qədər ziyanlı olub-olmaması ilə bağlı ictimaiyyəti məlumatlandırmalıdırlar.
 
Mənbə: PİA.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->