15 yaşım var idi. Yaşadığım Mehdiabad qəsəbəsinin girişində - "4 yol" adlanan ərazidə, 16 yanvardan başlayaraq nəzarət-buraxılış məntəqəsi qurmuş, yük maşınları ilə yolu kəsmişdik. Qəsəbənin kişiləri əliyalın növbə çəkirdilər. And içmişdilər ki, rus tankları Bakıya girsə, onların Mehdiabada girişinə icazə verməyəcəklər.
Biz də kişilərin yanında gətir-götür işlərini görürdük.
19-u gecə atam da o biri atalar kimi düşməni bir qədər irəlidə, Kirov qəsəbəsindəki körpünün altında gözləməyə getdi. Bizi, yəni qəsəbənin xanımlarını və körpələrini qorumaq üçün geriyə göndərdilər.
Gecə bütün xanımlar həyətdəydi. Kimisi ərinin, kimisi oğlunun, kimisi qardaşının yolunu gözləyirdi. Yol ilana dönmüşdü.
20 yanvar günü qəsəbədə toy mərasimi təyin olunmuşdu. Dəvətlilər çaşqınlıq içərisində "Vüsal" şadlıq evinə doğru gedirdilər. Atamın adından mən getməliydim, çünki o, qanlı ordunun qarşısına çıxmışdı.
Toy deyildi, rəsmən yas idi. Çalğı yox, yeməklərə əl uzadan yox, danışan yox... Paytaxtda nə baş verdiyini dəqiq bilmirdik. Kim ölüb, kim qalıb, xəbərimiz yox idi. Yaslı toyu tərk edəndə qəsəbənin meqafonu ilə elan etdilər ki, toplu halında gəzməyək, çünki təyyarələrlə güllə-baran edilə bilərik. Biz acığa elə toplu halında gəzirdik. Atalarımız tanklara, biz isə göydə axtardığımız təyyarələrə meydan oxuyurduq.
Şəhərə getmək üçün gecənin düşməsini gözləyirdik. Getdik. 20-si axşam idi. Hələ də yanan güllələr vıyıldayır, yanmayan tanklar guruldayır, meyitlər küçələrə səpələnib, yaralılar səkilərdə inildəyirdi. Sağ-salamat adamlarsa bu qarmaqarışıqda fəryad qoparırdı.
22-si şəhidlərin dəfn mərasimi idi. Biz də yanvarın 5-də heykəli yıxılan, adı isə rəsmi olaraq hələ qalan Kirov parkındaydıq. "Kişinin" heykəlini aşıranda arxa ayağı ilə bizə zərbə vurmuşdu, əsl eşşəklər kimi.
Böyüklər qəbir qazırdılar, bizə isə qəbirlərin içərisindən daşları təmizləmək tapşırılmışdı. Elə o gündən 75, 74, 73-cü illərdə doğulan bizlərin taleyinə meyit basdırmaq düşdü. O gündən "şəhid" kəlməsi "ana" kəlməsindən, "ata" sözündən daha əziz oldu bizə. Valideynlərimiz şəhid övladlarından ayıbdır deyə, başımızı sığallamağı, bizi oxşamağı tərgitdilər. 15 yaşı olanlar 1990-cı ildə birdən-birə 30 yaşlı gənclərə çevrildilər.
Sonra müharibə... sonra müharibə... sonra müharibə... Şəhid olmayanlar, şəhid olanların ruhlarından utana-utana qocaldılar.
35 il öncə yer üzündə bir xalq doğuldu. Adına qəhrəman xalq dedilər. 30 il sonra bu qəhrəman xalq adına layiq olduğunu bir daha sübut etdi. Elə ona görə "20 Yanvara qəhrəmanlıq tarixi deyək, yoxsa hüzn tarixi?" sualına hələ birmənalı cavab verə bilmirik. 15 yaşlı yeniyetməni bir günə qocaldan günün ürəyimizə səpdiyi toxumlar 30 il sonra cücərib barından hər kəsə pay verdi. Nağıllarda buna cavanlıq iksiri deyirlər. Bir günə qocalan xalq bir günə də gəncləşdi.
Unutmamışam: o müdhiş ilin 23 yanvar günü idi. Anamla "123" nömrəli marşrut taksidə Nərimanovun heykəlinin arxasındakı binaların birində yaşayan xalamgilə gedirdik. Şəhər tanklarla doluydu. O tanklardan biri bizim avtobusu arxadan vurdu. Zərbədən, əksər sərnişinlər kimi mən də yıxıldım. Avtobusdan cəld düşüb tankın üstünə yeridim. Əsgər avtomatı üzümə tuşlamışdı, nə olsun, geri çəkilmədim. Tankın sepinə təpiklə vuraraq o vəhşi varlığı təhqir etdim, yumruq silkələdim. Anam məni qucaqlayıb ərazidən uzaqlaşdırdı. Qaçmadım, qorxmadım, bir günə qocaldım, amma ölmədim. İnandım: xalqıma, dövlətimə, millətimə güvəndim.
İndi "123" də var, Nərimanovun heykəli də, xalam da, anam da, mən də. Təkcə o əclaf tank yoxdur. Azərbaycanın heç bir nöqtəsində yadelli tank yoxdur.
Əbədiyyətiniz mübarək, şəhidlər. Qalibiyyətiniz mübarək, şahidlər!
Ceyhun Musaoğlu
Şərhlər