Yaxın Şərqdə ABŞ və İsrailin İran hücumu ilə başlayan münaqişə səbəbindən Asiyada enerji təchizatında kəsilmə riski yaranıb. Bu vəziyyət bir sıra ölkələri fövqəladə tədbirlər görməyə məcbur edib.
Qaynarinfo xəbər verir ki, Myanmar nəqliyyatın tənzimlənməsi üçün "tək-cüt" nömrə sistemini tətbiq edərkən, Pakistan evdən işləmə qərarı verib və millət vəkillərinin maaşında kəsintiyə gedib.
Qlobal neft ticarətinin kritik keçid nöqtələrindən biri təxminən iki həftədir faktiki olaraq bağlandığı üçün həm dünya bazarları, həm də Asiya ölkələrində təsir hiss olunur.
Hörmüz boğazının tam bağlanmaq həddinə yaxınlaşması ilə dünyanın ən böyük xam neft idxalçısı olan Asiyada ölkələr bir-bir tədbir görməyə başlayıb. Yanacaq kvotalarından həftəlik iş günlərinin azaldılmasına qədər bir sıra radikal tədbirlər həyata keçirilib.
Məlumata görə, 2025-ci ildə qitə ölkələrinin neft idxalının 59%-i Yaxın Şərqdən həyata keçirilib.
İran İnqilab Keşikçiləri bildirib ki, ABŞ və İsrail hücumları davam edərsə, Yaxın Şərqdən bir litr neftin belə keçməsinə icazə verilməyəcək. Həmçinin bölgədən gəmilərə hücum xəbərləri də gəlir.
Ölkələr radikal tədbirlərə əl atır
Pakistandan Cənubi Koreyaya qədər bir çox Asiya ölkəsi tədbir görməyə başlayıb.
* Hindistan: ABŞ-ın sanksiya istisnası verməsi ilə Rusiyadan neft alışını artırıb. Lakin yanacaq narahatlığı səbəbindən isti yemək və içkilər menyudan çıxarılır.
* Yaponiya: 350 milyon barrel stokdan təxminən 80 milyon barrel – yəni 45 günlük ehtiyat – bazara buraxılıb.
* Böyük iqtisadiyyatlar stokları ilə balans yaratmağa çalışsa da, digər ölkələrdə vəziyyət daha kritikdir.
* Cənubi Koreya: Prezident Li Ce Myun Yaxın Şərqdən olan asılılığa diqqət çəkərək, son otuz ilin ilk yanacaq tavan qiymət tətbiqini başladıb.
* Tayland: Qiymətləri aşağı saxlamaq üçün hər gün milyonlarla dollar subsidiya xərcləyir.
* Banqladeş: Panika alış-verişinin qarşısını almaq üçün yanacaq satışını məhdudlaşdırıb. Məktəblər bağlanıb, strateji yanacaq anbarlarında ordu, yanacaq doldurma stansiyalarında isə polis növbədədir.
* Pakistan: Təhlükəsizlik tədbirləri çərçivəsində məktəblər müvəqqəti bağlanıb, dövlət binaları həftədə dörd gün fəaliyyət göstərir. Baş nazir Şahbaz Şərif iqtisadiyyatı sabitləşdirmək üçün "çətin qərarlar” aldığını açıqlayıb. Millət vəkillərinin maaşında 25% azalma edilib, dövlət işçiləri növbəli olaraq evdən işləyəcək. Bankçılıq kimi kritik sektorlar isə bu tədbirin xaricindədir. Nazir və deputatlar yalnız zəruri hallarda iqtisadi sinifdə xarici səfər edə biləcəklər.
* Filippin və Vyetnam: Filippin dövlət orqanları iş günlərini dörd günə endirib, Vyetnam isə COVID-19 dövrünü xatırladan genişmiqyaslı "evdən işləmə” təşviqi həyata keçirib.
Aydın
Şərhlər