Bir neçə il bundan əvvəlin söhbətidir. Bir kitab haqqında elə hey deyirdilər ki, bəs bu, bizim intellektualların stolüstü kitabıdır. Bəli, bir dəfə dedilər, iki dəfə, üç dəfə dedilər və məni maraq bürüdü, dedim, tapıb oxuyum onu, görüm, axı nə kitabdır bu?
Qərəz, tapıb oxudum. İnanmazsınız, nə qədər məyus oldum! Birincisi, ona görə ki, bu kitabda normal ali təhsil almış adam üçün yeni heç nə yox idi və mən hələ də bilmirəm, bizim "intellektuallar” nə tapmışdılar, axı nə kəşf etmişdilər onda!
İkincisi, kitabın yazı üslubu da hədsiz dərəcədə primitiv idi. "Filankəs belə demişdir!” – özü də iki cümlədən bir!
Axı kim belə yazır? Hətta səkkizinci sinif şagirdləri belə bundan daha sanballı üslub seçərdi!
Bəli, qədimlərdə Platon əsərlərini dialoq şəklində qələmə alırdı və mən onun bir-iki əsərini oxuyandan sonra təəccüblənmişdim ki, nə əcəb bu adam qədim dünyanın ən böyük dramaturqlarından biri olmaq fikirinə düşməyib, möhtəşəm faciələr yazmayıb? Ona görə ki, dialoqları çox yaxşı alınmışdı.
Öz təcrübəmdən də deyiim ki, sovetin vaxtlarında riyaziyyatçı akademik L.S.Pontryaqin özünün riyazi analizə elementar giriş kimi yazdığı kitabı sual-cavab üslubunda qurmuşdu və cəhdi xeyli uğurlu alınmışdı. Müəllif sanki oxucunun da funksiyasını öz üzərinə götürmüşdü.
Qərəz, dediyim budur ki, MƏTNİN də ARXİTEKTURASI olur və bu baxımdan "o dedi, bu dedi” üslubu ən primitivlərindəndir. Burada həm də erudit və həqiqi intellektual məsələsi ortaya çıxır.
Erudit üçün hansısa fikir, onun məntiqi yükü və ya gücü önəm kəsb etmir, onun üçün əsas odur ki, bu fikri FİLANKƏS deyib və düşünür ki,
"Eynşteyn belə demişdir” yazmaqla onu oxucuya qəbul etdirəcək. İntlellektual üçün ən əsası fikrin müəllifi yox, özüdür, o, həmin fikri oxucuya özünün və eləcə də fikrin özündə gizlənmiş məntiqin köməyilə qəbul etdirməyə çalışır, çünki əsl intellektualın mövqeyi budur ki, hətta Eynşteyn də yanıla, hətta səhv edə bilər, ona görə də əsas məsələ hansısa fikrin müəllifi yox, fikrin özüdür.
Bəs onda bizim "intellektuallar” niyə vurulmuşdular bu kitaba? Bunun ən birinci səbəbini onların bəzisinin elmi səviyyəsində axtarmaq lazımdı. Daha bir səbəb də budur ki, bizim çoxumuz demək olar ki, həqiqi böyük alimlər görməmişik və ya çox az görmüşük, ona görə də kimə gəldi dahi və ya nəhəng alim epitetlərini yapışdırırıq.
Əslində, bizdə real vəziyyət necə olub? Sovetin dövründə məşhur lətifə vardı və mən onu hətta o vaxt bizim öz elm adamlarımızın da dilindən eşitmişdim. Bəri başdan deyim ki, bu, sadəcə lətifədir və mən heç vaxt tamam inkarçı mövqe tutmamışam – bizim də istedadlı alimlərimiz olub, hərçənd, məndən bizim dahi alimlərimizin adını soruşsaydılar, çox çətinlik çəkərdim, çünki belələri demək olar ki, yox idi.
Bəlkə də bir az yanılıram, ona görə ki, mənim də yalnız bəzi sahələrdən az-çox xəbərim var, heç də bütün elm sahələrindən məlumatlı deyiləm. Amma bir məsələni dəqiq bilirəm ki, bizim hətta istedadlı alimlərimizin də çoxu öz sahələrinin aparıcı simaları deyil, uzağı talantlı alimlər idilər.
Həm də, səhv etmirəmsə, o vaxtki elmi statistika da heç bizim xeyrimizə deyildi, o səbəbdən ki, elmlər doktorlarının sayına görə on beş respublika arasında heç də ön sırada deyildik.
Gələk məşhur lətifəyə. Belə deyilirdi ki, guya ermənilər Moskvaya müraciət edirlər, bəs biz donanma istəyirik! Kremldən cavab gəlir ki, yoldaşlar, axı sizin dəniziniz yoxdur! Ermənilər qayıdır ki: "Nə olsun? Azərbaycanda elm yoxdur, amma akademiya var!”
Bəli, bizim o vaxtki alimlərimizin də dilindən eşitdiyim o məşhur lətifə bu idi. Əlbəttə, bu, sadəcə, lətifədir – buna qalsa, biz də ermənilərin çox cəhətlərinə gülə bilərdik. Yəni bir daha deyiirk ki, bu, sadəcə, lətifə idi və bundan xüsusi diskomfort keçirməyə ehtriyac yoxdur.
O vaxt ermənilərin özlərinin də öndə olduğu elm sahəsi astrofizika idi. Amma onların bu sahədə "ən böyük uğuru” hesab edilən "Bürakan kosmoqonik konsepsiyası”nın adı çəkiləndə sanballı alimlər pis qoxu hiss edirmiş kimi üz-gözlərini turşudurdular, çünki ciddi elmdə belə bir konsepsiya yox idi, bunu jurmalistlər uydurmuşdu.
Amma bütün bunlara rəğmən, indi hər dəfə metroda "Elmlər Akademiyası” sözləri elan olunanda çox qarışıq hisslər keçirirəm. Ona görə ki, bizim Akademiyanın da az-çox möhtəşəm dövrləri sovetin vaxtında qaldı. Sovet rejimi çökəndən sonra istedadlı alimlərimizin çoxu Türkiyəyə və başqa ölkələrə köçüb getdilər. Ən dəhşətlisi isə budur ki, onların çoxu artıq dünyasını dəyişib. Hərdən istedadlı gənclərimizin sorağı gəlir, amma çox uzaq ölkələrdən. Bizdə isə indi alim daha çox Balakən-Qax ləhcəsilə Şirvan ləhcəsi arasındakı fərqləri araşdıranlara deyilir.
Yəni doğrudanmı, bizə daha savadlı riyaziyyatçılar, fiziklər, kimyaçılar və ya bioloqlar lazım deyil? Axı onlar ölkədə çox olsalar, ən əsası da belələri söz sahibi olsalar, hər ortabab kitab bizi bu qədər təəcübləndirməz və bizim də stolmuzun üstündə daha sanballı kitablar peyda olar.
Hüseynbala Səlimov
Şərhlər