Xəbər lenti

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır
Dünya 11:24 24.03.2026

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Çində Pinçzyan qraflığının təpələri altında 40 ayrı qızıl damarının yerləşdiyi müəyyən edilib. Son bir il ərzində iki kilometrdən çox dərinlikdən qazma nümunələri çıxarılıb və geoloqlar metal boruların içində nadir rast gəlinən mənzərə ilə qarşılaşıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazır.

Hunan əyalətinin Geologiya Bürosunun kəşfiyyatçı geoloqu Çen Rulin bildirib ki, bir çox qazma nümunəsində qızıl açıq şəkildə görünürdü.

Ümumilikdə geoloqlar iki kilometrə qədər dərinlikdə 300 ton qızıl ehtiyatının olduğunu təsdiqləyiblər. Əlavə qiymətləndirmələr isə göstərir ki, üç kilometr dərinlikdə yatağın həcmi 1000 tonu keçə bilər. Proqnozlaşdırılan dəyər 600 milyard yuan, yəni təxminən 83 milyard ABŞ dollarıdır.

Məqalədə qeyd olunur ki, yekun qiymətləndirmə təsdiqlənərsə, Vanqu yatağı Cənubi Afrikadakı "South Deep" mədənini geridə qoya bilər. Hazırda həmin mədən dünyanın ən böyük aktiv qızıl hasilatı obyektlərindən biridir və ehtiyatları təxminən 900 metrik ton təşkil edir.

Fərq yalnız miqyasla məhdudlaşmır. Təxminən 2000 metr dərinlikdən götürülmüş nümunələrdən birində bir ton filizdə 138 qram qızıl aşkar edilib. Müqayisə üçün, əksər kommersiya mədənlərində bu göstərici 10 qramdan aşağı olur.

Bundan əlavə, əsas sahənin ətrafında aparılan əlavə qazma işləri zamanı da qızıl izlərinə rast gəlinib. Bu isə yatağın mövcud xəritələrdə göstərildiyindən daha geniş ola biləcəyini göstərir.

Bununla belə, Vanqu yatağı hələ də kəşfiyyat mərhələsindədir və onun tam potensialını təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Məqalədə vurğulanır ki, bu yataq son onilliklərdə aşkar edilmiş ən zəngin qızıl yataqlarından biridir. Nümunələrdə qızılın açıq görünməsi və filizdəki yüksək konsentrasiyası dünya üzrə orta göstəriciləri on dəfədən çox üstələyir. Lakin 1000 tonluq ehtiyatın təsdiqi davam edən qazma işlərinin nəticələrindən asılı olacaq.

Aydın

--> -->