Xəbər lenti

Bizim intim dünyamız
Hüseynbala Səlimov
Siyasət 11:23 24.06.2019

Bizim intim dünyamız

Hüseynbala Səlimov

İnsanlar elə bil gücsüzləşib heydən düşüblər, tamam-kamal kiçiliblər. Hamı dərdini götürüb televiziyalara qaçır – kişilər arvad – uşaqlarından, qadınlar isə ərlərindən narazılıqlarını detallarına qədər efirə danışırlar. 

Ciddi siyasi və yaxud iqtisadi mövzulardan, daha aktual mədəniyyət problemlərndən danışmağa nə imkanı, nə həvəsi, nə də savadı olmayan jurnalistlərimiz də belə mövzulara böyük meydan verir – həm efirlərini doldurmaq, həm də ən asan yolla reytinq qazanmaq üçün.

Əlbəttə, demirik ki, əri tərəfindən dəhşətli şiddətlərə məruz qalan qadınlar və ya valideynləri tərəfindən incidilən gənclər "Bu da mənim intim dünyamdır” deyib ağır məşəqqətlərə, mənəvi və fiziki işgəncələrə  qatlaşmalıdır –yox, heç sözsüz ki, belə deyil, amma problemlərinin bir qismini öz üzərinə də götürməyi bacarmalıdır insan.

Bəli, məsələnin məğzi də bundadır – problemlərin heç olmasa, bir hissəsini çəkə bilmək. İlk baxışda bura ölkə ilə bağlı da problemlər aiddir, yaşadığın şəhər və məhəllə ilə bağlı da məsələlər, o cümlədən də şəxsi həyatınla əlaqəli də detallar...

Bunların birinci ikisindən çoxdan imtina etmişik. Başqa ölkələrdə insanların parlamentdə necə dartışdığına, küçə və meydanlarda şüarlar qışqırmasına türkmən baletə baxan kimi baxırıq, heç nə anlamırıq – bəli, məhz türkmən baletə baxan kimi seyr edirik bunları, çünki bir neçə il bundan əvvəl, indi o biri dünyadakı türkmənlərə başçılıq edən Saparmurad Niyazov cənabları, yəni ki, bizim çox məşhur Türkmənbaşı baleti ölkəsində yasaq etmişdi ki, bizim camaat bundan bir şey qanmır.   

Amma biz ölkə, şəhər və yaxud da ki, məhəllə bir yana, hətta mənzilimizin zibilini də liftin qabağına qoyub qaçırıq, onu zibil yeşiklərinə aparıb qoymaq üçün nə ağlımız, nə də məsuliyyətimiz çatmır və yaxud da özümüz dediyimiz kimi: yamanca tələsirik...

Doğrusu, bu tələsmək məsələsi də bir az əlləm-qələm işdir. İndi həm işləyənlərin sayı azalıb, həm də işlərin xarakteri dəyişib – daha əvvəlki kimi zavod və fabriklər yoxdur ki, səhər saat doqquzun zəngi çalınanda artıq hamı dəzgah başında olsun... 

Hələ heç onu demirəm ki, günün istənilən çağında metroda, avtobuslarda, ümumiyyətlə, şəhərdə yamanca tünlük olur. Mən bir neçə xarici şəhərdə olmuşam, inanın, gündüzlər şəhər boş olur, çünki hamı iş başındadır, amma burada iş başında olmaq heç də hamıya nəsib olmayan xoşbəxtlik – səadətdir, odur ki, şəhərimiz daim, günün istənilən çağında  tünlükdür.

Amma bir məsələ də var, insaf xatirinə, gərək, onu burada bir yaxşıca qeyd edim. Biz jurnalistlər yeri və imkanı düşəndə (hərçənd, belə imkan axır vaxtlar demək olar, heç düşmür!) başqalarını sancmağı və qınamağı sevirik, fəqət, heç özümüzdən danışmırıq. Qardaş, təzə mərəz yaranıbdır bizim rəhbər jurnalist cameyəsi arasında –Afrikadan yazırsan, soruşurlar ki, ağsaqqal, burada Azərbaycana işarə yoxdur ki?.. 

Adamda hətta belə təəssürat da yaranır ki, bu dünyada pis nə varsa hamısı Azərbaycanda cəm olub, özünün ifadəsini tapıbdır – yoxsa daha uzaq Afrikanın Fil Sümüyü ölkəsindən bir şey yazanda da deməzdilər ki, qardaş, burada bizə - cənnət Azərbaycanımıza işarət var.

Yaxınların söhbətidi, Nursultan Abişveiç prezident olmadan darıxaraq postunu öz inandığı bir adama (deyirlər, Kasım – Comərd Tokayev onun dost-doğma bacısı oğludur, amma düzü, mən interneti ələk-vələk etdim, di gəl, bunun təsdiqini tapa bilmədim!) tapşıranda onun haqqında kiçicik bir yazı yazdım ki, ay kişilər, Nazarbayev müəllim Qazaxıstan üçün Astana şəhərini (ona da öz adını verdirdi!) salmaqdan qeyri nə edibdi ki, qazaxlar onu bu qədər əziz –xələf tuturlar? 

Soruşdum ki, kişilər, on beş sovet respublikasından heç müstəqil olmayanı oldumu ki, qazaxlar da milli istiqlaliyyət qazandıqlarına görə durub Elbaşı qarşısında əbədi minnətçi olsunlar? Doğrudanmı Qazaxıstan Özbəkistandan, Türkəmənistan və yaxud da Tacikstandan daha artıq müstəqildir? Yaxud tərsinə- bəlkə Özbəkistan, Türkməınistan Qazaxıstandan daha azad və müstəqildir?..

Qərəz, yazının azərbaycancasını saytların biri verdi, amma ki, rus variantını vermədilər ki, bəs burada Azərbaycana işarə tuta bilərlər – axı on beş sovet respublikası necə müstəqil olubsa, biz də təxminən elə o cür müstəqil olmuşuq... 

Amma tamam səmimi deyirəm: mənim fikrimdə belə şey olmamışdı, Azərbaycanı heç ağlıma da gətirməmişdim, Nazarbayev haqda yazmışdım və bu, mənim onun haqqında heç də birinci yazım da deyildi, əvvəllər də yazmışdım.

Qərəz, nə başınızı ağrıdım, bir neçə belə olaydan sonra anladım ki, əslində bizim də intim dünyamız var və bu bizim Azərbaycan gerçəkliyi deyilən intim dünyamızdır: sırf özümüzlə bağlı hər şeyi danışa bilərik, di gəl, Azərbaycandan və onun həqiqətlərindən danışanada çox ehtiyatlı və sayıq olmalıyıq–axı adam iç dünyasını açıb çölə tökməz, evin sirrini çölə açmaz..

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->