Biznes koronavirusla mübarizəyə necə dəstək ola bilər? (RƏY)

Biznes koronavirusla mübarizəyə necə dəstək ola bilər? (RƏY)

"Airbus", "Tesla", "Fiat" və PETKİM kimi bir çox nəhəng şirkət COVID-19 pandemiyası ilə mübarizəyə dəstək üçün tibbi ləvəzimatlar istehsalına başlayıb.

"Report" xəbər verir ki, hətta İtaliyada mühəndislər dalğıc maskalarını oksigen ventilyatoruna qoşmaq üçün asanlıqla tibbi maskaya çevirməyin yolunu tapıblar. İT və analitika şirkətləri informasiyaya olan təlabatın artması ilə yeni metodlar və Data izləmə platformaları yaradır.

Bəs Azərbaycanda hansı şirkətlər bu kimi yeniliklərə gedərək həm mübarizəyə dəstək göstərə, həm də öz bizneslərini böhrandan xilas edə bilər?

ATL qrupun təsisçisi və CEO-su Rəşad Mirzəyev "Report”a açıqlamasında bildirib ki, böhran dövründə iqtisadiyyatda böyük pay və rola sahib olan şirkətlər hökumətlərin yükünü azaltmağa kömək edə bilər:

"Şirkətlərin koronavirus pandemiyası ilə mübarizədə daşıdığı məsuliyyəti anlamaq lazımdır. Hazırda yerli bizneslərin üzərinə əsasən sosial öhdəliklər düşür. Beynəlxalq təcrübə də göstərir ki, şirkətlər əsasən işçiləri maddi və fiziki olaraq qorumalıdır. Məsələn, "Microsoft" işçilərin çalışdığı saatları azaldıb, amma tam əməkhaqqı ödəməyə davam edəcək. "Google" virus simptomları göstərən, karantinə görə işə gələ bilməyən bütün müvəqqəti işçilər və vendorlar üçün COVID-19 fondu yaradıb. Bu fondla işçilər ödənişli xəstəlik məzuniyyətinə çıxa bilərlər. "Apple! isə virus simptomları olan mağaza işçilərinə limitsiz, ödənişli xəstəlik məzuniyyəti təklif edir. "Delta" şirkətinin CEO-su ixtisarların qarşısını almaq üçün bir illik əmək haqqını şirkətə bağışlayıb".

R.Mirzəyev bir çox şirkətlərin insanlara bəzi məhsul və xidmətləri ödənişsiz və ya güzəştli qiymətlərlə təklif etdiyini qeyd edib: "Google" video konfrans xidməti olan "Hangouts Meet"i bütün "G-suite" müştəriləri üçün iyulun 1-nə kimi ödənişsiz təklif edir. "LinkedIn" onlayn kurslarından 16-nı ödənişsiz olaraq təqdim edir. Koronavirusun yaratdığı biznes imkanları böyüyən şirkətlərin daha aktiv olması ilə nəticələnir.

Daha bir maraqlı addım "Amazon" şirkəti tərəfindən atılır. Şirkət artan tələbatı ödəmək üçün 100 min yeni işçi götürəcək. Bununla həm də işsizlik probleminin həllində rol oynayacaq".


Rəşad Mirzəyev

İş adamı vurğulayıb ki, şirkətlər böhranın qarşısını almaq üçün daha çox dijitallaşma və maliyyəsi nisbətən daha az olan müvəqqəti sahə keçidləri edə bilər: "Ərzaq istehsalçıları "egrocery” sahəsi ilə eksperiment apara, özəl tədris mərkəzləri sadə dijital vasitələrlə onlayn tədrisə tam keçə, parfümeriya şirkətləri dezinfeksiya məhsulları hazırlaya bilər. Tekstil şirkətləri artan maska təlabatını ödəmək üçün addımlar atmalıdır.

Proqram təminatı şirkətləri krizisin yaratdığı problemlərə həll olan yeni proqram təminatları hazırlamağa qadirdir. Treyner və influnserlər ev şəraiti üçün idman proqramları hazırlaya və onlayn kontentlərini bu istiqamətə dəyişə bilərlər. Tibb sahəsində fəaliyyət göstərən müəssisələr, psixoloji sağlamlıq və konsultasiya mərkəzləri onlayn konsultasiya xidmətlərini genişləndirsələr, işlərinə faydalı olacaq".

"Novco Group of Companies" şirkətinin rəhbəri Fərid Novruzi açıqlamasında sadalanan işlərin yalnız istehsalat sahəsi ilə məşğul olan şirkətlər tərəfindən edilə biləcəyini bildirib:

"Məsələn, tekstil şirkətləri üz maskası, Sumqayıt Texnologiya Parkında (STP olan şirkətlər oksigen aparatlarının hazırlanmasında yardım edə bilərlər. Lakin burada onların sahib olduqları texnologiya və xammal ciddi rol oynayır. Biznesin xilasını isə pərakəndə və ya topdan olmasından asılı olmayaraq onlayn satışa keçməkdə görürəm. Digər sahələrdə fəaliyyət göstərən şirkətlərə dövlətimizin dəstək olacağına əminəm".


​Fərid Novruzi
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR