Dünya 17:20 10.04.2020

“Bloomberg” ABŞ tarixinin ən pis çöküşünü proqnozlaşdırdı

İqtisadçılar bu ilin ikinci rübündə ABŞ ÜDM-nin illik nisbətdə 25% azalacağını gözləyirlər və bu, ölkə tarixində ən güclü düşüş olacaq. 

Qaynarinfo xəbər verir ki, bu haqda cümə günü "Bloomberg” agentliyi yazıb.

Jurnalistlər Amerika Birləşmiş Ştatlarının maliyyə sisteminin koronavirus pandemiyasına necə cavab verəcəyi və əyalətdə işsizlik səviyyəsinin necə olacağı ilə bağlı 69 iqtisadçı arasında sorğu keçiriblər.

 "İqtisadiyyat may ayının ortalarında yenidən başlasa belə, 20 milyondan çox amerikalı iş yerini itirəcək. ÜDM-nin pik nöqtədən potensial minimal dəyərlərə düşməsi təqribən 13% təşkil edəcək ki, bu da qlobal maliyyə böhranı dövrü ilə müqayisədə üçqat güclü olacaq”, - "ING Financial Markets”in iqtisadçısı Ceyms Naytli deyib. 
Bloomberg-ə görə, ABŞ Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosu mövcud vəziyyəti 2007-2009-cu illərdəki qlobal maliyyə böhranından bəri ölkədə baş verən ilk tənəzzül kimi qiymətləndirəcək.
İqtisadçıların fikrincə, ABŞ-da işsizlik ikinci rübdə 12,6% olacaq və keçən əsrin 40-cı illərindən bəri rekord səviyyəyə çatacaq. Bu dəyərin tədricən azalacağı və iki ildən sonra işsizliyin təxminən 5.4% səviyyəsində qərarlaşacağı gözlənilir.
Bloomberg əlavə edir ki, 3-9 apreldə iqtisadçılar arasında sorğu keçirilib. ABŞ Əmək Nazirliyi 4 aprelə kimi ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayının bir neçə həftəlik böyümədən sonra 6.606 milyona qədər azaldığını bildirib.
Martın 28-də ABŞ prezidenti Donald Tramp koronavirusun yayıldığı üçün iqtisadi stimullaşdırıcı tədbirlər məqsədilə 2 trilyon dollarlıq qanuna imza atıb.
Həmin gün "Reuters”in keçirdiyi sorğuda amerikalıların dörddə biri koronavirus səbəbiylə işini itirdiklərini söyləyib.
Xatıladaq ki, yeni SARS-CoV-2 koronavirusun səbəb olduğu COVID-19-nin yayılması dekabrın sonlarında Çinin Vuhan şəhərində baş verib. "Worldometer”in məlumatlarına görə, aprelin 10-da ABŞ-da 468,9 min koronavirus infeksiyası qeydə alınıb, 16,7 min xəstə ölüb, 25,9 min nəfər sağalıb.
 
Alpər