Borxes. Xain və qəhrəman mövzusu…

Borxes. Xain və qəhrəman mövzusu…

Məmməd Süleymanov

Borxes həmişə təəccübləndirməyi bacarıb. Əsərlərinin dili və süjeti ilə. İctimai mövqeyi ilə. Şəxsi həyatı ilə.

Ziddiyyətlərin yumağını yaradıb sonra məharətlə düyünləri açan yazıçının öz təbiətini anlamaq üçün onun əsərləri açar rolunu oynaya bilər. Əvvəl-axır, yazıçı özünü, özünə və özü üçün yazır. Bu aksiomadan çıxış etsək, görünən Borxesdən çox kölgədə qalan Borxes daha maraqlıdır.

Onun "Xain və qəhrəman mövzusu” adlı balaca bir hekayəsi var. Müəllif əvvəldən xəbərdarlıq edir - bu hadisə istənilən yerdə baş verə bilərdi: Polşada, İrlandiyada, Venesiyada, Latın Amerikasında. Məkan kimi İrlandiya, zaman olaraq 1824-cü il seçilir.

Hekayənin qəhrəmanı gənc inqilabçı Ferqyus Kilpatrikdir. Onun adı ətrafında əzabkeşlik haləsi var, unudulmaz qəhrəmanlardandır. Gənc inqilabçı qələbənin yarım addımlığında həlak olub - teatrda tamaşaya baxarkən öldürülüb. Qatil tapılmayıb, Kilpatrikin qətli isə İnqilabı daha da sürətlndirib.

Üstündən yüz il keçəndən sonra həqiqət üzə çıxır. Ölümündən bir qədər əvvəl hamının sevimlisi olan və əqidəsi heç bir sual doğurmayan Kilpatrik inqilabçıların arasında xainin mövcud olduğunu söyləyir və köhnə dostu Nolana həmin xaini tapmasını tapşırır. Nolan təhqiqat aparır və növbəti toplantıda hamının qarşısında elan edir - xain Kilpatrikin özüdür.

Beləlilə, hamının sonsuz inandığı liderin xəyanəti bəlli olur. Belə olanda Nolan təklif irəli sürür - Kilpatrikin ölümü də inqilaba xidmət etməlidir. Və bütöv bir ssenari qurulur - Kilpatrik bu ssenaridə baş rolu oynamağa razı olur.

Sanki heç nə baş verməyib: Kilpatrik xalqla görüşür, inqilabı təbliğ edir, silaha sarılmağa çağırır, pafoslu nitqlərini davam etdirir, alqışlanır, heyranlıq doğurur, hamının sevimlisi olmaqda davam edir. Paralel olaraq isə tamaşa hazırlanır. Tamaşada Şekspirin "Makbet” və "Yuli Sezar”ından səhnələr oynanılır. Bir neçə gün məşqlər davam edir. Səhnədə aktyorlar, zalda isə Kilpatrik başda olmaqla tamaşaçılar rol oynayırlar. Nolanın ssenarisinə görə qatil yaxınlaşıb Kilpatriki öldürməlidir. Bunu Kilpatrik də bilir, silahdaşları da. Edam tamaşa kimi oynanılır.

Beləliklə, ömrünün son günlərini Kilpatrik bir daha inqilaba xidmət etməkdə, məşqlərdə keçirir. Və an gəlib çatır, tamaşaçı Kilpatrik öz edamını səbrlə gözləyir və öldürülür. Qan içində çabalayan Kilpatrik son dəfə inqilaba səsləyən bir neçə kəlmə qışqırmağa da güc tapır - rolunu sonadək oynayır.

Sonra inqilab qalib gəlir, Kilpatrik əfsanələşir, inqilabçılar isə onun xainliyini bir sirr olaraq saxlayırlar. Beləliklə, inqilabın xain rəhbərinin edamı inqilaba xidmət etmiş olur.

***

Real həyatda bu cür süjet dəfələrlə təkrarlanıb.

"Narodnaya volya”nın rəhbərlərindən olan Sergey Deqayev xain idi. O, Xüsusi jandarm korpusunun komandiri Georgi Sudeykinlə əməkdaşlıq edərək öz inqilabçı dostlarını polisə təhvil verirdi. 1883-cü ildə bunun üstü açılanda inqilabçılar Deqayevi dilemma qarşısında qoyurlar: ya edam, ya da Sudeykini öldürməklə günahını yumaq.

Deqayev ikincini seçir - Sudeykini öldürür və ABŞ-a yollanır. Orada riyaziyyat professoru olur və 1921-ci ildə ölür.

Eserlərin Silahlı təşkilatının rəhbəri Azef də xain idi. Öz dostlarını polisə təhvil verir və polisin sifarişi ilə hökumət nümayəndələrini öldürtdürürdü. İfşa olunandan sonra qaçıb gizlənə bilir və 1-cü Dünya müharibəsi zamanı sifilisdən ölür.

Bolşeviklərin cərgəsində ən tanınmış xain Mərkəzi Komitənin üzvü Malinovski idi. İnqilabdan sonra edam edilir.

Yaxud daha yaxın dövrə nəzər salaq. Salvadorda Farabunda Marti adına Milli Azadlıq Cəbhəsinin partizanları 1980-cı illərdə ABŞ marioneti olan hakimiyyətə qarşı vuruşurdu.  1992-ci ildə partizanlar diktatura ilə sülh sazişi bağlayır. Cəmi 5 min döyüşçüsü olan inqilabçılar  paytaxt San-Salvadoru ələ keçirməyə yaxındı, ancaq ABŞ aviasiyasının "nöqtə şəkilli bombardmanları” buna mane olur.

Qəribə hadisələr hökumətlə sazişdən sonra başlayır. Partizan liderlərindən biri olan Xoakin Vilyalobos təşkilatdan çıxıb Demokratik partiya yaradır, özünü antikommunist elan edir, sonra isə Kolumbiyaya qaçır. Orada xüsusi status, şəxsi mühafizə və ayrıca qorunan villa ilə təmin olunan keçmiş partizan lideri indi də yerli marksist partizanlara qarşı mübarizədə təlimatçı, antipartizan savaşda neoliberal Kolumbiya hakimiyyətinin əsas məsləhətçilərindən birinə çevrilir. Və məhz onun 1975-ci ildə dünya şöhrətli şair və inqilabçı Roke Daltonu ABŞ kəşfiyyatının göstərişi ilə şərləyib öldürtdüyü bəlli olur. 

Həm də təkcə Daltonu yox - 1983-cü ilin 6 aprelində təşkilatın rəhbərliyində 2-ci şəxs olan qadın - 54 yaşlı Melida Montes öldürülür. Bu qətldə partizanların həmin vaxt Liviyada olan lideri, yazıçı Salvador Kaetano şübhəli bilinir. İttihamlara dözməyən Kaetano 6 gün sonra intihar edir. Qeyri-rəsmi lider isə 32 yaşlı Xoakin Vilyalobos seçilir. İllər sonra bu qətlin də arxasından onun adı çıxır. Beləliklə, inqilabın rəhbərlərindən birinin illər uzunu xain və dostlarının qatili olduğu isbatlanır.

İnqilab və xəyanət mövzusu incəsənətdə də yetərincə işlənilib. Fasbinderin "Üçüncü nəsil” filmi buna misaldır. Sol baxışları ilə seçilən rejissor filmdə RAF-ın üçüncü nəslinin deqradasiyasından, polisin və burjuaziyanın əlində necə oyuncağa çevrildiyindən söz açır. İnqilabçıların rəhbəri xaindir, sifarişdən asılı olaraq əqidəli silahdaşlarını qətlə yetirir, həbsə atdırır, digərlərindən isə marionetlər kimi yararlanır.

***

Əgər yazıçı həm də özünün portretini yaradırsa, onda Borxeslə Kilpatrik arasında da oxşarlıq varmı?

Ümumməlum faktdır ki, dünya şöhrətli yazıçı Latın Amerikasının ən odioz fiqurlarını müdafiə edib. Bu isə onun əsərlərindəki humanizmlə tam fərqli mövqedir. Bir sözlə ambivalentlik. Şəxsiyyətin ikiləşməsi.

Əgər Peron Argentinasında Borxesin baxışları mütərəqqi idisə, 1970-ci illərdən başlayaraq yazıçı sağçı və mürtəce mövqeyə meyllənir. O, 1976-cı ildə Çiliyə gələrək Pinoçetlə görüşür, qanlı diktatorun əlini sıxır, Böyük Xaç ordeni alır, kommunizmlə mübarizədə ona uğurlar diləyir, pafoslu nitq söyləyir. Həmin vaxt Çilidə repressiyaların kulminasiyası idi.

Argentinada Borxes 20-ci əsrin ən əclaf fiqurlarından olan diktator Videlanın səhər yeməinə qatılır, onun rejimini "centlemenlərin idarəçiliyi” adlandırır. 

Elə həmin ildə İspaniyaya yollanır və diktator Frankoya təriflər yağdırır.

Elə bu davranışı ilə də özünü Nobel mükafatından məhrum edir. Ziyalıların mühitində Borxes faşist və irticaçı titulu alır. 

Sonralar Borxes deyəcəkdi: O, Pinoçetin və Videlanın qanlı əməllərindən sadəcə xəbərsiz idi. Əcəbdir, bunu bütün dünya bilirdi, Borxes isə yox. Əlbəttə, onun tövbəsinə heç kəs inanmır.

Borxes isə səhvlərini düzəltmək cəhdi kimi izsiz-tozsuz yoxa çıxan insanların müdafiəsinə petisiyalar imzalamağa başlayır. 1982-ci ildə Folklend müharibəsi başlayanda o, Argentina hökumətini "başdanxarab quldurların dəstəsi” adladırır. Həmin müharibə öz ölkələrində ifrat müqavimətlə qarşılaşan iki neoliberalın (Tetçer və Videla) öz xalqlarının diqqətini real vəziyyətdən yayındırmaq vasitəsi idi. Borxes o müharibəni "İki keçəlin daraq uğrunda savaşı” sayır.

Beləliklə, humanizm dəyərlərinə xəyanət edən Borxeslə inqilaba xəyanət edən Kilpatrikin oxşarlıqları üzə çıxır. Sanki Borxes öz obrazını yaradır. Ancaq nəticə fərqlidir - Borxes Kilpatriki edam etdirir ki, özü sağ qalsın...
XƏBƏRLƏR
BLOGLAR