Xəbər lenti

Maqazin 22:27 02.11.2018

""Bozbash pictures" ona görə bağlandı ki" - tanınmış aktyor sirri açdı

Qaynarinfo tanınmış aktyor Nicat Rəhimovun milli.az-a müsahibəsini təqdim edir:

- Nicat, sosial şəbəkələrdə "Bozbash pictures"in dağılması haqqında söz-söhbətlər səngimək bilmir. Layihə həqiqətən fəaliyyətini dayandırıb?

- Son zamanlar mənə və komandamızın hər bir üzvünə bu sualla müraciət edirlər. Deyirlər ki, "Bozbash pictures" darmadağın oldu. Xeyr, "Bozbash pictures" dağılmayıb. Biz hər mövsüm finalında "ölürük", gələn mövsümdə yenidən başlayırıq. Bu ilki mövsümə fasilə vermişik. Artıq 2-3 cü dəfədir ki, fasilə verib, yenidən başlayırıq. Kollektivimiz, dostluğumuz olduğu kimi qalıb.

- Hal-hazırda komanda nə kimi layihə üzərində çalışır?

- Hal-hazırda komanda ilə birgə "Bombaltı" filminə çəkilirik. Film "İlkmedia" şirkətinin məhsuludur və rejissoru Rauf Ocaqverdiyevdir. Bəlkə də bizim indiyə qədər çəkdiyimiz filmlərin içində "Bombaltı" ən maraqlısıdır. Təkcə Piter səfərimiz qalıb, o səhnəni də çəkib filmi bitiririk.

- Nicat, sizi daha çox Şirin obrazı kimi yadda saxlayıblar. Bu obraz sizə çox böyük uğur gətirdi. Amma bu o demək deyil ki, siz digər xarakterli rollarda çıxış edə bilməzsiz.

- Bəli, düz qeyd etdiniz. Mən Şirin kimi daha çox populyarlıq qazanmışam. Elə bilirlər ki, Şirindən başqa heç bir obrazı oynaya bilmərəm.

- Bir il ərzində neçə filmə çəkilmisiniz?

- Bu il tanınmış rejissor İlham Qasımovun da filmində çəkildim. Bundan başqa istedadlı rejissor və dostum Emil Abdullayevin "Əfsanə qayıdır" filmində də çəkildim. Filmin ssenari müəllifi Farizdir. Bu filmdə istedadlı və tanınmış aktyor Fərda Xudaverdiyevlə baş roldayıq. Emil indiyə qədər nə film çəkibsə hamısı uğurlu olub. Inanıram ki, bu film də tamaşaçılar tərəfindən seviləcək. Təxminən 1 il ərzində 3-4 filmdə çəkilmişəm.

- Ümumiyyətlə təklif gələrkən həmişə baş rolları seçirsiniz?

- Çox vaxt elə olur. Amma bu yay bir istisna oldu. Rejissor İlham Qasımovun filmində 2-ci dərəcəli rolda çəkildim. Aktyor fəaliyyətim dövründə ilk film idi ki, 2-ci dərəcəli rolda çəkilirdim. Aktyor var ki, epizodik rol deyəndə qaçır. Təbii ki, bu sözü hər aktyora aid edə bilmərəm. Baxır hansı rejissorun filmində, hansı obrazda çəkilirsən. İlhamın bundan əvvəl "Oğlan evi 2" filmində çəkilmişəm. Elə bir roldur ki, yadda qalacaq. İlhamın çəkdiyi bütün filmlər sevilir və geniş tamaşaçı kütləsi yığır.

- Tənqiddən nəticə çıxaran aktyorlardansız?

- Nə qədər ki, film çəkiləcək, həmişə də tənqid olacaq. Mən çəkildiyim filmlərdə də tənqidlər olur. Demirəm ki, tənqid ola bilməz. Aktyor özünə güvənir, ssenarini oxuyur, fikirləşir ki, hər şey yaxşı olacaq. Sonda rejissor elə bir manevr edir ki, film uğursuz alınır. Tənqidlər də bu zaman yaranmağa başlayır.

- Belə çıxır ki, filmin, serialın uğursuz alınmasının başlıca səbəbi rejissordur?

- Bu tək rejissordan yox, ssenaridən də asılıdır. Rejissor kobud da səslənsə aktyoru oynatmalıdır.

- Nicatın qonorarı çoxdur yoxsa?

- Film əziyyətli bir işdir. Mən də elə bir qiymət deyirəm ki, bu əziyyətimi tamamlasın. Filmlər olub ki, bir çoxundan imtina etmişəm. Niyə görə? Gəlib görmüşəm elə bir şeylərə pul xərcləyiblər ki, aktyoru düşünən olmayıb. Aktyoru dəyərləndirmək lazımdır. Çox az rejissor aktyoru dəyərləndirə bilir.

- Komandanıza yenidən aktyor götürmək istərdiniz?

- Sözün düzü bu haqda düşünməmişik. İnanmıram ki, bu qızıl altılıqdan sonra komandamıza kimsə gəlsin və bizim qədər tanınıb, geniş tamaşaçı kütləsi tərəfindən sevilsin. Biz həm həmkarıq, həm də uşağlıqdan dostuq, ailələrimizə get-gəlimiz var. Düzdü, qonaq aktyorlar olur ki, gəlib çəkilib gedir. Bu qızıl altılıq həmişə olacaq.

- Hansı rejissorun filmində çəkilmək istərdiniz?

- Ad çəkmək istəmirəm, amma bir rejissor var ki, çox istəyirəm ki, onun çəkdiyi filmdə çəkilim. Faciəvi, dramatik janrda böyük məmnniyyətlə çəkilərdim. Çox təəssüf ki, mənə bu tip rollar verilməyib. Triller janrında da özümü sınamaq istəyirəm.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->