Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə etdiyi dəyişikliyə əsasən, 2018-ci ilin yanvarın 1-dən istifadə müddəti bir ilə qədər olan minik avtomobillərinin idxalına tətbiq olunan gömrük rüsumu 75 faiz, istifadə müddəti bir ildən artıq olan avtomobillər üçün 71,4 faiz artırılır.
Bu, təbii ki, özünü avtomobillərin qiymətlərində də göstərəcək. Sözügedən qərar qüvvəyə minmədən artıq avtomobil bazarında qiymət artımı müşahidə edilir. Sputnik Azərbaycan-ın əməkdaşı Badamdarda yerləşən "Avtomobil satışı mərkəzi"ndə olaraq mövcud qiymətlərlə maraqlanıb.
Avtomobil alverçisi Adil Əliyevin sözlərinə görə, o, uzun müddətdir ki, avtomobil satışı ilə məşğul olur:
"Son 2 ildə ölkədə onsuz da avtomobillərin qiyməti artmışdı və alıcı kütləsi çox az idi. Yeni qərar isə ölkədə avtomobil idarə edənlərin sayını kəskin şəkildə azaldacaq".
"Nazirlər Kabinetinin noyabrın 17-də verdiyi qərarına əsasən, 1,5 litrə qədər mühərrik həcmi olan avtomobillərin gömrük rüsumunda artım həyata keçirilməyəcək. Yəni, bu, o deməkdir ki, əhalinin çox hissəsi kiçik mühərrikli avtomobillərə üstünlük verəcək. Bunun müxtəlif səbəbləri ola bilər. Amma bu bahalaşmanın benzinin qiymətinə də təsiri istisnasızdır" — satıcı bildirir.
O deyir ki, hazırda qüvvədə olan qanuna görə, yeni avtomobillərin mühərrikinin həcmi 1500 kubsantimetrdən çoxdursa, hər kubsantimetr üçün 0,40 dollar, bir ildən artıq istismar olunmuş avtomobillərin mühərrikinin həcminin hər kubsantimetri üçün 0,70 dollar gömrük rüsumu alınır: "Yeni qanundan sonra isə, bu, ikiqat bahalaşacaq. Yəni, mühərrikinin həcmi 1500 kubsantimetrdən çox olan yeni minik avtomobillərinin idxal gömrük rüsumu kubsantimetr üçün 0,70 dollar, istismar olunan avtomobillərin mühərrikinin kubsantimetri üçün 1,2 dollar gömrük rüsumu hesablanacaq. Bu, o deməkdir ki, hazırda 50 min dollara satılan avtomobil 60 min dollara və daha baha satılacaq".
A. Əliyevin dediyinə görə, onsuz da bazarda alver azdır və alıcılar daha çox köhnə avtomobillərə üstünlük verirlər: "Alıcılar daha çox "Mercedes" avtomobilinin müxtəlif markalarını soruşur və alırlar. Alıcılarda belə fikir formalaşıb ki, avtomobil bu markadadırsa, deməli keyfiyyətlidir. Amma əslində bu avtomobillərin ehtiyat hissələri çox baha olur".
Digər satıcı Nizaməddin Abdulov isə deyir ki, alıcılar əsasən mühərrikinin həcminə fikir verərək avtomobil alırlar və daha çox kiçik mühərrikli avtomobillərə üstünlük verirlər: "Yeni dəyişikliyə görə, gömrük rüsumu artacaq və bu da o deməkdir ki, mühərrik gücü 2 olan avtomobillərin qiymətinə 2000 manat əlavə ediləcək".
Bazarda "Mercedes" avtomobillərinin 1991-ci ildən bu günə kimi olan bütün markalarını tapmaq olar. Məsələn, bazarda 1991-ci ilə aid "Mercedes 190"-ı 5000 manata, 2005-ci ilə aid "E 280"-ni 19-20 min manata almaq olar. Hazırda bazarda "Niva" və kiçik mühərrikli avtomobillərin satışı çoxluq təşkil edilir.
Satıcılar deyirlər ki, mühərrik həcmi 2-dən yuxarı olan avtomobillərin satışı bəzən aylar çəkir. Ən baha olan isə "Mercesed GL"-dir ki, 70 min dollara satılır.
Bazarda "Range Rover", "Porshe" və digər qiyməti baha olan avtomobillər satışa qoyulub. Amma satıcıların fikrincə, belə avtomobillər bazarda çox az satılır. Çünki bazara daha çox kasıb təbəqə gəlir ki, bu avtomobillərin qiyməti onların büdcəsinə uyğun olmur.
Satıcıların sözlərinə görə, alıcılar böyük mühərrikli avtomobil axtaranda dizellə çalışan avtomobillər axtarırlar: "Amma unudurlar ki, dizellə çalışan avtomobillərin ehtiyat hissələri daha bahadır. Məsələn, "Toyota" tez-tez xarab ola bilər, amma ehtiyat hissəsi o qədər baha deyil. Ancaq dizellə çalışan avtomobil xarab olanda, təmiri 2-3 min və daha çox pul tələb edir".
Bazarda avtomobillərin lizinq və kredit şərtləri də əlverişli deyil. Belə ki, 40 min manatlıq avtomobil 3 illik lizinqli satışla 58 min manata başa gəlir. Kreditlə avtomobil almaq isə daha çətindir. Belə ki, satıcıların sözlərinə görə, kreditlə avtomobil almaq üçün mütləq iş yerindən əmək haqqının məbləğini əks etdirən arayış olmalıdır.
Satıcılar onu da bildirirlər ki, gələn ilin yanvarından köhnə avtomobillərin də qiymətində artım müşahidə ediləcək. Məsələn bu gün 5000 manata satılan 1991-ci ilin "Mercedes"-i gələn il 7000 manata satılacaq: "Onsuz da bazarda vəziyyət gərgindir, gündə heç 5-6 avtomobil satılmır. Bu dəyişiklik bazarı donduracaq. Camaat ucuz, köhnə avtomobil alırdı, onlar da bahalaşacaq".
Şərhlər