Sənət 11:22 18.09.2021

Bu gün: Üzeyir Hacıbəyli 30 il sonra ilk dəfə Şuşada...

Bu gün Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəylinin doğum günüdür. Bu məqsədlə hər il sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

30 ildən sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilk dəfə olaraq Şuşada qeyd olunacaq. Yəni bu gün sentyabrın 18-24-ə kimi ölkəmizdə ənənəvi qeyd olunan "Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı" öz işinə başlayır.

Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda Mədəniyyət naziri, Bəstəkarlar İttifaqının sədri, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və başqalarının iştirakı ilə Fəxri Xiyabanda tədbir keçirilir:

 "Biz hamılıqla Üzeyir bəyin qəbrini ziyarət etdik, qəbrinin üstünə güllər qoyduq, xatirələrimizlə dahi bəstəkarımızı andıq. Biz böyük xalqıq ki, Allah bizə belə bir bəstəkar nəsib edib. Hazırda konservatoriyanın qarşısında festival öz işini davam etdirir. Bu gün həm də Şuşada böyük bir konsert proqramı düzənlənəcək. Həmin konsertdə Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti altında bir neçə ifaçının iştirakı ilə konsert olacaq. Axşam isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında böyük bir konsert proqramı tədim olunacaq".

Bahar Rüstəmli