“Bu yoldakı əngəllərdən biri Qəzza bölgəsində yəhudilərin tikintiyə başlaması olmuşdu”“3 ilə yaxın idi ki, İsrail hərbçilərinin "Mavi Mərmərə"yə hücumundan sonra İsrail tərəfi Türkiyə ilə barışmaq üçün müxtəlif kanallarla danışıqlar aparırdı. Burada həlledici rolu Barak Obama oynadı. O, İsrailin baş naziri Binyamin Netanyahunu aeropotdaca belə bir hərəkətə sövq edib. Amma o demək deyil ki, bu hərəkət prosesin təhrikedici tərəfi olub”.
Bunu
Qaynar.info-ya politoloq Qabil Hüseynli İsrailin Türkiyədən üzr istəməsini şərh edərkən deyib. Politoloqun sözlərinə görə, İsraillə Türkiyə arasında gedən danışıqlarda bir məsələ qəbul edilmişdi: “Bu, Fələstin dövlətinin blokadasının götürülməsi məsələsi idi. Açıq deyim ki, bu məsələdə İsrail tərəfi müəyyən qədər haqlı görünür, çünki Fələstin sülh prosesi, Fələstin dövlətinin yaradılması başa çatmayıb. Belə olan halda ölkənin blokadadan çıxarılması terrorçu qüvvələrin aktivləşməsinə səbəb ola bilər. İndiki danışıqlar zamanı, artıq Amerikanın təhriki ilə Fələstin-İsrail danışıqlarının başlanmasına start verilib. Bu yoldakı əngəllərdən biri Qəzza bölgəsində yəhudilərin tikintiyə başlaması olmuşdu”.
Q.Hüseynlinin fikrincə, Obama Netanyahunu həm də Qəzza bölgəsində tikintilərin davam etdirilməsindən imtina etməyə çağırıb: “Fələstin-İsrail danışıqları başlayarsa, Fələstin müstəqil dövlət kimi mövcud ola bilər. İndiki danışıqlar zamanı Netanyahu Fələstinin blokadasının yumşaltmaq barədə söz verib. Blokadanın tam ləğvindən söhbət gedə bilməz. Daha sonra o izahat verərkən deyib ki, bölgədə ciddi siyasi proseslər gedir. Bu proseslərin ən təhlükəlisi Suriyadır. Suriya çox təhlükəli hərəkətlər edir, əlində olan kimyəvi silahları terrorçu qruplara verməyə çalışır. Bu da İsrail üçün ciddi zərbə ola bilər. Suriyanı tam blokadaya salmaq üçün Türkiyənin İsrail üçün gərəkli olduğunu Netanyahu vurğulayıb. Yəni bölgədə baş verənlər İsrail-Türkiyə münasibətlərini əvvəlki səviyyəyə qaytarmağı aktuallaşdırır. Onu da deyim ki, Türkiyə ilə İsrail arasında barışıq prosesi hər iki ölkəyə lazım idi. Türkiyənin geostrateji mövqeyi İsrail, ABŞ, bütövlükdə NATO ölkələri üçün əhəmiyyətlidir”.
Qeyd edək ki, Martın 22-də İsrailin baş naziri Binyamin Netanyahu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğandan 2010-cu ildə "Azadlıq gəmisi"ndə baş vermiş olaya görə üzr istəyib. R.Ərdoğan üzrxahlığı qəbul edib və əməkdaşlıq münasibətlərinin qurulması üçün razılıq verib. Həmin gün İsrailin və Türkiyənin baş nazirləri arasında telefon danışığı da olub. Bu danışıq isə ABŞ prezidenti Barak Obamanın İsrailə səfəri çərçivəsində baş tutub.
İlkin
Qaynar.info
Şərhlər