“Bu nəşriyyatlar ölkə başçısının sərəncamından sui-istifadə edib, pirat kitab nəşr edirlər...”

“Bu nəşriyyatlar ölkə başçısının sərəncamından sui-istifadə edib, pirat kitab nəşr edirlər...”

Bir neçə gündür ki, Xalq yazıçısı Elçinin "Təhsil” nəşriyyatında çap olunan "Baş” romanının üz qabığı sosial şəbəkədə müzakirəyə səbəb olub. Oxucuların əksəriyyəti kitabın üz qabığında müəllifin şəkilinin olmasını tənqid edərək, bunun müasir olmadığını bildiriblər.

"Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu moderator.az-a açıqlamasında "Baş” romanının çapının əslində "Qanun” nəşriyyatına aid olduğunu bildirdi. Ş. Xuduoğlu bununla yanaşı, adı çəkilən nəşriyyatların pirat kitab nəşr etdiyini dedi:
 
"Əlbəttə, kitabın üz qabığının hazırlanması müəlliflə razılaşdırılır və o, bunu təsdiq etdikdən sonra kitab çapa göndərilir. Amma məsələ burasındadır ki, "Təhsil” və "Şərq-Qərb” nəşriyyatları dövlətin adından istifadə edib piratçılıqla məşğuldur. Yəni dövlət sifarişləri əsasında öz bazalarını qurublar, amma əllərinə kimin kitabı keçdisə, hardan çırpışdırırlarsa, çap edirlər və buna görə də heç kim məsuliyyət daşımır. Məsələn, "Baş” romanını "Qanun” nəşriyyatı çap edib, müəlliflə razılaşdırılıb, Elçin müəllim özü maraqlı olub ki, kitabı biz nəşr edək. Bu kitab hələ satışdadı və satışı bitmədən "Təhsil” nəşriyyatı götürüb romanı çap edib və heç bizdən soruşmayıb ki, bunu nəşr etmək olarmı? 

Bununla yanaşı, "Şərq-Qərb” nəşriyyatı dünya ədəbiyyatı kitablarını çap edir və üstünə də yazır ki, ölkə başçısının sərəncamıyla çap olunub, amma heç birinin müəllif haqlarını almayıb. Sən üstünə prezidentin adını yazıb, pirat kitablar çap edirsən və sabah bu da beynəlxalq skandala səbəb ola bilər. Məsələn, Folknerin kitabını çap ediblər, amma bunun yayım haqları "Qanun” nəşriyyatına aiddir. İndi bunlardan soruşmaq lazımdır ki, niyə sən bunu götürüb çap edə bilərsən? Bütün bu kitablar üstünə ölkə başçısının sərəncamını yazırlar. Bəs ölkə başçısının bu sərəncamıyla niyə oğurluq kitab nəşr edirsən? Düzdü, ölkə başçısı kitab nəşriylə bağlı sərəncam verib, amma bu o demək deyil ki, sən bunu razılaşdırılmadan, müəllif haqlarını almadan nəşr etməlisən. Bu kitablar hamısı təkrar çap olunub kitab dükanlarına verilir, amma bunlar dövlətin adına yaraşan bir məsələ deyil axı. Bunları da adlarını çəkdiyim iki nəşriyyat çap edir və Elçinin kitabı da eyni şəkildə "qurbandı””.

Ş.Xuduoğlu deyib ki, müəlliflərin üz qabığına yalnız klassiklərin şəkillərini verdiklərini qeyd edib: 

"Bizin yanaşma tərzimiz elədir ki, müəllifin şəkilini kitabın arxa tərəfinə yerləşdirib, haqqında məlumat veririk. Üz qabığında yalnız həyatda olmayan və bir az bioqrafik müəlliflərin şəkillərini veririk. Cəfər Cabbarlının bütün əsərlərini çap etmişik və hamısında da üz qabığında öz şəkilini vermişik. Eyni zamanda, Mikayıl Müşfiqin də şəkilini bu cür vermişik, çünki bu yazıçılar həyatda yoxdur, cəmiyyət onları unutmalı deyil. Bir də ki, müəllifin şəkili onun yaradıcılığının bütövləşmiş formasıdır. Amma qaldı ki, ümumilikdə müəllifin şəkilin üz qabığında verilməsinə yaxşı baxmırıq”.

XƏBƏRLƏR
BLOGLAR