Ölkə 18:01 25.01.2022

“Bu qanlı cinayətə Zakir Qaralovla Rüstəm Usubov əl qoydu” – Generalın məhkəməsində sensasion ifadə

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Qaynarinfo xəbər verir ki, yanvarın 25-də  baş tutan iclas uzun illər Daxili İşlər Orqanlarında rəhbər vəzifələrdə çalışmış, iş üzrə zərərçəkmiş Əfsəl Həsənəliyevin sərbəst ifadəsi ilə davam etdirilib. Əfsəl Həsənəliyev məhkəmədən əvvəl sərbəst ifadəsini yazılı şəkildə media mənsublarına təqdim edib. 

Prosesdə zərərçəkən qarşılaşdığı dövləti cinayətdən danışmazdan əvvəl prosessual qaydalarla bağlı fikrini bildirib:
 
"Prezident 13 fevral 2014-cü ildə "Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncam imzalayıb. Həmin sərəncamın 2.6-cı bəndində deyilir ki, məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanı yaradılmalıdır.
 
Möhtərəm Prezident bu sərəncamı 7 il əvvəl verərkən məhz bu günləri nəzərə alıb. Mən, Prezidentin həmin sərəncamına uyğun olaraq prosesin audio-video yazılışını aparacağam. Bunu özüm üçün edirəm. Məhkəmədən xahiş edirəm ki, Prezidentin sərəncamına əməl etsin. Prezidentin bu sərəncamından sonra məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması üçün bir neçə fərman da verib. Hər birində də məhkəmə proseslərinin məhz audio-video yazılışı ilə bağlı bənd var.

Hörmətli hakim, siz, cənab Prezidentin iradəsindən kənara çıxacaqsınızsa, məsuliyyət məsələsinin həll edilməsini tələb edəcəm. Biləsiz ki, bu gün bu salonda təkcə biz zərərçəkənlərin deyil, Azərbaycandakı bütün millətin, sahibkarların taleyi həll olunur. Bu adamlara qanununun ən sərt üzü göstərilməlidir ki, bir daha Azərbaycanda Eldar Mahmudovlar, Zakir Qaralovlar, Rüstəm Usubovlar, Mövlam Şıxəliyevlər, Yasin Məmmədovlar, Təhsin Ağayevlər ortaya çıxmasınlar. Mən 35 il hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə işləmişəm. Sonuncu iş yerim Nəqliyyatda Baş Polis İdarəsi olub. Hüquq-mühafizə orqanlarında çalışdığım dövrdə dəfələrlə təltif edilmişəm, xidmətlərim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib. Dövlətimə, xalqıma vicdanla xidmət etmişəm. Təqaüdə çıxandan sonra isə bizneslə məşğul olmuşam, ailəmin, nəvələrimin rifahı üçün çalışmışam. Yatıb yuxuma da gəlməzdi ki, Eldar Mahmudov başına bir sürü quldur yığıb, iş adamlarına qarşı amansız divan tutur, iş adamlarını girov götürərək ailələri başsız qoymaqla özlərinə var-dövlət toplayarlar. 2013-cü ildə məni MTN-ə dəvət edəndə ağlıma belə gəlməzdi ki, tam qanuni bir fəaliyyətə görə məni həbs edərlər. Həmin ilin sentyabrın 3-də yaşadığım evin qarşısında olarkən tanışım Məcid Anqubazov mənə zəng elədi. Dedi ki, Tbilisidə malları var, həmin malları Bakı şəhərinə gətirmək lazımdır. Mən də Cahangir Məmmədovla danışdım, həmin yükü onun ağır tonnajlı maşını ilə Bakı şəhərinə gətirməyi təklif etdim. Allah Cahangir Məmmədova rəhmət eləsin. Mövlam Şıxəliyevlə Yasin Məmmədov birləşərək ondan külli miqdarda rüşvət aldılar, onun başına müsibət açdılar, özünü öldürmə həddinə çatdırdılar. Bu gün Cahangir Məmmədovun 2 övladı, ailəsi evsiz-eşiksiz, səfil gündədirlər. Onun qanı Mövlam Şıxəliyevlə Yasin Məmmədovun vicdanındadır. Xahiş edirəm ki, Cahangir Məmmədovun özünü öldürmə həddinə çatdırılması epizodu üzrə xüsusi qərardad çıxarıb, araşdırılması üçün Baş Prokurorluğa göndərilsin”.

Əfsəl Həsənəliyev daha sonra ifadəsində qeyd edib:
 
"Məcid sonrakı zənglərində xahiş etdi ki, Cahangirdən bu iş üçün nə qədər pul alacağını da soruşum. Cahangirlə əlaqə saxlayanda dedi ki, Tbilisi şəhərindədir, Məcidin təklifi ilə bağlı heç bir problem yoxdur. Yükü 2500 manat müqabilində Bakı şəhərinə gətirə bilər. Bundan sonra Məcidlə əlaqə saxladım, mənimlə Gürcüstana getməyi təklif etdi. Mən də razılaşdım. Məni Balakənə, evinə dəvət etdi. Sentyabrın 4-də Balakənə getdim. Gecəni Məcidgildə qaldım. Sentyabrın 5-də Məcidlə "Balakən” kafesinə getdik. Orada Məcid məni Elmanla tanış elədi. Elman Orxan və Sərdarı da çağırdı, onlara dedi ki, gedirsiniz Tbilisi şəhərinə, Arifi taparaq Məcidlə görüşdürüsünüz, sizin daha heç nə ilə işiniz yoxdur. Bundan sonra mənə məxsus "Nissan Altima” markalı avtomobilim ilə Tbilisi şəhərinə getdik. Orada Arif adlı azərbaycanlı ilə görüşdük. Arif bizi Gömrük Terminalının bazasına apardı. Orada olan kardon qutuları göstərdi, dedi ki, bunlar "skoçlar”dır, qalanları isə pirotexniki vasitələrdir. Uzun müddət polis orqanlarında işlədiyim üçün pirotexniki vasitələrin Azərbaycana aparmağın qadağan olduğunu bilirdim. Buna görə də Məcidi bayıra çıxardım, bu barədə dedim. Məcid isə dedi ki, narahat olma, Cahangir bilər, mən bilərəm. Bir qədər sonra Cahangir zəng elədi, 3 nəfərlə birlikdə terminala gəldi. Cahangir də Məcidə dedi ki, pirotexniki vasitələrin Azərbaycana aparılması qadağandır. Bunun üçün mütələq şəkildə FHN-dən lisenziya alınmalıdır. Bu yerdə bir qədər haşiyəyə çıxaraq bildirmək istəyirəm ki, mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri "Sədərək” bazarından ölkəyə pirotexniki vasitələr gətirələcəyini xəbər alıblar. Buna uyğun da əməliyyat qurublar. Lakin, mən və mərhum Cahangir Məmmədovun pirotexniki vasitələrin Azərbaycana deyil, İrana aparılması təklifini irəli sürdük, malların məhz İrana aparılması üçün hazırladıq, sənədləşdirdik. Orada müştəri tapmağımızdan dolayı bunların əməliyyat planı pozuldu”.

Əfsəl Həsənəliyev bildirib ki, Mövlam Şıxəliyev və onun mütəşəkkil dəstəsinin üzvləri onların pirotexniki vasitələri Azərbaycan deyil, İrana aparmalarını öyrəniblər:
 
"Əsilində vəziyyətin belə olduğunu öyrənəndə bu şəxslər nə etməli idilər? Bir raport yazaraq açdıqları işin içinə qoymalı idilər ki, pirotexniki vasitələr Gürcüstandan Azərbaycana deyil, İrana aparıldığından iş üzrə əməliyyat-istintaq hərəkətləri dayandırılır. Bunlar nə ediblər? Azərbaycan ərazisindən tranzitlə keçən, müvafiq gömrük sənədləşməsi aparılan, 2 gömrük maşının, gömrükçülərin nəzarəti ilə İrana aparılan yükü saxlayıblar. Gömrükçülərlə əlbəyaxa olub, zor tətbiq etməklə həyasızcasına yük maşının onlardan alıb və MTN-in müvəqqəti saxlanc yerinə aparıblar. Hansı ki, həmin mallar ölkə ərazisindən sadəcə tranzit qaydada keçirilib. Bununla bağlı gömrük orqanlarında bütün rəsmi sənədləşmələr aparılıb. Bunu Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevin o zaman MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyevə ünvanlandığı 25 sentyabr 2013-cü il tarixli məktubu da təsdiqləyir”.

Əfsəl Həsənəliyev həmin məktubun mətnini məhkəmədə elan edib və tədqiq olunması üçün hakimə təqdim edib: "Mövlam Şıxəliyev bu məktubu alandan sonra nə etməli idi? Mən, Məcid Anqubazov, Elman Məsimov, Orxan Abdullayev, Sərdar İsmayılov və Cahangir Məmmədovu dərhal həbsdən azad etməli, üzr istəməli idi. Çünki Mövlam Şıxəliyevə aydın olmuşdu ki, bizlər tam qanuni şəkildə Gürcüstandan aldığımız fişəngləri Azərbaycan qanunları çərçivəsində, Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq yük daşımaları ilə bağlı müqavilələrə uyğun olaraq, tranzit haqqını ödəməklə İrana aparıb, orada satmaq niyyətində olmuşuq. Bizim bu hərəkətlərimizi adı cinayət yox, ticarət olub. Başda Mövlam Şəxəliyev olmaqla başına yığdığı mütəşəkkil cinayətkar quldur dəstə bunu biləndən sonra nə ediblər? İlk növbədə 1 yük maşını pirotexniki vasitəni ələ keçirməklə İranda satılması nəzərdə tutulan yükü Azərbaycan ərazisində satdırıblar. Bu gün də 660 min manat dəyəri olan yükün harada olması sualı açıqdır.

Xahiş edərəm ki, bizdən zorla alınan mallarımızın harada olmasını müəyyən edilməsi üçün xüsusi qərardad çıxarmaqla aparışdırılması üçün Baş Prokurorluğa göndərilsin. Bizim malımız qaytarılsın”.

Zərərçəkmişin sözlərinə görə, onlara qarşı cinayət bununla yekunlaşmayıb, bu adamlar cinayətlərini davam etdirirlər:
 
"Bizlərin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə qondarma 1041 saylı saxta, uydurma cinayət işi başladılar. Mövlam Şıxəliyev ibtidai istintaqın aparılmasını dəstənin üzvü Yasin Məmmədova həvalə etdi. Bu qanlı cinayətə Zakir Qaralovla Rüstəm Usubov da əl qoydular. Mən "qanlı cinayət” ifadəsini elə belə işlətmədim. Çünki bu adamların hərəkətləri nəticəsində heç bir günahı olmayan Cahangir Məmmədovun qanı axdı, dünyadan köçdü. Yasin Məmmədov Məcid Anqubazovu da qanına–qəltan eləmişdi. Zakir Qaralovla Rüstəm Usubov Mövlam Şıxəliyevin qanunsuzluğuna qol qoymasaydı, bizə qarşı cinayət baş tutmayacaqdı. Ona görə də Zakir Qaralovla Rüstəm Usubovun da bu işə qismində bu məhkəmədə dindirilməsini tələb edirəm. Bu adamlar da tamahları üzündən bizə qarşı cinayət törədiblər. Bundan başqa Zakir Qaralovla Rüstəm Usubovun barəsində xüsusi qərardad çıxarılmasını və tədbir görülməsi üçün baş prokurora göndərilməsinin təmin edilməsini istəyirəm. Bir daha qeyd edirəm ki, Zakir Qaralovla Rüstəm usubovun qolu olmasaydı, təqdimata qol çəkməsəydilər, 21 sentyabr 2013-cü ildə Səbail rayon Məhkəməsi barəmizdə həbs qərarı seçə bilməzdi”.

Əfsəl Həsənəliyev deyib ki, həbsə alınandan sonra MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyev onu dəfələrlə saxlanıldığı təcridxanadan xidməti kabinetinə, həmçinin mütəşəkkil dəstənin üzvü Yasin Məmmədovun vasitəsi ilə onun xidməti kabinetinə çağırıb:
 
"Təhsin Ağayev, Yasin Məmmədov və Nadir Mustafayev hər dəfə Mövlam Şıxəliyevin adından həbsdə saxlanılacağımı, ən ciddi həddə azadlıqdan məhrum ediləcəyimi, ağır cəzaya məhkum olunacağımı, istintaq təcridxanmasında və gələcəkdə cəza çəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağımı deyirdilər. Mövlam Şıxəliyevin adından məndən 100 min manat istəyirdilər. Deyirdim ki, məndə o qədər pul yoxdur. Bu adamlar MTN-i cinayət, alver yuvasına çevirmişdilər. Mən özümü ermənilərin əlində olan girov hesab edirdim. 5 ay həbsdə başıma müsibət açdılar. Sonda azad edilməyim üçün 100 min manatdan 50 min dollara endilər. O zaman Yasin Məmmədov öz xidməti otağında mənə bir sirr açdı. Dedi ki, sizin barənizdəki təqdimatı Zakir Qaralovla Rüstəm Usubov qol çəkib. Ona görə də pul verməsən, səni buradan heç kim buraxmayacaq. Onların hesabları çatmasa, burada çürüyəcəksən. Yasin Məmmədov mənə deyirdi ki, pulu özün verə bilmirsənsə, bir pullu iş adamının adını çək, nişan ver, onu tutaq, ikin saata pulunu alaq, səndən də əl çəkək. Bunların xisləti, mahiyyətləri budur. Təki pul alsınlar deyə hər cür naxələfliyə hazır idilər. Bu adamlar məni də, bütün zərərçəkənlər kimi xəstəlik adı ilə azad ediblər. Bunu üçün nə etdilər. Yasin Məmmədov Nadir Mustafayevlə vəkil Xavər Həsənovun vasitəçiliyi ilə ailəmdən 7 min manat aldılar. Bundan sonra Yasin Məmmədov məni Təhsin Ağayevin yanına apardı. Təhsin Ağayevlə birgə Mövlam Şıxəliyevin yanlına getdik. Orada Mövlam Şıxəliyev dedi ki, 7 min manat vermisən, 28 min manatı da həbsdən azad ediləndən sonrakı 10 gün ərzində çatdırmalısan. Məni 5 ay müddətində məhkəməyə, ekspertizaya başımda qara torba gəzdirirdilər. Sanki Bin Laden idim. Psixoloji basqı edirdilər ki, məndən pul qoparsınlar. O zaman Təhsin Ağayev Mövlam Şıxəliyevə barəmdəki ekspertizanın hansı şəkildə həll ediləcəyini soruşdu. Mövlam Şıxəliyev də dedi ki, ekspertiza məsələsini özü həll edəcək. Belə də oldu. Mövlam Şıxəliyevin tapşırığı əsasında məhkəmə-tibbi ekspertizasından 12 fevral 2014-cü il tarixli rəy alındı. Yazdılar ki, təcridxana şəraitində saxlanılmağımı istisna edən ağır xəstəlikdən əziyyət çəkirəm. Yasin Məmmədov həmin rəyə istinad edərək 19 fevral 2014-cü ildə barəmdəki həbs qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz etdi”.

Əfsəl Həsənəliyevin sözlərinə görə, həbsdən azad olunduqdan sonra da ondan əl çəkməyiblər:
 
"Burada özünü məsum uşaq kimi aparan Yasin Məmmədov mənim həyatımı qaraladı. Gündə 5-10 dəfə zəng etdi, pul tələb edirdi. Pulu düzəldə bilmirdim. MTN-ə çağırdılar, dedilər ki, həbs edəcəyik, pulu gətir. Mən məcbur evimi banka girov qoydum, pul aldım. Aprelin 5-də Yasin Məmmədova xidməti otağında 28 min manatı da verdim. Bu gün də ağır, çətin vəziyyətdəyəm. Mənə vurdurları maddi, mənəvi ziyana görə Mövlam Şıxəliyevin, Yasin Məmmədovun çox sərt şəkildə cəzalandırılmasını tələb edirəm”.

Prosesdə Əfsəl Həsənəliyev prokurorun və digər proses iştitrakçılarının suallarını cavablandırıb.

Dəmir barmaqlıq arxasında əyləşən təqsirləndirilən Mövlam Şıxəliyev səslənən ittihamlara başını aşağı əyməklə heç bir reaksiya verməyib. Lakin Yasin Məmmədov bildirib ki, o, zərərçəkmiş Əfsəl Həsənəliyev dən heç vaxt pul almayıb. Daha sonra prosesdə vaxti ilə Əfsəl Həsənəliyevin vəkili olmuş Xavər Hüseynova ifadə verib. O, Əfsəl Həsənəliyevin ailəsi arasında vasitəçi olmaqla, 7 min manatı Yasin Məmmədova çatdırması ilə bağlı danışıb. Əfsəl Həsənəliyev Xavər Hüseynovanın ifadəsinə etiraz edib.  Bundan sonra bir neçə şahid ifadə verib. Bundan sonra proses fevralın 1-ə qədər təxirə salınıb.
 
Bakı Hərbi Məhkəməsində keçirilən iclasa jurnalistlər buraxılmır. Aylardır davam edən, açıq keçirildiyi elan olunan məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib. 

Seyid

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?