Xəbər lenti

“Bu, qanunla yolverilməzdir”
Siyasət 14:51 13.04.2013

“Bu, qanunla yolverilməzdir”

Gözəl Bayramlı: “Hesab etmirəm ki, “El” hərəkatı başqa siyasi partiyaların bazasında hərəkatı formalaşdırmağa çalışır”

Müsavat Partiyası Məclisinin aprelin 6-da keçirilən toplantısında bəzi partiya funksionerləri yeni siyasi birliklər, eləcə də “EL” Hərəkatı barədə tənqidi fikirlər səsləndirib. Müsavat funksionerləri partiyanın sosial bazasından istifadə edən “EL” Hərəkatını tənqid ediblər. 

Sabiq millət vəkili, Müsavatın Divan üzvü İkram İsrafil deyib ki, "EL"in təşkilatlanma prosesində Müsavatdan və onun yerlərdəki fəallarından istifadə etməsinə düzgün baxmır: “Müsavatın yerli təşkilatlarından bir neçə nəfərin "EL"in regionlarda şöbələrinin təsis olunmasında iştirak etməsi ilə bağlı məlumatım var. EL rəhbərliyində təmsil olunanlar demişdi ki, hərəkat bu günədək siyasi proseslərdən kənarda qalan insanları proseslərə cəlb edəcək. Əlbəttə, bu, çox gözəl ideya idi və əgər gerçəkləşsəydi, onu alqışlayardıq. Amma sadəcə, Müsavatın bazasında və ya onun bölgələrdə, eləcə də Bakı kəndlərində yaşayan tanınmış üzvlərindən istifadə etməklə təşkilatlanması heç nəyi dəyişməyəcək. Cəbhəçi, müsavatçı, ADP-çi, AMİP-çi və digərləri onsuz da siyasətdə var. Ancaq "EL" daha əvvəl indiyədək siyasətdə olmayan insanların prosesə cəlb olunmasına çalışacaqlarını deyirdi. Mən çıxışımda buna işarə etmişəm”.

“El” Hərəkatının sədr müavini Eldəniz Quliyev onlara qarşı sürürən ittihamlara cavab verərkən deyib ki, belə ittihamlar səsləndirməzdən əvvəl deyilən sözə diqqət etsinlər: “Bildiyim qədər, bu haqda Müsavatın funksionerləri danışıb. Mən bu deyilənlərlə qətiyyən razı deyiləm. Biz Müsavatla müttəfiqik, bir-birimizə mənəvi dəstək veririk. Biz Müsavatın, bu partiyanın güclənməsini istəyirik. Mənə elə gəlir ki, İkram İsrafil özü də səhv dediyini anlayır”.

Bəs, görəsən, özünü ana müxalifət partiyalarından biri hesab edən Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) bu məsələdə Müsavatla mövqeləri üst-üstə düşürmü? 

AXCP-nin sədr müavini Gözəl Bayramlı Qaynar.info-ya deyib ki,  “El” hərəkatı da siyasi fəaliyyətlə məşğuldur: “Bir siyasi partiyanın üzvü olan adamın digər siyasi təşkilatda olması yolverilməzdir. Ümumiyyətlə, qanun buna yol vermir. Biz belə situasiyaya ilə rastlaşmamışıq. Hesab etmirəm ki, “El” hərəkatı başqa siyasi partiyaların bazasında hərəkatı formalaşdırmağa çalışır. Bəzən mətbuatda, “Facebook” sosial şəbəkəsində təşkilatlanırlar”.


AXCP funksionerinin sözlərinə görə, AXCP bütün siyasi partiyalarla, təşkilatlarla normal münasibətləri var: “Bu məsələdə heç bir problem yoxdur. “El” hərəkatı da təşkilatlanma mərhələsindədir. Partiya sədri Əli Kərimli Eldar Namazovla bir neçə dəfə görüşüb. Hərəkat yaranmamışdan əvvəl də görüşlər keçiriblər. Bu əməkdaşlıq hələ də davam edir”.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->