Sudanda milyonlarla insan illərdir aclıq içində yaşayır, lakin Qərb, Afrika və ya müsəlman ölkələrindən heç bir reaksiya yoxdur. Nə siyasi, nə də media müzakirələrində Sudan mövzusu gündəmə gəlmir.
Qaynarinfo xəbər verir ki, yerli səhiyyə idarəsinin məlumatına görə, yalnız əl-Faşir şəhərindəki xəstəxanalarda bir həftə ərzində əsasən qadın və uşaqlar olmaqla 63 nəfər qida çatışmazlığından ölüb. Əslində, aclıqdan ölənlərin sayı daha çox ola bilər, çünki bir çox xəstələr artıq xəstəxanaya çata bilmir.
Əl-Faşir 2024-cü ilin may ayından Çeviq Dəstək Qüvvələri (RSF) tərəfindən mühasirədə saxlanılır. 2023-cü ilin aprelindən bəri Sudanda vətəndaş müharibəsi gedir. 14 milyon sakin qaçqına çevrilib. BMT-nin hesablamalarına görə, əhalinin yarısı - 24,6 milyon nəfər - kritik ərzaq çatışmazlığı vəziyyətindədir.
BMT-nin Sudandakı keçmiş xüsusi nümayəndəsi Folker Pertes "Bild"ə açıqlamasında bildirib: "Sudandakı aclıq unudulmayıb, sadəcə olaraq görməməzliyə vurulur".
BMT aclıq vəziyyətini beşpilləli şkala ilə qiymətləndirir. Sudandakı göstəricilər belədir:
* 24 milyondan çox insan 3-cü səviyyədədir - kifayət qədər ərzağın olmaması, xəstəliklərin artması, kəskin qida çatışmazlığı təhlükəsi.
* 8,1 milyon insan 4-cü səviyyədədir - kəskin ərzaq çatışmazlığı, demək olar ki, heç bir qida yoxdur, çoxları sağ qalmaq uğrunda mübarizə aparır.
* 638 min nəfər isə ən yüksək - 5-ci səviyyədədir. Bu insanlar, təcili yardım göstərilməsə, aclıqdan öləcək.
UNICEF-in məlumatına görə, beş yaşdan kiçik üç milyondan çox uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkir, onlardan 700 mindən çoxunun həyatı təhlükədədir. 17 milyondan çox uşaq məktəbə gedə bilmir. Qızlar daha çox seksual zorakılıq, insan alveri və məcburi nikah riskinə məruz qalır. İyul ayında xolera hallarında artım müşahidə olunub - 83 min yoluxma qeydə alınıb, 2100 nəfər ölüb. Xəstəxanaların yalnız 30 faizi fəaliyyət göstərir. İçməli su, gigiyena vasitələri və dərman çatışmazlığı yaşanır.
Sudanda çoxlu münbit torpaq mövcuddur. Ölkə əvvəllər ərzaq ixrac edirdi. Lakin müharibə səbəbindən fermerlər artıq nə əkə, nə də məhsul toplaya bilirlər. Mallar cəbhə xəttini keçə bilmir.
Folker Pertes izah edib: "Humanitar yüklər yolda qalır, çünki tərəflər aclığı silah kimi istifadə edir və ərzaq çatdırılmasını qəsdən bloklayırlar".
O, aclıq probleminin görməməzliyə vurulmamasına çağırır. Beynəlxalq ictimaiyyət üz çevirdikcə, müharibə tərəfləri də ərazi qazanclarına davam edə biləcəklərinə inanır. Atəşkəs əhalinin əzabını yüngülləşdirə və vətəndaş cəmiyyətinə uzunmüddətli sülh üçün bərpa imkanı verə bilər.
"Welthungerhilfe” təşkilatının fikrincə, Sudandakı vəziyyət çox güman ki, daha da pisləşəcək, çünki iyul-sentyabr ayları zəif məhsuldarlıq dövrüdür.
Aydın
Şərhlər