"Baxıram ki, hər kəs Kinematoqrafçılar İttifaqının qurultayı və seçiləcək sədr barədə ağlına gələni danışır. İzləyirəm, oxuyuram və bunlar mənə ağır gəlir. Qapı açıq olanda belə adamın abır-həyası olmalıdır. Mən hər kəsə bunu qadağan edirəm".
Bu sözləri Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Onun sözlərinə görə, şəxsiyyətindən, yaşından, sənətindən asılı olmayaraq heç kəs kino haqqında cəfəngiyyat danışmamalıdır:
"İctimai rəyi çaşdırmayın, insanları narahat etməyin. Zaman daralır. Kimin namizədi varsa, qurultayda təqdim etsin".
Xalq artisti qeyd edib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı dövlət büdcəsindən maliyyələşən qurumdur və qurultay nizamnaməyə uyğun keçiriləcək:
"Orada kino ilə bağlı planlar müzakirə olunacaq, açıq səsvermə ilə namizədlər irəli sürüləcək və sonda idarə heyəti və sədr seçiləcək".
Aktyor bildirib ki, özü sədrliyə namizəd olmayacaq, lakin müəyyən bir namizədi dəstəkləyəcək:
"Mən öz namizədliyimi irəli sürməyəcəm. Amma bir namizəd təklif edəcəm. O elə bir adam olmalıdır ki, Azərbaycan dövləti və ictimaiyyəti qarşısında nüfuzu olsun, kino sənayesinin bərpasına real töhfə verə bilsin".
Əbdül Mahmudbəyov əlavə edib ki, vəzifə uğrunda şəxsi ambisiya güdənlər bu sahədən uzaq durmalıdır:
"Kimin məqsədi gün keçirtməkdirsə, başqa yerə üz tutsun. Mənim 82 yaşım var, bu yaşda sədr olmaq fikrim yoxdur. Mənim üçün əsas məsələ Azərbaycan kinosunun bərpasıdır".
O vurğulayıb ki, yaradıcılıq onun üçün əsas prioritet olaraq qalır və imkan yaranan kimi yenidən kino fəaliyyətinə qayıdacaq:
"Mənim üçün bir müqəddəs maraq var, o da Azərbaycan kinosu və kinostudiyanın bərpasıdır. Bərpa olunan kimi mən oradayam, filmimi çəkib, rolumu oynayacam. Bütün ömrüm boyu yaradıcılıqla məşğul olmuşam. Aktyor kimi tanınmışam və buna dövlət səviyyəsində də dəyər verilib".
Bahar Rüstəmli
Şərhlər