Xəbər lenti

Milyarderin oğlu Eskobarın begemotlarını ölüm hökmündən xilas etmək istəyir
Dünya 22:44 29.04.2026

Milyarderin oğlu Eskobarın begemotlarını ölüm hökmündən xilas etmək istəyir

Narkobaron Pablo Eskobarın "kokain begemotları”nın nəslinin Hindistandakı özəl "Vantara” qoruğuna köçürülməsi təklif olunur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” nəşri məlumat yayıb.

Məlumdur ki, 1993-cü ildə Eskobarın ölümündən sonra onun əyləncə məqsədilə gətirdiyi dörd begemot təbiətdə sərbəst qalıb. Hazırda onların sayı 200-dən çoxa çatıb və bu, Kolumbiyada ekoloji problemə çevrilib. Yerli faunanı təhdid etməsi və bitki örtüyünü məhv etməsi səbəbilə hökumət heyvanların öldürülməsi üçün rəsmi plan hazırlayıb.

Hindistanlı milyarder Mukeş Ambaninin varisi bu prosesə müdaxilə edərək heyvanların məhv edilməsinin qarşısını almağa çalışır. O bildirib ki, begemotları şüurlu varlıq hesab edir və təhlükəsiz köçürmə mümkün olduğu halda onların xilas edilməsi humanist yanaşma olmalıdır.

Məlumatlara görə, hər biri təxminən 2 ton çəkisi olan 80 begemotun daşınması əməliyyatı 4 milyon dollardan çox vəsait tələb edə bilər.

Ambani artıq Kolumbiya hökumətinə rəsmi müraciət edərək köçürməyə icazə verilməsini istəyib. Onun fikrincə, heyvanlar mövcud vəziyyətə görə məsuliyyət daşımır: "Bu 80 begemot harada doğulacağını seçməyib və hazırda üzləşdikləri vəziyyəti onlar yaratmayıb".

Bununla belə, "Vantara” qoruğu ətrafında mübahisələr davam edir. Minlərlə heyvanın saxlanıldığı bu mərkəzlə bağlı bəzi beynəlxalq təşkilatlar etik narahatlıqlarını ifadə edib. Ambani ailəsi isə bütün ittihamları rədd edərək Hindistan Ali Məhkəməsinin qərarlarına istinad edir.

Qoruq rəhbərliyinin açıqlamasına görə, onların mərkəzi belə xüsusi heyvanların qəbuluna tam hazırdır: "Vantara" bu təşəbbüsü dəstəkləmək üçün lazım olan təcrübəyə, infrastruktura və qətiyyətə malikdir və bunu tamamilə Kolumbiyanın şərtlərinə uyğun şəkildə həyata keçirməyə hazırdır".

Aydın
--> -->