Hüseynbala Səlimov
Siyasət 12:48 21.08.2018

Bu sərsəm, sərsəm dünya...

Hüseynbala Səlimov

Geopolitika hamının ağlını çaşdırıb. Adam, necə deyər, ucundan tutub ucuzluğa da gedə bilmir, çünki böyük dövlətlərin qovğası fonunda kiçik ölkələrin kasıblarının yorğanı əldən gedir.

İctimai nəqliyyatda gediş haqları qaldırılarkən bu acı prosesin davamlı olub-olmayacağı haqda bir yazı yazdıq, amma oxunaqlı saytlarımızdan biri yazının oxunmaması üçün hər şeyi etdi, bu isə elə də çətin bir məsələ deyil, yetər ki, çox oxunaqlı bir yazının adını dəyişərək mücərrəd bir başlıq qoyasan.
Amma nə yaxşı ki, bizim bu saytımız da var və başqa yerlərdə yaza bilmədiklırimizi burada çözə bilirik. Qərəz, ictimai nəqliyyatdakı gediş haqları qaldırılandan sonra heç iki-üç həftə keçmədi ki, benzinin düz iki markasının da bahalaşdığı məlum oldu. 

Hələ bilmirik ki, həmin markanın bahalaşması hansı zəncirvari proses yaradacaq və yaxud da yarada biləcəkmi? Amma bu benzin məsələsi ki, var, həm qəliz məsələdir, həm də vacib, çünki bunun adını "enerjidaşıyıcıları” qoyublar və belə ərz edirlər ki, hər şeyin qiyməti son nətcədə bundan asılıdır.
O ki qaldı məsələyə sosial münasibətə, hələki yalnız fərdi gileyləri və deyinmələri eşidirik, insanlar ürəklərində təşviş keçirsələr də bunu açıq biruzə verməməyə çalışırlar –ümid edirlər ki, bahalaşma prosesi bir təhər sovuşacaq, çünki region dövlətləri ciddi iqtisadi problemlər yaşasa da, neftimizin qiyməti yüksək səviyyədə qalmaqda davam edir, həm də onun ucuzlaşması üçün elə bir əsas da yoxdur, əksinə çevrəmizdəki son proseslər "qara qızıl”ın daha da bahalaşacağını güman etməyə əsas verir. 

Amma ilkin ictimai reaksiyalar həm maraqlıdır, həm orijinal. Söhbət etdyimiz bir rayon əhli son illərlə bağlı müqayisə apararaq çox maraqlı fikir dedi: "Əvvəllər soyuducuya işləyirdik, indisə səhər gətirib axşam yeyirik, daha soyuducuya da ehtiyac yoxdur”...

Qərəz, günümüz - güzəranımız budur. Məhz onun diqtəsilə geopolitika ilə bağlı yazmağı planlaşdırdığımız qeydləri güzəran giley-güzərına çevirdik. Başqa nə etmək olar? Son nəticədə insanları müasir geopolitik qarşıdurmaların incə mətləblərindən daha çox bunun ən adi vətəndaşların həyatındakı ifadəsi maraqlandırır. 

Hərçənd, bəri başdan onu da deyim ki, sosial həyatda baş verənlərin hamısının geopolitikanın diqtəsilə baş vediyini iddia etmirik, çünki ayıq-sayıq oxucularımız dərhal soruşa bilər ki, bizim metroda gediş haqqının bahalaşması ilə D.Trampın Çin haqqında nə düşünməsi arasında nə əlaqə ola bilər axı? Yaxud bu, bizim bəzi rusofillərin yenidən KTMT və Avrasiya Birliyi söhbətlərini ortaya atması ilə necə bağlı ola bilər?.. 

Bəli, birbaşa əlaqə yoxdur. Amma gəl, dolayı əlaqə tapmaq olur. Məsələn, ABŞ-ın az qala, Dünyanın yarısına müharibə elan etməsi malların və xidmətlərin istər - istəməz bahalaşmasına səbəb olur. 

Digər bir tərədən, iqtisadi sarsıntılar və onların sosial-ictimai ifadəsi bizim siyasi sayıqlığımızı azaldır, vətəndaş reaksiyamızı kütləşdirir, hamı öz sosial– məişət qayğılarına qapanır. Əlaqə ilk növbədə bundadır və budur.

O ki qaldı Dünyanın sərsəmliyinə, onun təbii möhtəşəmliyi necə heyrətamizdirsə, ictimai məzmunu bir o qədər ürəkağrıdandır. Ona görə ki, təbiətin memarı Tanrı özüdür, bu Kəhkanın kiçik bir hissəsində, Yer adlı planetdə isə ictimai münasibətləri də, ictimai arxitekturanı da biz insanlar yaratmışıq – Tanrı bunun sorğu - sualını bizdən hələ bir müddət sonra soruşacaqdır.

Ona görə də burada ötəri olsa da, bir məqamı qabartmaq istərdik. Düşünürük ki, o, heç də bizim sosial-məişət qayğılarımızdan az önəm kəsb etmir. Bu da təkrar gündəmə gətirilən KTMT və Avrasiya Birliyi söhbətidir. Hamı üzdə bunu sırf Qarabağ problemilə bağlayır, guya ki, biz bu iki təşkilata üzv olan kimi ermənilər cəmi Qarabağdan rədd olub gedəcəklər!..

Amma mən bu bəyanatların səmimiliyinə qətiyyən inanmıram. Birincisi, ona görə ki, 1993-99-cu illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsinin də iştirakçısı olmuşuq, indiyədək də MDB-nin üzvüyük. 25 il keçib, amma ki, bu illər ərzində bir kənd və bircə yüksəklik qaytarmışıq– bu da öz ordumuzun sayəsində...
İkincisi, mənə həmişə elə gəlir ki, Qarabağ məsələsi əslində bir bəhanədir, isdarə olunanların da, idarə edənlərin də əsl mərəzi tamamilə başqadır. 
İdarə olunan kütlənin böyük hissəsi bunda sadəcə, özünün nostalji hisslərinin nəhayət ki, gerçəkləşməsinin, sovetlərlə bağlı həsrətinin çin olmasının yolunu görür: guya ki, KTMT-na və ya Avrasiya Birliyinə üzv olan kimi, bütün keçmiş sovet məkanı yenidən bizim olacaq, bütün zavod və fabriklər işə düşəcək, hamı daimi işlə təmin olunacaq, yenidən, vur-tut, 40 rubla Moskvaya uça biləcəyik! Bircə onu deyəcəm ki, bunların heç biri OLMAYACAQ, çünki həmin təşkilatlara üzv olan digər ölkələrdə bunlar olmadı...

İdarə edənlər də tamamilə başqa bir məqsəd güdürlər, hər halda, bizə belə gəlir. Yox, onların bu gün hər hansı bir siyasi problemləri yoxdur. Amma on ildən, iyirmi ildən sonra nəsə ola bilər, ona görə də yerlərini bərkidirlər ki, bundan da özlərini sığorta etsinlər. Fəqət ki, əbədi heç nə,  heç bir şey olmur, xüsusən də bu sərsəm Dünyada... 

Baxın, hətta prezident B.Obamanın vaxtında nə Çin problemi vardı, nə İranla bağlanmış sazişi pozmaq haqda planlar, nə də Avropa ilə, Türkiyə ilə indiki ziddiyyətlər! İnidisə Dünya qazan kimi qaynayır və daha ağıllı ölkələr ona çalışırlar ki, qaynar qazan onların üstünə aşmasın...