İnzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbu üzrə elan olunmuş müsahibələrdə iştirak üçün müraciəti qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) Qaynarinfo-ya verilən məlumata görə, DİM tərəfindən dövlət orqanlarında olan vakant vəzifələr Mərkəzə təqdim edildikdən sonra qanunvericiliyə uyğun olaraq həmin vəzifələrin tutulması üçün müsahibələr elan edilir.
Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Dövlət qulluğuna qəbul imtahanlarının test mərhələsi isə ayda bir dəfə elektron və ya kağız daşıyıcılar vastəsilə həyata keçirilir.
İndiyədək DİM tərəfindən müsabiqənin müsahibə mərhələsi üzrə 5 elan verilib. 2 müsahibə elanı üzrə namizədlərin qeydiyyatı artıq bitmişdir. Qeyd edək ki, elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yaxın günlərdə yenidən müsahibə elanları veriləcək.
Xatırladaq ki, hazırda 26 yanvar və 7, 8 fevral tarixlərində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir. Namizədlərin təqdim olunan vakant vəzifələr üzrə qeydiyyatı qanunvericiliyə uyğun olaraq 30 gün müddətində aparılır və qeydiyyat müvafiq olaraq 23 fevral, 8 və 9 mart tarixlərinə qədər davam edəcək.
26 yanvar tarixində elan olunmuş müsahibədə Təhsil Nazirliyi rayon təhsil şöbələrində inzibati vəzifələrin 7-ci təsnifatına uyğun olan icraçı vəzifələr üzrə 189 vakant yer, 7 fevral tarixində elan olunmuş müsahibədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant yer, 8 fevral tarixində elan olunmuş müsahibədə isə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə 193 vakansiya təqdim olunmuşdur. Sertifikat əldə etmiş, həmçinin 18 fevral 2018-ci il tarixində keçiriləcək dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanından uğur əldə edənlər müsahibələrdə iştirak üçün qeydiyyatdan keçə bilərlər. Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.
Qeyd edək ki, 18 fevral 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanada iştirak etmək üçün BB vəzifə qrupu üzrə 1174, BA vəzifə qrupu üzrə isə 363 namizəd olmaqla, ümumilikdə 1537 nəfər qeydiyyatdan keçmişdir. İmtahan iştirakçılarına elan edilmiş və ediləcək müsahibə elanlarını daim izləməyi və yalnız işləmək istədikləri orqan və vəzifənin müsabiqəsində iştirak etməyi tövsiyə edirik.
Şərhlər