Xəbər lenti

Bundan bütün evlərdə var, amma ölümcül fəsadlarından xəbərsizsiniz!
Sağlamlıq 21:40 15.11.2017

Bundan bütün evlərdə var, amma ölümcül fəsadlarından xəbərsizsiniz!

Onkoloji xəstəliklərə yol açan ağır metallar və kanserogenlərin bir mənbəyi də işlənmiş batareyalardır.

"Qaynarinfo"  Medicina.az-a istinadən xəbər verir ki, dermatit, bronxit, civə ilə zəhərlənmə, beyin xəstəlikləri, sinir zədələnmələri, böyrək xəstəlikləri, dəri xəstəlikləri, sümük xəstəlikləri – işlənmiş batareyalarla çirklənmiş ərazilərin insanları bu problemlərdən daha çox əziyyət çəkir.

Fikir vermisinizsə, batareyanın korpusunda zibil qabı işarəsi yoxdur. Bu o deməkdir ki, onu zibil qabına atmaq olmaz: nə evdəki zibil qabı, nə məhlədəki, nə şəhərdəki, nə də ümumi şəhər zibilxanasına. Sivil ölkə və şəhərlərdə batareyaları təhvil alma məntəqəsi var ki, əhalidən yığılan yararsız batareyalar xüsusi olaraq zərərsizləşdirilir, yəni utilizasiya olunur.  Biz isə illərdir evdən çıxan batareyaları nəinki zibil qutusuna, torpağa atırıq, hətta  uşaqlara oynamaq üçün veririk. Torpağa atılan batareyaların korpusunun altında bir növ zibil qutusu kimi yer var və bura bütün zəhərli maddələr yığılır.
 
Məişət tullantıları ilə birgə torpağa atılan barmaq boyda bircə batareya 20 kv metr torpağı və 400 ml suyu çirkləndirir, toksinləşdirir.

Ağır metallar, duzlar, civə, konsarogen maddələrlə dolu olan kiçik "ölüm bombası” azı 10 il təhlükəli olur. Təsəvvür edin, həmin torpaqlar bizim evimizin yanındadı, orda nəsə bitir, torpağın altı ilə bu maddələr yeraltı su mənbələrinə keçir. Beləcə, ağır metallar su ilə orqanizmimizə düşür.

Əgər bir ölkədə batareyaların uterizasiyası aparılmırsa, heç kim zəmanət verə bilməz ki, o ölkədə su, yemək, torpaq ilə insanların bədəninə ağır metallar, toksinlər, civə və kanserogen keçmir. Və heç kim bunun qarşısını ala bilməz. Bütün bunlar onkoloji, beyin, reproduktiv xəstəliklərin tüğyan etməsinə səbəb ola bilər və olur da.

İndi bu suala cavab verin: illərdir işlətdiyiniz kiçik batareyaları sonradan nə edirsiz, hara atırsız?

Təsəvvür edin, bir binadan il ərzində neçə ədəd batareya atılır. Bəzən küçədə, parklarda belə yerə atılmış batareyalar görmək olar. Tutaq ki, sıravi insanlar bu problemi bilmir. Axı alimlər, həkimlər, mütəxəssislər, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi... bu məsələyə aidiyyəti olan dövlət və qeyri dövlət qurumları var. Axı qonşu Rusiyada belə batareyaların əhalidən qəbulu üçün xüsusi məntəqələr, bu işlə məğul olan qurum, zavod fəaliyyət göstərir.

Dünyada elə ölkələr var ki, orda şəhərlərdə onlarla aktiv gənc işlənmiş batareyaların yığılması ilə məşğuldur. İnsanlar təbiətin, öz sağlamlıqlarının, uşaqlarının gələcəyinin qeydinə qalmalıdır.

Necə ki, hərarət ölçən yerə düşüb qırılanda insan üçün təhlükəlidirsə, eləcə də batareyalar ciddi təhlükə, hətta  fəlakət mənbəyidir...

Ölkəyə batareya idxal edən şirkətlər tonlarla batareyanı sata bilir.

Bəs sonra zəhərli məhsullarının aqibəti ilə maraqlanırmı? İnsanlara işlənmiş batareyalarla necə davranmalı olmağı izah edirmi? Maarifləndirmə aparırmı? Əlbəttə ki yox!
 
Bu ugün ölkədə 5-10 adam bu haqda bilgilidir. Ona görə də evlərdə körpə uşağın əlində lazımsız batareyalar oyuncaq kimi dolaşır.

Hətta zibilliyə atılan batareyalar zavodda yandırılsa da, zəhərli maddələr havaya keçmiş olur. Bu isə daha da pis nəticə deməkdir.

İşlənmiş köhnə batareyalar xüsusi zavodda xüsusi avadanlıqlarla zərərsizləşdirilməlidir. Belə bir zavod hətta Ukraynada da var: Argentum.

İşlənmiş batareyanın evdə, torpaqda, boş ərazidə, suda qalması ilə toksiki maddələrin insan orqanizminə keçməsi nəticəsində yarana biləcək xəstəlikləri sadalayırıq:
 
-        Onkoloji xəstəliklər, mənşəyi bilinməyən şişlər

-        Görmənin zəifləməsi

-        Dəri xəstəlikləri, dermatit, ekzema

-        Sümük əriməsi

-        Böyrəklərdə duzlar, daşlar, şişlər

-        Ağciyər xəstəlikləri, allergik bronxit

-        Əsəb pozğunluğu, beyin geriləməsi

-        Yorğunluq, halsızlıq, səbəbi bilinməyən nasazlıq

-        Uşaqların qüsurlu doğulması, gec inkişafı

İşlənmiş batareyanın tərkibində: kadmiy, maqniy, civə, nikel, qurğuşun var. Bunlar hamısı insan üçün ölüm mənbəyidir.
 
Nə etməli:

-        Dəfələrlə doldurula bilən batareyalar almalı;

-        Üzərində "kadmiysiz”, "Civəsiz” yazılan batareyalar seçməli;

-        Uşaqları batareyalardan uzaq tutmalı;

-        İşlənmiş batareyanı dərhal şüşə banka və ya ağzı bağlı konteynerə yığıb, sonradan torpaqda  elə o qabdaca dərin basdırmalı;

-        Amma ən vacib məsələ: batareyaların zibilliklərdən ayrılması, əhalidən toplanması işi ilə ciddi məşğul olub, sivil ölkələrdə olduğu kimi batareyaların uterizasiyası işini qurmalı.

Bu təhlükə ilə bağlı Medicina.az-a danışan kimya elmləri doktoru, professor İslam Mustafayev bildirib ki, Azərbaycanda civə tərkibli batareyalar, lampalar utirilizasiya olunmadan poliqonlarda basdırılır və ya yandırılır, yəni, bu tullantıların utirilizasiyası Azərbaycanda keçirilmir:

"Azərbaycanda hər il adambaşına təqribən 250 kiloqram məişət tullantısı düşür. Bunun da 2 faizə qədəri təhlükəli tullantılardır. Təhlükəli tullantılara batareyalar, tibbi ləvazimatlar, lampalardır ki, onların içərisində civə olur. Bu tullantılar  ətraf mühitə yayıldıqda insanlar üçün müxtəlif növ xəstəliklərə səbəb olur. Xüsusən də uşaqlar üçün çox təhlükəlidir. Çox təəssüf ki, civə tərkibli batareyalar, lampalar utirilizasiya olunmadan poliqonlarda basdırılır və ya yandırılır. Düzdür, son dövrlərdə tullantılarla bağlı zavodlar istifadəyə verildi. Amma hər halda tullantıların böyük bir qismi idarə olunmur. Azərbaycana ildə təqribən 3 min batareyalar daxil olur. İşlənmiş batareyaların atılması nəticəsində ətraf mühitə 1 tona yaxın civə atılır. Nəticədə havaya və torpağa parçalanan bu maddə ciddi problemdir. Civənin insan orqanizminə, ətraf mühitə təsirini azaltmaq üçün bir çox ölkələr öhdəliklər götürür. Və Azərbaycan da BMT inişaf proqramı ilə birlikdə bu öhdəliklərə hazırlaşır. Yaxın gələcəkdə civə tərkibli batareyaların məişət tullantılarından ayrılması və təhlükəli tullantılar poliqonuna verilməsi işində çox  güman ki, tədbirlər görüləcək”.

Azərbaycan tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl da bildirib ki, civə tərkibli batareyaların tullantısı mütləq utirilizasiya olunmalıdır:
 
"Azərbaycanda bu tullantıların utirilizasiya olunmamasının iki səbəbi var. 

Birinici səbəb, bu tip tullantıların utirilizasiyasının sənaye sifarişi, sənaye obyekti yoxdur.

İkincisi isə Azərbaycanda tullantılarla bağlı görüləcək tədbirlərə yenicə başlanılıb. Məsələn, şəhər tullantılarının yandırılması üzrə zavod istifadəyə verildi. Yəni hazırda utirilizasiyası məsələsi gündəmimizdə deyil. Əgər bu tullantıların utirilizasiyası olmazsa, o zaman bu tullantılar müxtəlif yollarla sulara qarışar və canlılarda ağır metal zəhərlənmələrinə yol açar. Ağır metal zəhərlənmələri çox vaxt yeni doğulan uşaqlarda kəm ağıllıqla özünü göstərir. Digər zərərləri isə sinir sistemi ilə bağlıdır. Yəni bu tip maddələr insan orqanizminə təhlükədir”.

Bakıda təhlükəli tullantıların zərərsizləşdirilməsi işləri necə aparılır?

Respublika ərazisində təhlükəli tullantıların idarə olunması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri çərçivəsindədir. "Təmiz Şəhər” ASC məsələ ilə Medicina.az-ın sorğusuna belə cavab verib:
 
"Məişətdə istifadə olunan bir sıra təhlükəli tullantılar, məsələn, işlənmiş batareyalar, lümünisent lampalar, termometrlər bir sıra hallarda bərk məişət tullantılarına qarışaraq tullantı konteynerlərinə düşür. Həmin konteynerlərdən tullantılar Bakı Şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətləri Müəssisəsi tərəfindən toplanaraq bir hissəsi birbaşa Bakı bərk məişət tullantılarının yandırılması zavoduna (BBMTYZ), digər hissəsi isə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna (BBMTÇZ) daşınır. BBMTYZ-a daşınan tullantılar 850 dərəcə temperaturda yandırılır. Yandırılma zamanı emissiyalara avtomatlaşdırılmış nəzarət sistemi vasitəsilə nəzarət olunur və hər hansı bir maddənin artması müşahidə edildikdə sistem avtomatik olaraq absorbentlərin dozasını dəyişərək atmosferə zərərli maddələrin atılmasının qarşısını alır.

BBMTÇZ-na gələn tullantılar çeşidlənir. Tullantıların tərkibində təhlükəli tullantılar gəldikdə müvafiq qablara yığılır. Həmin tullantılar sonradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təhlükəli tullantılar” MMC-nə təhvil verilir”. 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->