Xəbər lenti

“Buta Airways”-dən şikayətlər çoxalır — Şirkətdən unikal cavab
Ölkə 10:28 09.12.2017

“Buta Airways”-dən şikayətlər çoxalır — Şirkətdən unikal cavab

Son vaxtlar "Buta Airways” aviaşirkətinin təklif etdiyi xidmətlər barədə şikayətlər çoxalıb.

Qaynarinfo Ölkə.Az-a istinadən xəbər verir ki, son vaxtlar ölkə mətbuatında və bir sıra sosial şəbəkələrdə "Buta Airways” aviaşirkətinin müştəriləri aldatdığı qeyd edilir. Bildirilir ki, şirkətin xidmətindən yararlanan müştərilərin bəziləri ziyana gedir.

Belə şikayətlərdən biri də, dekabrın 8-də jurnalist Fidan Afər tərəfindən "Facebook” səhifəsində yazılıb. Şikayətdə vurğulanıb ki, "Buta Airways” aviaşirkəti razılaşmaya əsasən satdığı biletin dəyişdirilməsi üçün 50 faiz cərimə əvəzinə 60 faiz əlavə pul tutublar.

"Deməli, "Buta Airways” rəsmən insanlara kələk gəlir. Belə ki, öncədən bileti alanda, şərtləri yazır ki, dəyişsəniz 50 faiz pulunuzdan tutulacaq. Ancaq, bileti dəyişmişik və 50 faiz yerinə 60 faiz pul tuturlar. Deməli, 48 dollarlıq bileti 24 dollar pul tutmaqla dəyişməlidirlərsə, bunlar 36 dollar pul kəsirlər. Səbəb olaraq, isə o günə yer yox idi və s. Amma, yalandır. Yer yox idisə, ayın 31-nə necə bilet aldıq, bəs? Axı bileti alanda, niyə 50 faiz deyirsiniz? Digər tərəfdən isə ev yoldaşım 47 dollarlıq online bilet alıb və baxıb ki, bank hesabından 58 dollar bilet pulu çıxıblar. Belə də, "moşennik”lik olar? Dəyərli həmkarlar, bu tək bizdə deyil, bir çox sərnişinlərdə yaşanıb. Xahiş edirəm, bunların saxtakarlıqlarını araşdırın”, - deyə Fidan Afər bildirib.
 
Bundan başqa, bəzi Kütləvi İnformasiya Vasitələrində bildirilir ki, "Buta Airways” müştərilərin yüklərinə görə yüksək pul tələb edir. Eyni zamanda, şirkət sərnişinlərə yolda pulsuz təklif etdiyi yemək yalnız sendviç və sudan ibarətdir. Yəni, "Buta Airways”in təyyarələrində yaxın və ya uzaq məsafəyə uçan sərnişinlər hesab ödəmədən yalnız sendviçlə qidalanmaq məcburiyyətindədirlər. Təbii ki, sendviçlə aclığı ram edə bilməyən sərnişinlərin isti yemək sifarişi onlara nə az, nə çox – 7,9 avroya başa gələcək. Eyni zamanda, uşaqlara təklif edilən qida üçün də 7,9 avro tələb olunur.

Sosial şəbəkələrdə və KİV-də qeyd edilən bir sıra şikayətlərə aydınlıq gətirmək üçün şirkətlə əlaqə saxladıq. "Buta Airways” aviaşirkətinin "qaynar xətti”nə zəng  etdik və uzun fasilədən sonra şirkətin şikayətləri qəbul edən əməkdaşı ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, şikayəti olan müştərilər şirkətə rəsmi şəkildə müraciət edə bilər.

"Tarif dəyişikliyi üçün tutulan cərimə 50 faiz olur. Əlavə 12 dollar isə sentlər arasında fərqdir. Bu həmişə var. Bu təkcə bizim şirkətdə deyil, bütün "Ekonom” siniflər üçün nəzərdə tutulan xidmətlərdə var. Hər biletin öz qaydası var. Ona görə də, şikayət edən şəxsin biletinə baxılmalıdır. Bundan başqa, əgər online ödəmə zamanı biletin məbləğindən artıq pul çıxılıbsa, bu zaman müştəri istifadə etdiyi bankla əlaqə saxlamalıdır. Ola bilər bankda valyuta arasındakı fərq hesablanır”, - deyə şirkətdən bildirilib.

Şirkət haqqında səsləndirilən digər şikayətlərə gəlincə, "Buta Airways” əməkdaşı bildirdi ki, bununla bağlı açıqlamalar verilmir: "Bizim şirkətin rəsmi internet səhifəsi, "qaynar xətti”, eyni zamanda elektron poçtu var. Burada bütün şikayətlər qəbul edilir və cavablandırılır. Şirkətimizdə elə sahə yoxdur ki, hər hansı saytda yayılan xəbəri cavablandırılsın”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->