Hüseynbala Səlimov
Siyasət 12:05 10.02.2020

Bütün planet Rusiyaya arxa çevirsə belə...

Hüseynbala Səlimov

"Əşi, heç belə də qış olar? Qar da yağmır ki...”! Bizimkilər əvvəl belə deyir. Amma elə ki, azacıq qar yağır, sual da bir azacıq dəyişir və "Belə də şəhər olar?” şəklinə düşür...

Bəli, təzəcə hazırlaşmışdıq ki, "Belə də şəhər olar?” soruşaq, biz özümüzü yığışdırana, istirahət günü yuxusunu bitirənə qədər bir də gördük ki, axşamdan orda-burada qalan narın qar da artıq əriyib qurtarıb.

Bilmirəm, bəlkə də mənim bu kiçik yazım işıq üzü görənədək Təbiət daha bir cəhd edəcək və Bakının küçələrinə, damlarına qar yağdıracaq, amma mən yazmaqda ikən hələ bunun ciddi işarəsi görünmürdü...

Belə də isə mən heç də qardan-yağışdan, küləkdən-filandan yazmaq fikrində deyildim. Ən azı ona görə ki, bomboş və bomboz küçələrimizdə amansız və insafsız külək fanta, kola şüşələrini ora-bura dığırlatmaqda, vıyıldaya-vıyıldaya bir dalandan digərinə keçməkdə, selofan paketləri göydə uçurmaqda ikən ulu dövlətimizin başına qar yağdı – Avropa Şurası əlinə nə qədər qartopu keçdisə bizə tərəf tulladı. Bizim də siyasi xormeystrlərin əlindən o, gəldi ki, başladılar Avropa Şurasını hədələməyə ki, bəs biz sənin sıralarını tərk edə bilərik, çünki sən bizləri aldatmısan, Dağlıq Qarabağ problemini həll etməmisən!..

Bəndəniz də məcbur oldu ki, sizin yadınıza bəzi məqamları salsın. Birincisi, Avropa Şurası Dağlıq Qarabağ problemini həll etməklə bağlı hər hansı öhdəlik götürməyibdir, əksinə bizim boynumuza öhdəlik qoyub ki, bəs biz problemi istisanasız olaraq sülh yolu ilə həll edəcəyik. 

Avropa Şurası isə söz vermişdi ki, bizim dövlətimizi və cəmiyyətimizi abıra salmağa, onu qitənin demokratik ölkələrinə bənzətməyə çalışacaq, burada da insan haqlarının, demokratiyanın vəziyyətinə nəzarət etməyə cəhd edəcəkdir. 

İkincisi də Dağlıq Qarabağ məsələsinin həllinə gəldikdə, bunu ilk növbədə BMT-dən soruşmalı və lazım gələrsə, onun sıralarını tərk etməliyik, çünki belə problemləri adətən bu təşkilat həll edir, amma o, bu xüsusda indiyədək 4 qətnamə qəbul edib ki, bunların da hamısının tələbləri kağız üzərində qalıb. 

Üçüncüsü, hamını Qarabağ problemini həll etməməkdə qınayan hökumətimiz nədənsə tamam unudur ki, bu problemi hamıdan əvvəl o, həll etməli idi...
Nə isə, başınızı çox da ağrıtmayacam. Onsuz da ciddi məsələləri oxumağı sevmir camaatımız, hətta çaşıb oxusa belə özünə əziyyət verib bundan hansısa bir nəticə çıxarmır. 

Bu da sovet adamları, yəni homosoveticus-lar üçün çox xarakterik haldır. Düzdür, sovet dövrü tamamilə keçmişdə qalıb, o dövrün gəncləri artıq nənə və babadırlar. 

Amma problemin qəlizliyi də elə bundadır da: həmin nənə və babalar indi nəvələrini homosoviticus ruhunda tərbiyə edirlər. Yəni, soruşsalar ki, bəs dəvə görmüsənmi, de ki, heç qığını da görməmişəm! Heç bir vaxt xalqı düşünmə, unutma ki, xalqçün ağlayan göz kor olar! İşinin xatirinə hətta erməniyə "dayı” de və s. və i...

Prinsipcə, sovet azərbaycanlısının "əxlaq kodeksi” haqda bundan ən azı iki dəfə artıq yaza bilərdim. Amma məndən əvvəl bunu rusiyalı sosioloq Yu.A.Levada müəllim edibdi; homosoveticusun "əxlaq kodeksi”ni tərtib edibdir...

Yeri gəlmişkən, bu yaxınlarda Levada müəllimin sosioloji mərkəzinin növbəti sorğuları haqqında oxudum. Təsəvvür edin, rəyi soruşulan insanların yalnız 22 faizinin prezident V.Putinin növbəti həngaməsindən – Konstitusiyaya hazırladığı düzəlişlərdən xəbəri var! Sonra da deyirlər ki, bəs Putin avtoritar liderdi, diktatordur və s. və i. Halbuki bu adam elə eyni uğurla götürüb bütün Konstitusiyanı ləğv edə bilərdi! Nə olacaqdı ki?!. Uzağı ölkə əhalisinin maksimum 25 faizi bundan xəbər tutacaqdı...

Qayıdaq özümüzə, öz Azərbaycanımıza. Bəzi az oxumuş, amma çoxbilmiş qardaşlarımız deyir ki, əşi, nə olsun ki, Avropa Şurası bizi pisləyir, əvəzində V.Jirinovski tərifləyir ki!.. 

Formal baxımdan tamam düzdür. Özü də təkcə V.Jirinovski tərifləmir, A.Duqin də tərifləyir, digər Kreml gədaları da ünvanımıza ən bəlağətli sözlər söyləyirlər: guya ki, bütün planet Rusiyaya arxa çevirsə belə, biz azərbaycanlılar yenə də Moskvanın yanında olacağıq!.. 

Vallah, inanmağım gəlir, inanmaq istəyirəm, amma qəti qərara gələ bilmirəm, çünki biz hələ kiminləsə dövlət olaraq münasibət qurmağa başlamamışıq. Biz daha çox hakimiyyət olaraq münasibət qururuq ki, bu da bir az qəliz məsələdir: hakimiyyətlər bütün hallarda əbədi deyillər, bu gün var, sabah isə yoxdurlar...