Qlobal istiləşmə dünyanın qarşısında ciddi təhlükələr yaratdığı bir dövrdə, "hər şərdə bir xeyir var" ifadəsini xatırladan hadisələr də baş verir. Buzlaqların sürətlə əriməsi ilə birlikdə alimlər və arxeoloqların belə izah etməkdə çətinlik çəkdiyi sirli tapıntılar gün üzünə çıxır.
Qaynarinfo xəbər verir ki, son illərdə buzlaqların əridiyi bölgələrdə qəribə alətlər, heykəllər və insan qalıqları tapıldığı üçün arxeoloqlar bu ərazilərə axın edirlər. Sürətlə inkişaf edən və "buzlaq arxeologiyası" adlanan bu sahədə lider ölkələrdən biri Norveçdir.
Burada həyata keçirilən "Buzun sirləri" (Secrets of Ice) adlı araşdırma proqramının rəhbəri Espen Finstad indiyədək təxminən 4500 ədəd tapıntının aşkar edildiyini və bunun dünya üzrə buzlaq arxeologiyası tapıntılarının yarıdan çoxunu təşkil etdiyini bildirib.
Alimlər bu tapıntılardan istifadə edərək qədim peşələr və ticarət yolları ilə bağlı məlumatları bir araya gətirməyə çalışırlar. Xüsusilə bu il tapılan bəzi əşyalar tədqiqatçıları belə təəccübləndirib.
Min illərdir Norveçin buzlaqlarını aşaraq ticarət aparan insanlar
Daş dövründə ovçuluq, səyahət və ticarət yollarının Norveçin sahil bölgələri ilə daxili hissələri arasında yerləşən dağlardan keçdiyini bildirən Finstad "Business Insider"ə açıqlamasında belə deyib: "Bu ticarət yollarının bəziləri buz üzərindən keçdiyi üçün şanslıyıq".
Qədim səyahətçilərin arxada qoyduğu əşyalar əsrlərlə buzların altında qorunub. Lakin son onilliklərdə enerji ehtiyaclarını qarşılamaq üçün istifadə edilən fosil yanacaqlarının yanması nəticəsində atmosferə yayılan istixana qazları qlobal temperaturun artmasına səbəb olub və buzların sürətlə əriməsinə yol açıb.
Əsrlərlə dəyişməyən əşyalar
Buzlaqların əriməsi ilə birgə içlərində gizlənən qədim əşyalar da ortaya çıxır. Bu tapıntılardan bəziləri müasir dövrə bənzər xüsusiyyətlərə malikdir. Məsələn, bu gün istifadə edilənlərə çox oxşayan qalın, barmaqsız əlcəklər insanların əsrlərdir əllərini eyni üsulla isindirdiyini göstərir.
Bununla yanaşı, tamamilə fərqli əşyalar da var. Bir tərəfi sivrilmiş taxta dirəyin digər ucuna bərkidilmiş dörd dişli metal alət ilk baxışda qazmanı xatırlatsa da, arxeoloqlar onun yumurta, xəmir və oxşar qarışıqları hazırlamaq üçün istifadə edilən çırpıcı olduğunu düşünürlər.
"Buzda çoxlu xəzinə gizlidir"
Arxeoloqların ən məhsuldar tədqiqat apardığı ərazilərdən biri də Lendbreen səth buzlağı və onun ətrafıdır. "Oradakı buzda çoxlu xəzinə gizlidir" deyən Finstad qeyd edib ki, Lendbreen Vikinqlər dövründə və Orta əsrlərdə geniş istifadə edilən səyahət marşrutu olub.
Bu səbəbdən arxeoloqlar sürətlə əriməkdə olan bu bölgəni hər il ziyarət edirlər. Sonuncu dəfə 2024-cü ilin yayında baş verən ərimə bir çox yeni kəşflərlə nəticələnib. Finstad bildirib ki, xüsusilə mövsümün sonundakı ərimə çox sürətli idi.
"Hədiyyə kimi idi, çox gözəl idi”
Finstad və yeddi arxeoloqdan ibarət komandası buzların altından çıxan əşyaları araşdırmaq üçün onlarla bölgəyə baş çəkib. Yük atlarının köməyi ilə avadanlıqları daşıyan tədqiqatçılar Lendbreendə düşərgə quraraq burada doqquz gün qalıblar.
Finstad ən yaxşı qorunmuş iki oxun da bu araşdırmalar zamanı tapıldığını bildirib. Onlardan biri buzun üzərində sanki kəşf edilməyi gözləyirmiş kimi uzanıbmış. Adətən tapıntıları çıxarmaq üçün bir qədər qazıntı apardıqlarını deyən Finstad bu oxu isə heç bir çətinlik çəkmədən götürdüklərini vurğulayıb. "Buzda bu qədər yaxşı qorunmuş oxlar tapmaq nadirdir. Bu səbəbdən hədiyyə kimi idi. Çox gözəl idi", deyə o əlavə edib.
Bir ox ucu nələr danışır
Finstadın sözlərinə görə, buzlaqlardan çoxlu sayda ox tapılıb. Çünki Dəmir dövrü və Orta əsrlərdə maral ovu demək olar ki, sənaye səviyyəsində həyata keçirilib. İnsanlar bu heyvanları həm özləri yemək, həm də bazarlarda satmaq üçün ovlayıblar.
Həmin oxlar qədim cəmiyyətlər barədə mühüm məlumatlar verir. Məsələn, bəzi ox başlıqları uzaqdakı çaylarda yaşayan midyaların qabıqlarından hazırlanıb. Bu isə insanların uzun məsafələrə səyahət etdiyini və ticarət yollarının istiqamətlərini müəyyənləşdirməyə kömək edir.
Ötən mövsümdə tapılan bəzi tarixdənqabaq dövrə aid oxlar hətta tüklərinə qədər qorunub qalıb. Bu tüklərin olduqca həssas olduğunu və minlərlə il ərzində salamat qalmasının son dərəcə nadir olduğunu bildirən Finstad, belə tapıntıların çox dəyərli olduğunu vurğulayıb.
Hər şeyin nə olduğunu müəyyənləşdirmək mümkün deyil
Finstad bəzi tapıntıların olduqca qəribə olduğunu bildirib. Kiçik taxta, dəri və ya parça qalıqlarının nə məqsədlə istifadə edildiyini müəyyənləşdirmək isə demək olar ki, mümkün olmur.
O, Lendbreendə 2024-cü ildə təxminən 50 kiçik, sirli əşya tapdıqlarını qeyd edərək deyib: "Bunlar gündəlik həyatda istifadə edilən müxtəlif xırda əşyalardır. Vikinglər dövrünə və ya daha qədim dövrlərə aiddirlər. Bu əşyaları başqa arxeoloji kontekstlərdə tapmaq olmur. Ən azından Norveçdə belədir. Çünki bu əşyalar yox olur, təbiətdə itib gedir".
Qışın gəlməsi və güclü qar yağışları arxeoloqların işini çətinləşdirsə də, Finstad bildirib: "Amma bu yay haraya baxmalı olduğumuzu bilirik. Geri qayıtmaq üçün səbirsizlənirik".
Aydın
Şərhlər