Hüseynbala Səlimov
Siyasət 12:16 05.06.2018

“Böyük şahmat oyunu" əlavə templər alırmı?

Hüseynbala Səlimov

Kim bir məqsəd uğrunda aramsız çarpışırsa, gec-tez istəyinə çatır. Heç bilmirəm nədəndir, amma hər dəfə Ukraynanın, Gürcüstanın və Moldovanın NATO - ya üzvlük istiqamətindəki səylərini seyr edərkən istər - istəməz ağlıma bu sözlər gəlir, baxmayaraq ki, Şimali Atlantika Blokunun növbəti sammiti artıq, necə deyərlər, qapını kəsdirib və iyulun 11-12-də baş tutmağı vəd edir, fəqət, sammitin gedişində adını elə indicə çəkdiyimiz ölkələrə hansı vədlərin veriləcəyi hələ qətiyyən bəlli deyil.

Amma bunlar bizim GUAM üzrə müttəfiqlərimizi heç də həvəsdən salmır, əksinə onlar əmindirlər ki, Alyans daxilində öz yerlərini tutacaqları günə çox qalmayıbdır. Hazırda üç ölkə NATO-ya üzv olmaq istəyən dövlətlərin parlament ittifaqını yaratmağa hazırlaşır və bununçün  yaxın vaxtlarda bir araya gəlməyi planlaşdırırlar. 

Ruslarsa bütün bunları gizlində ciddi təlaşla, aşkarda isə ironiya ilə seyr edirlər. İmkan düşəndə NATO-nun Ukraynaya verdiyi "aspirant dövlət” statusuna lağ edir, ölmüş, özlərindən və bir də ki, İrandan savayı kimsənin tanımadığı Əsəd rejimini Abxaziyanın və Cənubi Osetiyanın "suverenliyini” tanımağa vadar edirlər...

Amma proseslər gedir, özü də intensiv bir şəkildə. İndi əsas geosiyasi dördlüyün (ABŞ, Rusiya, İran və Şimali Koreya) fəallıq etdiyi müstəvidə çox maraqlı tendensiyalar və qruplaşmalar sezilir. Tramp Kim Çen Inla anlaşarsa, nəinki Nobelə real namizəd olacaqdır, üstəlik, gücünü və resurslarını digər iki hədəfə - Rusiyaya və İrana qarşı səfərbər etmək üçün əlavə imkanlar qazanacaqdır.

Məsəl var, deyir ki, hər hansı bir əməl qalmaqala nə qədər yaxındırsa, bir o qədər də Nobelə yaxındır. Trampın aktivində artıq bir qalmaqal var və bu, Yerusəlim məsələsidir. Fəqət, çətin ki, buna görə ona Nobel ödülü versinlər, çünki bu məsələdə Avropa ölkələri əks cəbhədə qərarlaşıblar. 
Di gəl, Trampın ehtiyatında başqa qalmaqallar da var. Bunlardan biri Kim Çen Inla anlaşma ola bilər. Digərisə daha bir neçə əski sovet ölkəsini NATO-ya üzv etmək kimi ifadəsini tapa bilər. Hətta Nobel alınmasa da bütün bunlar Trampın təkrar seçilməsinə şərait yarada bilər. 

Bura onu da əlavə etmək lazım gəlir ki, Trampla ABŞ siyasət maşını arasında bir ildən artıq davam edən savaş deyəsən, ikincinin qələbəsilə bitdi və hazırda demək olardı ki, Tramp əsl respublikaçı prezident kimi görünür...

Bizim NATO-ya həvəsli üçlüyə gəldikdəsə, Gürcüstanın baş naziri hətta ölkəsinin Alyansa üzv olacağı tarixi deməkdən çəkinmir. Elə Poroşenko cənablarının da sevimli mövzusu NATO-dur. Bunun sözsüz ki, sosial və psixoloji tərəfləri də var; çoxu düşünür ki, AB-ə və ya NATO -ya üzvlük problemlərin birdəfəlik həlli deməkdir. Amma təbii ki, belə deyil, ən azı Yunanstanı və yaxud da Birliyi tərk edən Britaniyanı yada salmaq olardı. 
Sözsüz ki, Avropa siyasi, iqtisadi və təhlükəsizlik müstəvisi artıq müəyyən təminatlar deməkdir, amma tamam-kamal qurtuluş da deyildir. Bütün hallarda, bir çox ölkələr, özü də ən əhəmiyyətliləri təhlükəsizliyini bu çətir altında görürsə, deməli buna can atmağa dəyər və belə səylər heç də faydasız deyil.
Düzdür, "Rusiya amili”ni diqqətə gətirərək bundan çəkinməyə səsləyənlər də az deyil. Amma bu səylər də əbəsdir, ən azı ona görə ki, deyəsən, növbəti geosiyasi çəkişmə artıq start götürüb; ABŞ yenidən "döşəyi” Rusiyanın altından çəkməyə başlayıb...

Özü də deyəsən, bu savaşın bir ucu da gəlib Cənubi Qafqaza çatıbdı – Ermənistandakı proseslər, Gürcüstan əhlinin narahat durumu, hər halda, belə gümanların əsassız olmadığını deməyə əsas verir. 

Bütün hallarda,aydındır ki, heç nəsiz, necə deyərlər, elə-belə artıq toyuqlar da yumurtamır, ondan qala, "rəngli inqilab”lar ola. Biz bu sətirləri yazarkən məlum oldu ki, Dağlıq Qarabağ erməniləri arasında da həyəcanlamalar və lokal etirazlar başlayıb. Düşünürk ki, bu, da təsadüfi deyil –bölgə hələ Qarabağ siyasi klanının nəzarətindədir. 

Heç sözsüz ki, "inqilab arxitektorları” anlayırlar ki, həmin müstəvidə dəyişiklik olmadan hakimiyyətin tam yeniləşməsindən söhbət ola bilməz və B.Saakyan rejimi keçmiş hakim partiyanın əsl silahlı rezervidir. Ona görə də təkrar deyirik ki, Cənubi Qafqazda da "atlantik küləklər” əsir. O, kimin yelkənini qabardacaq, kimin yelkənini endirəcək, –bunu da zaman  göstərəcək, özü də çox da uzaqda olmayan gələcəkdə...