Cahangir Novruzov ölkədən niyə gedib? (MÜSAHİBƏ)

Cahangir Novruzov ölkədən niyə gedib? (MÜSAHİBƏ)

Azərbaycanda elə bir ailə yoxdur ki, Cahangir Novruzovun çəkildiyi filmləri, oynadığı teletamaşaları izləməsin. Oynadığı hər bir obrazın haqqını verən bir sənətkardır. Mənim uşaq olduğum dövrlər Azərbaycanın qanlı-qadalı illərinə təsadüf edib. Həmin illər ki, Azərbaycan müharibənin vurduğu zərbələrin altından sağ-salamat çıxmağa çalışırdı. Gülmək üçün səbəbimizin olmadığı zamanlarda çəkilən "Bala - başa bəla”, "Ac Həriflər”, "Yaşıl eynəkli adam” kimi teletamaşalar gülmə səbəbimiz olmuşdu. Biz onun obrazlarını izlədikcə güldük. Güldükcə düşündük. Çünki Cahangir Novruzovun yaratdığı obrazlar təkcə gülmək üçün deyildi, həm də zamana, cəmiyyətə ayna tuturdu. "Ordan burdan”dakı Salman bəylə, "Bala - başa bəlada”dakı İzzət Nəfisli obrazları ilə cəmiyyətdəki riyakarlığın, mala-pula hərisliyin insanları hansı nöqtəyə gətirdiyini göstərirdi. Uzun illərdir Türkiyədə yaşayan Xalq artisti Cahangir Novruzovun Azərbaycanda çəkilişlərə qatılacağını eşidəndə hər bir tamaşaçı kimi mən sevindim. Fürsəti əldən verməyib Cahangir Novruzovla sənətə, teatra dair söhbət etdik.

"Azərbaycan teatrı bu gün layiq olduğu yerdə deyil"

- İllər sonra yenidən "Sabah” yaradıcılıq birliyi bərpa edildi. Uzun aradan sonra tamaşaçı sizi ekranda hansı obrazda görəcək?
- "Sabah”yaradıcılıq birliyində axırıncı dəfə "Bəylik dərsi” və "Dəvətnamə” teletamaşalarında tamaşaçı ilə görüşdüm. "Bəylik dərsi” tamaşası üçün xüsusi dəvət almışdım. Baş rol ifa edirdim. Amma "Dəvətnamə” tamaşasındakı rolum kiçik idi. Amma Nəsibə xanım "Rolun böyüyü, kiçiyi olmaz” deyirdi. Mən də işimə bu prinsiplə yanaşmışam həmişə. Hazırda Şərif Qurbanəliyevin "Zəng” teletamaşasının çəkilişləri gedir. Elə indi də qrimdəyəm, çəkilişdən gəlirəm. Əsər çox maraqlıdır. Standart deyil. Mənim üzərimə düşən ağırlıq var. Rolum komediyadan daha çox psixoloji bir roldur. Ona görə də necə alınacağını hələ deyə bilmərəm. İnşallah düşünülən şeyi edə bilərik.

- Cahangir Novruzovun sənət həyatına yaxından bələdik. Bu sənətin arxasındakı düşüncə dünyanızda nələr var?
- Bu sadəcə ailədən gəlmir. Mənim atam kamança ustası olub. Aktyorluğu seçəndə atam mənə dedi ki, "Rejissor artist olacaqsan?” Cavab verdim ki "Bəli”. Dedi: "Lap yaxşı mənim sənin seçiminə böyük hörmətim var. Amma sənə bir nəsihətim və vəsiyyətim var. Artist ol, amma artist xasiyyət olma”. Bu mənim qulağımda sırğa oldu. Yəqin görmüsünüz məktəblərdə təxminən 30-40 santimetrlik kiçik bir səhnə olur. Heç fikir vermisinizmi ki, bir nəfər o səhnəyə çıxanda bir neçə saniyəlik də olsa diqqətlər onun üzərinə cəmlənir. Qəfildən görürsən ki, başqa bir adam, məsəl üçün elektrik, səhvən girir səhnəyə. Bir anlıq ona da diqqət lütf edilir. Bir anlığına tamaşaçı nəfəsini tutur. Əgər sən o anı yaxalayıb davamını gətirə bilərsənsə, iki saat da oynasan tamaşaçı nəfəsini kəsərək, sənə qulaq asacaq. Amma saxtakarlıq edərsənsə, bir az sonra, cəmi iki dəqiqə sonra zalda sənə maraq itəcək və tamaşaçı başlayacaq sağa-sola boylanmağa, söhbət etməyə. Sənətin tilsimi olmalıdır. Səhnəyə çıxan adam yüksəkliyə çıxır. Bütün məbədlərdə - məscidlərdə, kilsələrdə bir yüksəklik var ki, ora çıxıb insanlara müraciət edirlər. O yüksəklik xitab kürsüsüdür və insanlar xitab edənin ağzından çıxanlara diqqət edir.



- Aktyorluq sənəti sanki bir az ucuzlaşıb.
- Ona görə də sənətə gələn sənət üçün seçilən insanlar diqqətlə seçilməlidir. Bu çox əhəmiyyətli bir şeydir. Teatr bir çox yerlərdə dəyişib artıq. Amma teatr məbədliyini, paklığını qorumalıdır. O paklığını qoruduğu zaman müqəddəs kürsüdən deyilən söz insanların beyninə həkk olacaq. Daha zalda oturan tamaşaçı "Yaxşı oynayır. Amma dünən tamadalıq etdiyi toyda içib açarını itirmişdi” deməyəcək. Ona görə də aktyor sənəti əxlaqi bir sənətdir. Sən gənc də olsan, yaşlı da olsan səhnəyə çıxdığın andan artıq insanlara bir şeylər öyrətməyə başlayırsan. Zalda oturan həmin 500 adam da səni dinləyir və evinə gedərkən içində səndən bir şey alıb aparır.

- Necə düşünürsünüz, Azərbaycan teatrı bu gün o paklığını qoruyub saxlaya bilibmi?
- Bunu söyləmək üçün Azərbaycanda yaşamaq lazımdır. Amma bir kəlimə onu deyə bilərəm ki, Azərbaycan teatrı bu gün layiq olduğu yerdə deyil.

- Səbəbi nədə görürsünüz?
- Hər şey təhsildən başlayır. Əgər tanışlıqla, istedadı olmayan adamlar universitetə qəbul edilərsə, nəticə bundan artıq olmaz. Bizim zamanımızda universitetdə tanışlıq söhbəti olmayıb. Mən universitetə qəbul olanda heç kim bilmirdi ki, Nəsibə xanımın oğluyam. Stalinin gözəl bir sözü var: "Kadrlar hər şeyi həll edər”. Düzgün kadrlar seçilməlidir.

- Sizə bu sahədə ehtiyacın olduğu bir zamanda ölkəni tərk etdiniz.
- Mənə ehtiyac olmadığına görə getdim. Mənim bir sözüm var bunu hər yerdə deyirəm: "Sözümün eşidilmədiyi yerdə sözümü yox, yerimi dəyişirəm”. Mənə əmr verəcək bilgidə olmayan adamın əmri altında çalışmaram. Bu mənim nəslimdən gələn prinsipdir. Mən təkcə teatr sahəsində 11 il təhsil almışam. Görün, bu illər ərzində mənə Moskvada, Peterburqda, Azərbaycanda dərs deyən müəllimlərdən nə qədər şey öyrənmişəm. Hələ illərlə qazandığım iş təcrübəsini demirəm. Məsləyimizdə bəsit şeyləri bilməyən insan, sənət haqqında təsəvvürü belə olmayan insan mənə əmr verə bilməz.



- Niyə elə düşünürsünüz ki, sizə ehtiyac yoxdur?
- Mən gedəndən sonra Azərbaycanda neçə film çəkilib? Ramiz Həsənoğludan başqa kim məni dəvət edib filmlərə? Azərbaycanın ən dar günlərində, pulun olmadığı zamanlarda belə Ramiz Həsənoğlu məni dəvət etdi mən gəldim. Kim deyə bilər ki, mən özümü dağ başına qoydum? Heç bir vaxt qonorar söhbəti etməmişəm. Bazarlıq etməmişəm, çünki bilirəm nə var nə yox...

- İnsan 3-5 il yaşadığı evi, məhəlləni dəyişəndə uzun müddət boşluq yaşayır. Ömrünüzün böyük hissəsini Azərbaycanda yaşamışınız. Alışmaq, uyğunlaşmaq nə qədər zamanınızı aldı?
- Təbii ki, incitdi, ağır oldu. Orda tanımırıdlar məni. Bilmirdilər kiməm, nəçiyəm... Zamanla yoluna düşdü. İndi Adana Çukurova universitetinin professoruyam, 200 ə yaxın məzunum var. Hətta "Adanaya güc verənlər" projesində haqqımda kiçik bir kitab da yazılıb və Türkiyə Mədəniyyət Nazirliyinin sifarişi ilə haqqımda "İki dil, bir harmoni" adlı bədii-sənədli film də çəkilib. Hər şey verdiyin əməklə ölçülür.

- Bu gün cəmiyyətdə sizi sarsıdan şeylər nələrdir?
- Bilirsiniz tərbiyə verərkən valideynlər uşaqlarına çox söz deyir. Amma hər şeydən əvvəl uşaq deyiləni yox, icra ediləni görür. Əgər ata-ana bir söz deyib, başqa hərəkət edərsə, uşaq da bir söz deyib, başqa hərəkət edəcək və yalançı, riyakar olacaq. Bizim evdə heç zaman riyakarlıq olmayıb. Nə sənətdə, nə də ailə münasibətlərimizdə. Bəzən, harada olursa olsun, gördüklərimin tərsinə rast gələndə yadırğayıram, təəccüblənirəm. Əxlaqi, mənəvi anlamda şikəst hər nə varsa, mənə qərib gəlir. Çünki bizim evdə mənəvi olaraq şikəst bir şey yox idi. Ona görə də mən mənəvi və əxlaqi şikəstliyi görəndə sarsılıram, qəribsəyirəm. Özəlliklə də bu sənətdə özünü büruzə verdiyində. Çünki hər bir cəmiyyət böyük miqdarda sənətin vasitəsi ilə tərbiyələnir.

- Artıq 20 ildən çoxdur ki, Türkiyədə yaşayırsınız. Film təklifləri gəlirmi?
- Mən hər zaman bir iş görəndə onu düzgün etməyə çalışıram. Türkiyənin öz qanunları var. Hətta orda bir çox rejissorlarla görüşmüşəm təkliflər də almışam. Amma universitetin proqramı ilə tərs düşdüyü üçün çəkilə bilməmişəm. Bir də hər gələn təkliflə razılaşmaq olmaz, mən sənət səviyyəsi doğru yerdə olan insanlarla iş görürəm.



- Bizim kommersiya filmlərinə baxmısınızmı?
- Xeyir, baxmamışam. Niyə baxım ki? Onlara baxmağı özümə rəva bilmirəm. Bir şeyin faydasız və hətta zərərli olduğunu bilmək üçün onu axıra qədər içmək məcburiyyətində deyilsən. Ağıllı adam onun nə olduğunu stəkana süzülərkən iyindən, rəngindən anlamalıdır, sonuna qədər içib özünü zəhərləməyin nə mənası var? Bir insan tərcihlərindən ibarətdir. Nə yiyərsən, nə içərsən, nə görürsən, nə eşidirsən, nə oxuyarsan, kimi dinlərsən sən ona dönüşürsən. Buna görə də mən ümumiyyətlə mənasız kitabları oxumuram, aşağı zövqlü, axmaq filmlərə baxmıram.

- Azərbaycan kinosunda boşluq hiss olunurmu?
- Boşluq təəssüf ki var. Amma Azərbaycanda istedadlı gənc rejissorlar da var. Hə, hamısı yaxşıdırmı? Yox təbii ki. Bəzi filmlərə baxmışam - rejissorluq məsləyinin sirrlərini hələ tam bilmirlər. Sözünün kəsərinə inandığım aktyorlardan gənc rejissorlarla bağlı tez-tez xoş şeylər eşidirəm. Bilirsinizmi aktyorun rejissora verdiyi qiymət çox əhəmiyyətlidir. Teatrlarımızda gələcəyinə ümid bəslədiyim gənc aktyorlarımız var. Bu ümidverici bir hissdir.

- Türkiyədə Azərbaycan mədəniyyəti haqqında məlumat nə dərəcədədir?
- Türkiyədə ciddi sənət adamları Azərbaycan mədəniyyətini kinosunu, teatrını, özəlliklə musiqisini bilir. Siz elə bilməyin ki, Türkiyədə bizimlə bağlı heç nə bilmirlər. Çox gözəl bilirlər. Azərbaycan musiqisini dinləmirlərmi? Heç internetdə bizim yeni və köhnə filmlərlə maraqlanmırlarmı? Əlbəttə maraqlanırlar, baxırlar, dinləyirlər və çox da bəyənirlər.



- Azərbaycanda teatra maraq çox da ürəkaçan deyil. Teatrla tamaşaçı arasındakı bu uçurmu necə bərpa etmək olar?
- Teatr sənətinin öz qayda-qanunu var. Məsələn Türkiyədə gözəl bir qəhvə dükanının yanından keçirsən, ordakı qovurulub, üyüdülən qəhvənin iyinə biganə qala bilmirsən. Girib 100 qram almağa məcbur qalırsan. Elə dükanlar da var ki, gözəl yazılarla reklamı var, amma heç fikir verməyib keçib gedirsən. Məsələ keyfiyyətdədir. Keyfiyyət özü özünü təqdim edir. Təqdimat, yəni reklamı gözəl ola bilər, amma keyfiyyət yoxdursa, bir dəfə daddıqdan sonra maraq öləcək. Bu saat ən bayağı bir işi çox mükəmməl şəkildə reklam etmək olar. Təqdimat, reklam, zamanımızda çox vaxt yalan söylər. Teatrda elə bir yaradıcı mühit yaranmalıdır ki, tamaşaçı, baxdığı tamaşanı, başqalarına israrla tövsiyə etsin. Moskvada teatrların, rejissorların, aktyorların adı eşidilincə aylar öncəsindən biletlər satılıb bitir.

- "Müasir dövrün yaratdığı alışqanlıqlar teatr sənətinə marağı öldürür” demək olarmı?
- Heç bir kino, televiziya, internet dünyada teatrın, canlı aktyorla göz-gözə təmasın yerini verə bilməz. Teatr heç vaxt ölməyəcək. Yalnız insanlıq ölərsə teatr ölər. Çünki səhnədəki canlı nəfəs bambaşqa bir estetik dəyərdir. Azərbaycanda teatrın inkişafı və layiq olduğu səviyyəsinə gəlməsi üçün sanıram aktyor və rejissor sənətlərinin tədrisində reformalar olmalıdır.

Mənbə: bakupost.az
XƏBƏRLƏR
BLOGLAR