Cavid yeni klubu və keçmişi haqda danışdı: “Elə münasibət göstərdilər, sanki uşağam”

Cavid yeni klubu və keçmişi haqda danışdı: “Elə münasibət göstərdilər, sanki uşağam”

Azərbaycanın tanınmış futbolçularından olan Cavid Hüseynov yeni futbol klubu yaradıb. Millimizin sabiq üzvü "Cəbrayıl” Futbol Klubuna rəhbərlik edəcək. Ancaq Hüseynov təkcə klub funksioneri olmaq niyyətində deyil. Bir müddət öncə məşqçi kurslarına qatılan futbolçu gələcəkdə çalışdırıcı kimi də fəaliyyət göstərməyi planlaşdırır.

Qarşıdakı planları ilə bağlı Qaynarinfo-ya müsahibə verən Hüseynov Premyer Liqa, "Qarabağ” və şəxsi karyerası ilə bağlı bir sıra suallarımızı da cavabsız qoymadı. 

- Hazırda nə işlə məşğulsunuz?

- "Cəbrayıl” Futbol Klubunun işləri ilə məşğuluq. 

- Yəqin ki, yeni yaratdığınız klub Bakıda məskunlaşacaq...

- Bəli, hələlik Bakıda məskunlaşacaq. Yaxın illərdə stadion təhvil verilən kimi Cəbrayıla köçəcəyik. Təxminən üç ay əvvəl icra başçısı ilə görüşümüz oldu. Dedi ki, tez bir zamanda təhvil verməyə çalışacağıq. Hələ nə vaxt hazır olacağı tam dəqiq deyil. 

- Klubun qarşısında hansı məqsədlər olacaq? Premyer Liqada oynamağa iddia edəcəksiniz?

-  "Cəbrayıl” Fubol Klubunu yaratmaq mənim arzum idi. Arzumu reallaşdırdım. Bu il Region Liqasında çıxış etmək istəyirik. İnşallah yarış başlayana qədər çatdırarıq. Daha sonra gələcəklə bağlı planlarımız var. Ancaq bu, zaman tələb edəcək. Cəbrayıla köçəndən sonra digər yaş qrupları, akademiya yaratmaq yönündə addımlar atılacaq. 

- Heyəti necə formalaşdırmağı düşünürsünüz?

- Seçim turları olacaq. Əsasən 15-20 yaş aralığında olan gənclərə üstünlük veriləcək. Hansı ki, onları klublar müəyyən çatışmazlıqlarına görə götürmürlər. Həmin futbolçuları inkişaf etdirmək istəyirəm. 7-8 təcrübəli futboçu da dəvət edəcəyik. Bu, vacib amillərdən biridir. 

- Premyer Liqa təcrübəsi olan futbolçuların belə komandalara gəlişi bir qədər çətin olur...

- Bəli, real görünmür. Yenə də istisnalar ola bilər, ürəkləri istəsə, gələrlər. Şükür Allaha hamısı ilə münasibətim var. Bu gün bir çox futbolçular futboldan kənarda qalıb. Arzuları, niyyətləri olarsa, qapılarımız onların üzünə hər zaman açıqdır. Yəqin ki, əsasən Birinci Divizionda oynayanlar müraciət edəcək. 

- Maliyyə, sponsorluq, təşkilatçılıq məsələlərini necə tənzimləyəcəksiniz?

- Sponsorumuz yoxdur. Sadəcə, dostlarım var ki, bu yöndə mənə əl tuturlar. Futbolun içində olmasalar da, onunla alışıb yanan insanlardır. Gələcəkdə yəqin ki, sponsor məsələləri yoluna qoyulacaq. 

- Dəstək olmaq istəyənlər arasında futbolçu dostlarınız var?

- Xeyr, futbolçu deyillər. Məndən yaşca xeyli böyük olan insanlardır. Amma futbolumuza hər zaman dəstəklərini göstəriblər. Özlərinin işləri var. Bununla yanaşı, futbola simpatiya bəsləyirlər, azarkeşlik edirlər. Uzun müddətli dostluqlarımız var. Hər dəfə klub yaratmaq söhbəti ortaya atılanda bunu nə vaxt reallaşdıracağımı soruşurdular. İndi o vaxt bu vaxtdır.

- Öz yaratdığınız klubda məşqçi olmaq və ya futbolçu kimi oynamaq arzunuz var?

- Xeyr, klubun yaradıcısıyamsa, prezidenti olacağam. Amma oynaya və ya məşqçi kimi də fəaliyyət göstərə bilərəm. Bu, hələ tam reallaşmayıb. Yaxın 10 gün ərzində hamısı yerbəyer olacaq. Əsas stadion məsələsidir. AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədovla görüşmüşəm. Fikrimi bəyənib və dəstəkləyəcəklərini deyib. Stadion məsələsi yoluna qoyulandan sonra qalanı öz yerini tapacaq. 

- Bir çox futbolçular karyerasını bitirdikdən sonra klub yaratmaq arzusuna düşür, müəyyən işlər görür. Ancaq sonradan müxtəlif səbəblərdən, əsasən də maliyyə problemlərinə görə həmin klublar uzunömürlü olmur. Bu mənada "Cəbrayıl” Futbol Klubunun perspektivini necə görürsünüz?

- Niyyətimiz, arzumuz daha dərin və genişdir. Hazırda bölgədə yenidənqurma işləri aparılır. Cəbrayılda həmişə idmana böyük maraq olub. Nəyə əsaslanıram? Babam vaxtilə rayonda idman komitəsinin sədri, atam isə güləşçi olub. İdmançıları bütün yarışlara məhz özləri aparıb. Demək istəyirəm ki, bu sahədə tanınan ailə, nəsil olmuşuq. İndi onların yolunu mən davam etdirirəm. Ümidvaram ki, bu yolda bizə heç bir maneə olmayacaq. Düzdür, indi sponsor tapmaq çətindir. İş adamları futbola yatırım etmirlər. Mənim ümidim böyükdür, inanıram ki, klub köklü şəkildə davam edəcək. 

- AFFA-dan daha hansı dəstəyi gözləyirsiniz?

- Exan müəllim dəstək olacağına söz verib. Forma, top və sair ləvazimatlarla, o cümlədən nəqliyyatla bağlı kömək edəcəklər. Yəqin ki, iki-üç gün sonra Elxan Məmmədovla daha bir görüş olacaq və hər şey tam detallı şəkildə müəyyənləşəcək.

- Klub kimi nə vaxtdan etibarən tam şəkildə fəaliyyətə başlamağı düşünürsünüz?

- Oktyabrın ilk həftələrində Region Liqasına start veriləcək. Vaxtımız daralıb. İstəyirik ki, tezliklə seçimlərə başlayaq. Müraciətlər həddindən artıq çoxdur. Dünəndən (srağagündən – M.) feysbukdakı, instaqramdakı səhifələrimdə bu haqda paylaşım etmişəm. Min nəfərdən çox insan müraciət edib. Hamısına ayrılıqda cavab vermək mümkün deyil. Seçimlərin nə zaman, hansı stadionda keçiriləcəyi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Çox uşaq var ki, klublara getsə də, müəyyən səbəblərdən çöldə qalıb. Həmin futbolçulara üstünlük veriləcək. Onların potensiallarını bacardığımız qədər açmağa çalışacağıq. Belə bir söhbət yoxdur ki, birinci ildə mütləq çempion olmalıyıq. Futbolun içində olan adamlar kimi Azərbaycanda bu idman növünə xeyir vermək istəyirik.

- Adətən Azərbaycanda belə layihələrdən qazanc götürmək mümkün deyil. Bunları nəzərə almısınızmı?

- (Gülür) Niyyətimiz qazanc götürmək deyil. Həm arzum yerinə yetirildi. Cəbrayılın futbol klubu olacaq. Həm də uşaqların yetişməsi üçün çalışacağıq. Gələcəkdə akademiyanın da fəaliyyətə başlamasını planlaşdırırıq. 

- İlkin olaraq neçə komanda ilə başlamağı düşünürsünüz?

- Hələ ki, bir komanda ilə başlamağı düşünürük. Stadion amili öz həllini taparsa, sonradan digər yaş qrupları da formalaşdırılacaq. İstərdik ki, bu ad altında bütün yaş qruplarımız yarışlarda iştirak etsin.

- Məşqçilik kurslarında oxuyurdunuz, bitirdiniz?

- Bilirsiniz ki, yığma üzvlərinə avtomatik olaraq "C” kateqoriyası verilir. Kurslarda təcrübə artırmaq üçün iştirak etdim. Futbolçu olmaq və məşqçilik fərqli işlərdir. Məşqçi kimi çalışmaq niyyətim də var və bu istiqamətdə davam edirəm. Yaxın günlərdə "B” kateqoriyası üzrə kurslara başlayacağam.

- Klub yaratmamışdan əvvəl məşqçi kimi çalışmaq fikriniz və təklifləriniz var idi?

- Yalnız "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov köməkçi kimi çalışmağı təklif etmişdi. Sonradan nə oldusa, hansı problemlər çıxdısa, alınmadı. 

- Məşqçiliyə uşaq komandalarından, yoxsa Premyer Liqadan başlamağı düşünürsünüz?

- Köməkçi məşqçi kimi başlamaq da mənə uyğun olardı. Futbolçular arasında məni də tanıyırlar. 19, lap 16 yaşlı futbolçularla da çalışmaq mümkün idi. Ancaq hələ təklif yoxdur.

- AFFA-dan yığmalarda işləməklə bağlı təklif gözləyirsiniz?

- Buna ancaq sevinə bilərəm. Fikrimi də məhz bu yöndə cəmləşdirmişəm. Kateqoriyanı alıb evə atmaq istəmirəm. Gələcəkdə bu baxımdan addımlar atmaq istəyirəm və təkliflər gözləyirəm.

- Artıq karyeranızı tamamilə bitirdiyinizi elan etmək olar?

- Bəli, bitirmişəm. Heç bir klubdan təklif yoxdursa, bu, artıq karyeramı bitirməyim anlamına gəlir.

- Bəs oynamaqla bağlı təklif gəlsə necə?

- İnanmıram ki, indən belə təklif göndərsinlər. Olarsa, məşqçilik məsələlərini bir qədər gecikdirməyim mümkündür. Yaxud futbol oynaya-oynaya məşqçilik kurslarında oxuya bilərəm.

- Daxilinizdə oynamaq istəyi qalıb?

- Əlbəttə var. Amma bu gün çempionata baxanda, həqiqətən də pis oluram, ürəyim ağrıyır. Çünki elə bir oyun göstərmirlər ki, məndən güclü olduqlarını deyim... Belə mövzulara toxunmaq, kiminsə xətrinə dəymək istəmirəm. 

- İstənilən halda sizin kimi təcrübəli, millidə uzun müddət oynamış futbolçuya təkliflərin olmaması bir qədər qəribədir...

- Elədir, çempionata baxıram, mənim mövqeyimdə oynayan futbolçuların hansından zəifəm? "Qarabağ”ı nəzərdə tutmuram. Lakin digər klubların orta sahə oyunçularına baxanda, deyə bilərəm ki, bu gün yalnız Emin Mahmudov yaxşı formadadır. Qalanları eyni səviyyədədir. Heç biri də məndən güclü deyil. Yaş amilini nəzərdə tuturlarsa...

- Özünüzü "qoca” hesab edirsiniz?

- İnsanı qocaldan elə ona kənardan göstərilən münasibətdir. Sənə "qoca” gözü ilə baxılırsa, istər-istəməz gözlənilən effekti verməyəcəksən. Necə ki, son 3-4 ildə başıma belə hadisə gəldi. Mən də gözlədiyim münasibəti görmədiyim üçün istənilən effekti verə bilmədim. Elə münasibət göstərdilər, sanki Cavid 15-16 yaşlı uşaqdır. Birinci dəfə deyil ki, ayağıma top dəyir. Sadəcə inanmaq lazımdır. Elə insan deyiləm ki, maaşımı alım, əlimi qulağımın dibinə qoyub oturum. Elə bəlkə də bu etirazıma görə hazırda klubsuzam. Oynamaq istəyirdim, ehtiyatda qalmaq niyyətim yox idi. Ömür boyu bütün klublarda məşqçilərlə açıq söhbətlərim olub. İstəmişəm ki, bir mövqedə iki, üç futbolçu olsun, rəqabət aparım. Mövqeyimə futbolçu gətirmək istəyəndə, razılaşmışam, demişəm ki, kim güclüdür, o da oynasın. Amma başqa söhbətlər, yanaşmalar olmasın. Bu mənə yer edir. Haqsızlığa dözə bilmərəm, ürəyim partlayar. Çox haqsızlıq görmüşəm. Şükür Allaha ki, bu yaşa qədər oynadım. İndiki durum bir neçə il əvvəl yaransaydı, bəlkə də 27-28 yaşımda karyeramı bitirərdim. Məşqlərdə birəbir mübarizələr olur. Elə mübarizə apardığım vaxtlar olub ki, qarşımdakı 20-25 yaşlı futbolçu "qaytarıb”. Hansı ki, belə məşqlər fiziki güc tələb edir və futbolçular iki dəqiqə ərzində durmadan bir-birini aldadır. Mənim gücüm genimdən gəlir. Bu anadangəlmədir. O gücü artırmaq üçün futbolçuya inam lazımdır. Mənə elə münasibət göstərə bilərsən ki, sənə görə meydançanın otunu da yeyərəm. Əsas və önəmli olan yanaşmadır.

- İndiyəcən ən yaxşı münasibəti oynadığınız hansı klubda görmüsünüz?

- Bu suala cavab verə bilməyəcəm... 

- "Qarabağ” Konfrans Liqasında ilk matçını keçirdi. Komandanın qrup mərhələsindəki perspektivi barədə nə düşünürsünüz?

- Oyuna baxdım, çox xoşuma gəldi. Əla oyun göstərdilər. Bilmirəm necə bənzətmə verim ki, yaxşı çıxsın. Hücuma fişəng kimi atılırdılar. "Bazel”dən hərtərəfli üstün idilər. Bu onun göstəricisidir ki, "Qarabağ” qrupda ən azı "Bazel”dən üstündür. 

- Oyuna qədər favorit kimi məhz "Bazel”i göstərirdilər. İndi necə, mövqelər dəyişibmi?

- Qrupun favoriti "Qarabağ”dır. Bunu futbolçuların yanaşmalarına əsaslanıb deyirəm. Bir futbolçu görmədim ki, "axsasın”. Gəncindən yaşlısına, yerlisindən legionerinə kimi hamısı bir nöqtəyə vururdu. Bir-birilərini çox gözəl başa düşürdülər. Qurban Qurbanov da demişdi ki, komanda bir-birini çox gözəl başa düşdüyü üçün cəmi iki əvəzləmə edib. Həqiqətən bu görünürdü. Sonuncu dəfə futboldan nə vaxt belə ləzzət aldığım yadıma gəlmir. 

- "Qarabağ”ın indiki heyətini, o vaxt Çempionlar Liqasında oynamış kollektivlə müqayisə edənlər var. Siz necə düşünürsünüz, hansı daha güclüdür?

- Qrupu yaxşı nəticə ilə başa vursalar, o zaman güclü saymaq olar. Amma tələsmək lazım deyil. Çünki bir oyun keçiriblər.

- Azərbaycan Premyer Liqasında artıq üç tur geridə qalıb. Nəsə fərqlilik hiss olunur?

- Bəli izləyirəm. Elə də böyük dəyişiklik yoxdur.

- Karyeranızın çox hissəsini heyətində keçirdiyiniz "Qəbələ” bu mövsüm medalçılar sırasına düşə bilər?

- Bu tempi saxlasalar, yer uğrunda rahat oynaya bilərlər. Amma çox çətindir. Mövsüm uzundur, təlim-məşq toplanışı məsələsi var. Fasilələr olacaq yəqin ki. Belə deyim, aşağı-yuxarı bütün komandaların gücləri eyni olduğu üçün, nəticə verə bilərlər.  

- Bu mövsüm üçün proqnozlarınız necədir, "Neftçi”, "Qarabağ”, yoxsa başqa klub?

- Həmişə bu sualdan qaçmışam. Amma bu dəfə üstünlüyü "Qarabağ”a verirəm. İnşallah "Neftçi” də toparlanar. Futbolumuzda mübarizə olsun. Mübarizəsiz inkişaf etmək mümkün deyil. Məqsədli şəkildə, yer uğrunda oynayan klublarımızın sayı artmalıdır. Maliyyə şərtləri daha yaxşı olmalıdır ki, inkişaf görək. 

Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X