Video 16:33 30.10.2020

CBC-nin Tərtərdə olan müxbiri Azərbaycan Milli Qəhrəmanından danışdı (VİDEO)

CBC-nin müxbiri Elmira Musazadə Tərtər sakini olmuş Milli Qəhrəman Vəzir Orucovla bağlı paylaşım edib.

O, "Facebook” hesabından paylaşdığı videoda qeyd edir:

"Yəqin ki, hər kəs Aleksandr Nevzorovun Vəzir Orucovu ən cəsarətli adam adlandırması ilə bağlı çıxışını xatırlayır.

O, döyüş meydanının ən qızğın yerindən yaralıları çıxaran adamdır.

Vəzir Tərtərdə doğulub böyüyüb, Tərtər batalyonunda vuruşub, Sərsəng uğrunda döyüşlərdə iştirak edib və 1993-cü ildə Ağdərə uğrunda döyüşlərdə şəhid olub.

Bu gün onun doğma vətəni Tərtər döyüş mərkəzidir.

Müharibə müddətində Tərtərə təxminən 16 min mərmi atılıb!

Təkcə top yox, həm də raket mərmiləri. Gəncə və Bərdənin timsalında onların hansı dağıntıları törətdiklərini gördük.

Buna baxmayaraq, Tərtər bütün hücumların öhdəsindən qəhrəmanlıqla gəlir. Onu Azərbaycanın Stalinqradı, qəhrəman şəhər adlandırmaq olar.

Eləcə də bu rayonun sakinləri qəhrəmandırlar.

Buradakı atəş səslərinin səngiməməsinə baxmayaraq, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun abidəsi hər gün təzə çiçəklərlə bəzənir”.