Coğrafi cəhətdən demokratik Avropya ən yaxın, amma mahiyyətcə ondan ən uzaq bir ölkədə - Belarusda dünən "prezident seçkiləri” oldu.
"Seçki”də indiki prezident Aleksandr Lukaşenko da iştirak edirdi. Bəli, o da yeddinci dəfə prezident olmağa qərar vermişdi!
Axı başqa cür necə ola bilərdi? Sevimli Belarusunu başqa kimə etibar edə bilərdi?
Axı Belarus qadınları hər il prezident ola biləcək oğullar doğmurlar, belələri yüz ildə, ən yaxşı haldasa, əlli ildə bircə dəfə doğulurlar, özü də kütləvi şəkildə yox, cəmi bircə nüsxə!
Sonradan bəzi xalqlar bir az da irəli gedərək bu nüsxəni əsas götürüb ondan törəmələri özlərinə lider edirlər və bir daha "özümüzə kimi prezident edək” kimi əcaib-qəraib suallar üzərində baş sındırmırlar – qoy, dörd ildən bir yankilər özlərinə bu iztirabları yaşatsınlar, belarusların nəyinə lazımdır bunlar? Hələ onu demiırəm ki, yankilərin də seçdiyini hamı görür: məgər o, Lukaşenkodan çox ağıllıdır? Onu da özbaşına qoysan, yeddi nədir, lap səkkiz dəfə də prezident olmaq keçər könlündən...
Qərəz, yazılanlara görə, faktiki olaraq bir neçə gündür davam edən seçkilər o qədər "demokratik” və gərgin olub ki, dünyanın bütün seçki texnoloqları bir sual üzərində - kimin prezident olacağı sualı üzərində xeyli fikirləşəndən sonra hamısı kəskin intellektual - əsəbi yorğunluq diaqnozu ilə nevropatoloqa müraciət ediblər!
Görəndə ki, siyasi təhlilçilərdən və seçki texnoloqlarından bir şey çıxmadı, meydanı veriblər süni-intellekt əhlinə, super-kompüterlərə ki, bəlkə onlar dediyim suala cavab tapa bildilər, amma onlar da bir xeyli bu sual üzərində baş sındırandan sonra hamısının prosessoru başlayıb tüstüləməyə...
Bir sözlə, indi hər şey qalıb dədə-baba üsulu ilə, yəni barmaq hesabı ilə işlərin yekunlaşmasına: az qala, cəmi Belarus əhli, daha doğrusu, indiki prezident Laukaşenkonu sevənlər səfərbər olublar ki, axır müəyyən etsinlər - onların sevimlisi neçə faiz səs toplayıb? Belədə isə kimsənin şübəhəsi yoxdur ki, onların sevimli prezidenti bütün digər namizədlərin birlikdə topladığından yeddi dəfə nədir, lap yetmiş dəfə çox səs toplayıb!
Doğrusu, mən də şanlı millətimizin dostu Lukaşenkonun qələbəsinə o qədər inanıram ki, qəti xəbərləri izləmədim. Bircə detal beynimə həkk oldu ki, seçki komissiyalarının üzvlərinin adı məxfi saxlanır! Bəs necə? Başqa cür olarmı? Axı onlar mühüm dövlət tapşırığını – A.Lukaşenkonu yeddinci dəfə prezident etmək kimi bir tapşırığı yerinə yetirirlər!..
Burada Belarusdakı ötən "prezident seçkiləri”ndən yadımda qalan bir detalı deyim: seçki saxtakarlığını ört-basdır etmək üçün ölkədə düz üç gün interneti kəsmişdilər, - bəli, düz üç gün ölkədə internet olmamışdı!..
Mən buna qəti təəccülənmirəm. Lazım gəlsə, nəinki interneti, hətta başqa şeyləri və yerləri də kəsərlər! Niyə də yox? Söhbət mühüm dövlət işindən və tapşırığından gedir...
Odur ki, çox baş aparmayaq, çünki bu siyasət deyilən məsələyə çox baş aparanın gec-tez başı bədəninə ağır gəlir. Həm də rəhmətlik xanəndəmiz Teymur əmi bir dəfə gözəl söz demişdi. Söyləmişdi ki, dünyada üç şeyə - Allahın işinə, siyasətə və bir də qadınların işinə qarışmıram...
Buna görə də yazını az qala yarı edəndən sonra keçək mətləbə, ən azı ona görə ki, mən bunun başlığına aydınlıq gətirməliyəm, ya yox?
Qərəz, hündür binalardan, xüsusən də göydələnlərdən heç vaxt xoşum gəlməyib, ona görə ki, adam başını qaldırıb onlara baxanda müvazinətini itirir. Amma böyük supermarketləri, şadlıq saraylarının-restoranları seyr etməyi sevirəm, onlardakı bolluq, səliqə-səhman, hətta təmtəraq ürəyimi açır.
Gəl, onları sevsəm də, onları özümünkü, ən başlıcası isə özümü onlarınkı hesab etmirəm.
Tüstülü "pivnoy”ların, xırda-xuruş kafelərin, xırda-mırda mağazaların, nə bilim, kiçik dönərxanaların, cızbızxanaların daxili və xarici durumu məndə böyük simpatiya yaratmasa da, yenə də özümü onlarla eyni sosial sinifdən hesab edirəm – fikirləşirəm bunlar kiçik burjuaziyadır, bizlərsə onlara yaxın kiçik burjuaziya ziyalıları...
Ola bilsin, kimsə bununla razılaşmayacaq, deyəcək ki, yox, ən azı biz ziyalılar elə keçmiş lümpen proletariatlarıq!
Yox, gəlin özümüzü çox da kiçiltməyək, vay-şivən də qopratmayaq, Marksın dediyi proletariat daha heç yerdə yoxdur, indi ən aşağı sosial təbəqəyə aid olanların belə zəncirlərindən savayı itirməyə nəyisə var...
Hələ sovetin vaxtında akademik A.Saxarov bunu deyirmiş. Kişi söyləyirmiş ki, ay ideoloqlar, "sosialist”–kommunist düşərgəsindən başqa heç yerdə daha proletariat yoxdur, onları da biz süni şəkildə davam etdiririk, bütün dünyada siyasi-sosial proseslərin hərəkətverici qüvvəsi tələbələrdir, ziyalılardır və bir də kiçik burjuaziyadır...
İndi bildiniz niyə kiçik burjuaziyaya simpatiyam var? Çünki onlar da daim siyasi, sosial, iqtisadi, hətta hüquqi diskomfort hiss edirlər. Daim özlərini qorumaq məcburiyyətindədirlər.
Böyük burjuaziya belə deyil, o, hər yerdə hər şeyi ələ keçirəndən sonra kef içində hökm sürür. Məmin üçün böyük burjuaziya böyük totalitar dövlət maşını kimidir – sonuncunu total dövlət maşınını sovetin vaxtında görmüşdüm, elə böyük burjuaziyanın da caynaqlarını sovetin vaxtında hiss etmişdim, amma ədəbiyyatdan.
Yəqin, Cek Londonun "Dəmir daban”ı yadınızdadır. Bədii məziyyətlərini deyə bilmərəm, amma digər cəhətlərinə görə möhtəşəm əsərdir və neçə illər bundan əvvəl rusiyalı solçular özləri etiraf etdilər ki, inhisarçı-monopolist böyük kapital ideyası Lenindən əvvəl bəzi yazıçıların ağlına gəlib və onlar bunu irəlicədən görüblər.
Amma "kiçik burjuaziya” ilə bağlı daha bir detal da olub mənim həyatımda. Yenə də sovetin vaxtı idi. Böyük bacı-qardaşların bir hissəsi humanitar profilli ixtisaslara hazırlaşdıqlarından evimiz ədəbiyyata aid kitablarla dolu idi.
Çoxusunu da mən oxuyurdum. Onda, məsələn, "Ümumi dilçilik”, "Sovet xalqlarının ədəbiyyatı”, nə bilim, "Azərbaycan ədəbiyyatı tarixi” və s. kitabları oxumuşdum. İndi onların hamısının müəllifini və hətta dəqiq adlarını da unutmuşam. Amma, inanırsınız, bu kitabları oxuduğuma peşman deyiləm. Məsələn, "Sovet xalqlarının ədəbiyyatından” qazax yazıçıları Abay Kunanbayev, Muxtar Auezov haqda oxumuşdum. İndiki kimi yazımdadır ki, Moskvada bir qazax tələbə yoldaşıma Abay, Muxtar Auezov haqqında bir-iki kəlmə deyəndə gördüm bədbəxtin gözləri dolub! Mənə dedi, inana bilmirəm ki, Azərbaycanda hansısa bir gənc Abayı, Muxtar Auezovu tanıyır.
Amma "kiçik burjuaziya” ilə bağlı ən əsas təəssüratımsa indi deyəcəyimdir. Azərbaycan ədəbiyyatının tarixinə aid kitablardan birində səhifənin aşağısında yazmışdılar: Hüseyn Cavid – kiçik burjua şairi...
O vaxt mən, əlbəttə, Cavidi müəyyən qədər tanıyırdım. Amma bu təqdimat daha ciddi tanışlığın əsasını qoydu. Ən maraqlısı, bilirsiniz, nədir? Rejimin buyuruqlarını yerinə yetirən müəllif bəlkə də düşünmüşdü ki, Cavidi, necə deyər, ən aşağı sosial pillələrdən birində yerləşdirib! Axı onda hətta Mirzə Cəlilə, Sabirə də inqilabçı-demokratlar deyirdilər!
Amma işin tərsliyindən o müəllif istəmədən belə Hüseyn Cavidi həqiqətən də çox layiqli bir pillədə - kiçik burjua yazıçısı kimi təsnif etmişdi.
Bəli, məhz o kiçik burjua ki, bütün dünyada əsl azadlığın və demokratiyanın hərəkətverici qüvvəsi hesab olunur. Hətta o yerdə ki, demokratiya yoxdur, deyirlər ki, yəqin hələ orada kiçik burjua inqilabı olmayıb!
Odur ki, kimsə mənə də kiçik burjua yazarı desəydi, buna yalnız sevinərdim, çünki nə monopolist böyük burjua, nə də totalitar dövlət maşını mənlik deyil.
Hüseynbala Səlimov
Şərhlər